DYP Azərbaycan-Avstriya oyunu ilə bağlı azarkeşlərə müraciət edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Oktyabrın 16-da azarkeşlər Azərbaycan-Avstriya matçının keçiriləcəyi stadiona
gələrkən əsasən ictimai nəqliyyata üstünlük versinlər”.
Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz
Əsgərli bildirib.
A.Əsgərli xatırladıb ki, oktyabrın 16-da AVRO-2024-ün seçmə mərhələsində
Azərbaycanın futbol üzrə milli komandası Avstriya yığması ilə Bakıda, Tofiq
Bəhramov adına Respublika stadionunda, saat 20:00-da qarşılaşacaq.
DYP rəsmisi qeyd edib ki, Tofiq Bəhramov adına Respublika stadionu ictimai
nəqliyyat üçün əlverişlidir: “Ərazidə metronun “Gənclik” stansiyasının olması,
avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat
ehtiyaclarını ödəyir. Komandamızın oyununa baxmağa gələn paytaxt sakinlərindən,
azarkeşlərdən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan
istifadə etsinlər.
Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin
ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər. Bu isə zərurət
yarandığı təqdirdə Tofiq Bəhramov adına Respublika stadionuna paralel və
kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti
bağlanmasına zərurət yarada bilər. Bir daha azarkeşlərdən əsasən ictimai
nəqliyyata üstünlük verməyi və oyunun keçirildiyi əraziyə bir saat əvvəldən
gəlməyi tövsiyə edirik”.