5903edb8-aaf9-4c06-b5e2-62b956d3576d..jpg

Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür

Baxış sayı: 629 dəfə baxılıb.

Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan yazıçısı və dramaturqu Əbdürrəhim bəy Haqverdiyevin doğum
günüdür.

Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev 17 may 1870-ci ildə Yelizavetpol
quberniyasının Ağbulaq kəndində (Şuşa) anadan olub. Azərbaycan ədəbiyyatının
klassiki hesab olunan Əbdürrəhim bəy Haqverdiyev Birinci Rus Dumasının
Azərbaycandan deputatı, Gürcüstan Parlamentinin deputatı, “Leyli və Məcnun”
operasının premyerasında ilk dirijor, Teatr Şurasının təsisçisi və birinci
rəhbəri, Yazıçılar İttifaqının üzvü, “Molla Nəsrəddin” jurnalının yazarlarından
biri olub.

Ə.Haqverdiyev ibtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay
məktəbində, sonra Şuşa real məktəbində alıb. Tiflis real məktəbini bitirəndən
sonra Sankt-Peterburq Yol Mühəndisləri Universitetində təhsilini davam etdirib.
Tələbəlik dövrü azad müdavim kimi universitetin şərq fakültəsinin dinləyicisi
olub. Həmin dövrdə onda ədəbiyyata güclü maraq oyanıb və “Yeyərsən qaz ətini,
görərsən ləzzətini” (1892) və “Dağılan ittifaq” (1896) əsərlərini yazıb.
“Dağılan ittifaq” əsəri 1899-cu ildə Peterburqda nəşr edilib.

Ə.Haqverdiyev ali təhsil alıb Şuşaya qayıtdıqdan sonra burada tamaşalar təşkil
edib. 1902-1903-cü illərdə Bakıda onun rəhbərliyi ilə Şərq konsertləri verilib.
Burada ilk hekayələri olan “Ata və oğul”, “Ayın şahidliyi” əsərlərini yazıb,
“İki hekayət” adı ilə çap etdirib.

Yazıçı 1905-ci il inqilabından sonra Rusiya Dövlət Dumasına Gəncə
quberniyasından nümayəndə seçilib və buna görə, Peterburqa gedib. O,
Azərbaycanın birinci diplomatlarından hesab olunur. Çalışdığı şəhərdə dövlət
kitabxanasında yeni əsəri olan “Ağa Məhəmməd şah Qacar” üçün materiallar
toplayıb, İrana – Mazandaran vilayətinə səyahət edib. “Leyli və Məcnun” operası
1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi
xor və orkestri, tamaşanı idarə edib. “Nicat” cəmiyyətində və Kür-Xəzər
gəmiçiliyi idarəsində işlədiyi dövrdə Zaqafqaziyanı, Dağıstanı, Orta Asiyanı və
Volqaboyunu səyahət edərək, “Ceyranəli”, “Xortdan”, “Həkimi-nuni-səqir”,
“Lağlağı”, “Mozalan”, “Süpürgəsaqqal” və s. imzalarla “Molla Nəsrəddin”
jurnalında hekayə, felyeton çap etdirib.

O, Həştərxanda yaşadığı müddətdə şəhərin mədəni-ictimai həyatında ciddi
çalışıb. Sonra Ağdama köçüb və orada yaşayıb. Tiflisdə “Şəhərlər ittifaqının
Qafqaz şöbəsi xəbərləri” adlı aylıq məcmuənin müdiri olub (1916-1917), fevral
inqilabından sonra Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv
seçilib (1917). Həmin ilin martında Borçalı qəzasına müvəkkil təyin olunub
(1918).

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonda dövlət teatrlarına müfəttiş
təyin olunub. Azərbaycan milli teatrının yaranmasının 50 illiyi münasibətilə
keçirilən yubileyə başçılıq edib. Azərbaycan Dövlət Universitetində
ədəbiyyatdan mühazirələr oxuyub və elmi kadrların hazırlanmasında iştirak edib.
Burada yerli komitənin sədri (1922), Azərbaycanı tədqiq və təbliğ cəmiyyətinin
sədr müavini və sonra sədri (1923-1925) olub. Bu, ilk elmi-tədqiqat müəssisəsi
idi. Bakıda çağırılan birinci Azərbaycan ölkəşünaslıq qurultayının nümayəndəsi
kimi fəal çalışıb (1924).

Bunlardan başqa ədib Şekspirin “Hamlet”, Şillerin “Qaçaqlar”, Volterin “Soltan
Osman”, Zolyanın “Qazmaçılar”, Andersenin “Bülbül”, “Şahın təzə libası”,
Lanskoyun “Qəzəvat”, Çirikovun “Yəhudilər”, Korolenkonun “Qoca zəng çalan”
əsərlərini də tərcümə edib.

Ə.Haqverdiyev 1931-1932-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının məsul
katibi seçilib. Azərbaycan Xalq Komissarlar Şurasının 6 fevral 1929-cu il
tarixli qərarı ilə “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adına,
1933-cü ildə isə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Fəxri Fərmanına layiq
görülüb. Onun əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.

Klassik 1933-cü il dekabrın 12-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn
olunub.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211
nömrəli Qərarı ilə Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan Respublikasında
əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil olunub.

Source link