Dustaqlara telefon verən nəzarətçi cinayət məsuliyyətinə cəlb edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakı İstintaq Təcridxanasında saxlanılan dustaqlara nəzarət edən Elşad
Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.
“Qafqazinfo”nun məlumatına görə, E.Məmmədov dustaqlara təcridxanaya telefon
keçirməkdə köməklik etməkdə və onların ailə üzvlərindən rüşvət almaqda ittiham
edilir.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. İttiham aktında
deyilir ki, R.Məmmədov Bakı İstintaq Təcridxanasında nəzarətçi işlədiyi
müddətdə istifadəsi qadağan edilən telefonları yoxlamadan kənar olaraq cəza
çəkən şəxslərə verib.
O, qulluq mənafeyindən sui-istifadə edərək dustaqlara müxtəlif markalı mobil
telefonlar və mobil operatorlardan birinə aid nömrə verib. Təcridxanada
axtarışlar aparılana qədər orada saxlanılan şəxslər bu mobil telefon və
nömrələrdən istifadə edib.
İttihamda qeyd edilir ki, E. Məmmədov xidmətlərinin qarşılığında dustaqların
yaxınlarından rüşvət alıb. Onun şəxsi bank kartına müxtəlif zamanlarda
ümumilikdə 416 manat rüşvət qismində pul göndərilib.
Qeyd edilən əməllərə görə, E. Məmmədova Cinayət Məcəlləsinin 308.1 (vəzifə
səlahiyyətlərindən sui-istifadə), 317-1.2 (cəzaçəkmə müəssisələrində və ya
istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların
verilməsi və ya ötürülməsi – Eyni əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən
istifadə etməklə törədildikdə) və 311.3.2-ci (rüşvət alma-təkrar törədildikdə)
maddələri üzrə ittiham elan edilib.
Məmmədov ittihama münasibətdə özünü qismən təqsirli bildiyini, əməlindən
peşman olduğunu deyib. O, rüşvət alması ilə bağlı ittihamı qəbul etməyib:
”Mənim kartıma atılan pullar özümündür, heç kim rüşvət verməyib. Təcridxanada
cəza çəkən şəxslərə siqaret, yağ və başqa lazımı şeyləri alıb verirdim.
Yaxınları da aldığım şeylərin pulunu kartıma göndərirdilər”.
Proses fevralın 12-i davam edəcək.
Qeyd edək ki, təqsirləndirilən E.Məmmədov həbsdə deyil. Onun haqda istintaq
dövrü müddətində alternativ qətimkan tədbiri seçilib.