2f479c74-aed7-46f5-a559-94381903a317..jpg

Əcnəbi turistlər Azərbaycanda hansı tibbi xidmətlər ala bilərlər? – ARAŞDIRMA

Baxış sayı: 676 dəfə baxılıb.

Əcnəbi turistlər Azərbaycanda hansı tibbi xidmətlər ala bilərlər? – ARAŞDIRMA

Azərbaycanda turizmin digər sahələri kimi tibbi turizmin də inkişafı
istiqamətində bir sıra addımlar atılmaqdadır. Belə ki, sağlamlıq turizmi
sahəsində illərə söykənən ənənələri olan ölkəmizdə digər sahələrdə də qonaq
qəbuluna hazırlıq gedir.

Bir neçə gün öncə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və
“Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” (ATAA) İctimai Birliyinin
üzvləri arasında görüş keçirilib.

Aparılan müzakirələri “Report”a şərh edən ATAA İdarə Heyətinin sədri Göydəniz
Qəhrəmanov hesab edir ki, Azərbaycanda tibbi turizmin potensialı böyükdür:

“Bəzən insanlar tibbi turizmlə sağlamlıq turizmini qarışdırır. Əslində isə
onlar fərqlidir. Belə ki, tibbi turizmdə əsasən “check-up” paketləri və hansısa
əməliyyatlar nəzərdə tutulur.

Əslində TƏBİB-in niyyəti odur ki, bu xidmətləri xarici vətəndaşlar üçün də
həyata keçirsinlər. Çünki Azərbaycandakı dövlət xəstəxanaları ancaq yerli
vətəndaşlar üçün bu xidmətləri təklif edir. Hazırda ölkədə bəzi özəl
xəstəxanalar bu xidməti əcnəbilər üçün təşkil edir. TƏBİB də istəyir ki, bir
neçə dövlət xəstəxanası da bu işi xaricilər üçün təşkil etsin. Turizm
şirkətlərindən istədikləri budur ki, ölkəyə tibbi xidmətlər almaq məqsədi ilə
gələnləri həmin xəstəxanalara yönəltsinlər.

Bu praktika xarici ölkələrdə geniş yayılıb. Məsələn, Türkiyədə elə turizm
şirkətləri var ki, onlar sırf tibbi turizmlə məşğul olurlar. Onlardan başqa
turizm xidmətləri istədikdə belə almaq mümkün deyil. Belə turizm şirkətlərinin
xəstəxanalarla müqavilələri olur və onlar “check-up” ilə yanaşı əməliyyatlar da
həyata keçirirlər. Biz də oxşar təcrübəni Azərbaycanda reallaşdırmağa
çalışacağıq”.

ATAA rəsmisi ölkəmizdə cəlbedicilik potensialı olan tibbi xidmətlərin
sahəsinin getdikcə genişləndiyini qeyd edib:

“Azərbaycan əsasən stomatoloji xidmətlərdən yararlananlar, plastik cərrahiyyə
əməliyyatları etdirənlər və saç əkdirmək istəyənlər arasında məşhurdur. Yenə də
Türkiyə misalını göstərmək istəyirəm. Antalya bölgəsi stomatoloji və başqa bu
kimi tibbi turizm xidmətlərinə görə məşhurdur.

Ölkəmizə də bu xidmətlərdən istifadə etmək üçün gələnlər var. Apardığımız
monitorinqlərə görə, əsasən xaricdə yaşayan azərbaycanlılardır ki, onlar
yaşadıqları Kanada, ABŞ kimi ölkələrdən Azərbaycana qayıdaraq stomatoloji
xidmətlərindən istifadə edirlər. Qiymətlərə görə Azərbaycanda dişlərin
müalicəsi həmin ölkələrdən ən azı beş dəfə ucuz başa gəlir.

Məncə potensial olaraq Asiya ölkələrindən, xüsusən də Qazaxıstan, Özbəkistan
və Qırğızıstan vətəndaşlarının Azərbaycana müalicə üçün gəlmələri mümkündür.
Hazırda onlar müalicə və müayinə üçün xaricə gedir. Çünki onlarda səhiyyə
sektoru indi-indi formalaşmağa başlayıb. Amma biz bu məsələdə onlardan bir
qədər öndəyik. Həmçinin MDB regionundan olan digər ölkələrdən də tibbi turizm
üzrə turist cəlb edə bilərik. Əlavə olaraq onu da qeyd edim ki, ərəblərin də
xaricdə tibbi xidmətlər almaqla bağlı təcrübəsi var. Onları da ölkəmizə cəlb
edə bilərik.

Tibbi turizmin kifayət qədər güclü biznes və gəlir imkanları var. Yəqin ki,
TƏBİB tezliklə hansı xəstəxanalarda tibbi turizm imkanlarının olmasını
açıqlayacaq”.

Göydəniz Qəhrəmanov vurğulayıb ki, tibbi turizmin həm biznes, həm də
Azərbaycanın imici baxımından inkişafı lazımdır:

“Türkiyə və digər ölkələrlə müqayisə aparmaq üçün təcrübə toplamağımız
lazımdır. Qardaş ölkənin bu sahədə uzun illərə söykənən kifayət qədər böyük
təcrübəsi var”.

Source link