ceb556fb-cc3d-4e80-b227-6538b8a61f61..jpg

DYP-dən təhlükəsizlik kəməri ilə bağlı sürücülərə ÇAĞIRIŞ

Baxış sayı: 695 dəfə baxılıb.

DYP-dən təhlükəsizlik kəməri ilə bağlı sürücülərə ÇAĞIRIŞ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi təhlükəsizlik kəməri
ilə bağlı müraciət edib.

Cixisyolu.com xəbər verir ki, müraciətdə deyilir:

“Təhlükəsizlik kəməri bizi həyata bağlayan bağdır. Müasir avtomobillər uzun
inkişaf yolu keçsə də, passiv təhlükəsizlik sisteminə aid olan təhlükəsizlik
kəməri bu gün də sürücü və sərnişinləri qoruyan əsas vasitələrdən biridir.
Dəfələrlə təsdiq olunub ki, yol-nəqliyyat hadisələrində təhlükəsizlik
kəmərindən istifadə edən sürücü və ya sərnişinlər kəmərdən istifadə etməyənlərə
nisbətən daha yüngül xəsarət alır. Bir çox hallarda isə onlar məhz kəməri
bağladıqları üçün sağ qalır.

Təəssüflə qeyd etməliyik ki, 2023-cü il ərzində yol-nəqliyyat hadisələrində
həlak olan sürücü və sərnişinlərin 32,1 faizi, yaralananların isə 31 faizi
təhlükəsizlik kəmərini bağlamayan şəxslər olublar.

Qanunvericiliyin tələbinə əsasən, bir neçə hal istisna olmaqla sürücü və
sərnişinlər avtomobildə təhlükəsizlik kəmərini bağlamalıdır. Bununla yanaşı,
sürücü hərəkətə başlamazdan əvvəl avtomobildə olan sərnişinlərin təhlükəsizlik
kəmərlərini bağlamalarını təmin etməlidir. Yəni, ən azından sürücü bu barədə
sərnişinlərə xəbərdarlıq etməlidir.

Hərəkət vaxtı sərnişinlərinin təhlükəsizlik kəmərlərini bağlamalarına nail
olan sürücü, həm qanunun tələbini yerinə yetirir, həm də gələcəkdə özü üçün
yarana biləcək hüquqi problemlərin qarşısını alır. Sərnişinlər də təhlükəsizlik
kəmərini bağlamaqla özlərinin həyat və sağlamlıqlarını, sürücüləri isə hüquqi
məsuliyyətdən sığortalamış olurlar.

Unutmayaq ki, təhlükəsizlik kəməri avtomobildə hərəkət zamanı bizi həyata
bağlayan bağdır”.

Source link