Əcnəbi turistləri regionlara necə yönəltməli? – ARAŞDIRMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Ölkəmizdə şəhər turizmi kənd turizmindən xeyli irəlidədir. Əcnəbi turistlər
bir qayda olaraq, gəzmək, tarixi yerlərlə, fərqli mədəniyyətlə tanış olmaq,
həmçinin əylənmək arzusu ilə ailələri və uşaqları ilə daha çox paytaxt Bakıya
səfər edirlər. Regionlardakı əcnəbi turistlərin sayı paytaxta nisbətən azdır”.
Bəs bu azalmaların səbəbi nədir?
“Kaspi”
qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Dövlətlər əyalətləri inkişaf etdirmək üçün müxtəlif səviyyələrdə səylər
göstərirlər. Araşdırmalara görə, paytaxt şəhərlər ən çox səyahət edilən
istiqamətlər olsa da, bu, get-gedə zövqə görə dəyişir. Artıq dünya ölkələri
turistləri paytaxtda cəm etmək siyasətindən uzaqlaşaraq onların ölkə üzrə
səyahətlərinin təşkilinə yönələn proqramlar həyata keçirirlər. Bu siyasət təkcə
bölgə turizminin inkişafına dəstək olmur, həmçinin ölkənin bütün marşrutlar
boyunca tanınmasına, təbliğinə xidmət edir. Nəticədə yeni iş yerləri yaranır,
büdcəyə vergi daxilolmaları artır və s. Digər tərəfdən, istehlakçı
vərdişlərinin dəyişməsi, texnologiyaların həyatımızın bütün sahələrinə nüfuz
etməsi turistin də portretini dəyişir. Buna görə də maliyyə dəstəyi tədbirləri
ilə yanaşı, turizm məhsul və xidmətlərinin təşviqi üçün yeni vasitələrə ehtiyac
yaranır. Regionlarla qarşılıqlı əlaqə belə vasitələrdən biridir.
Heç şübhəsiz, turistin diqqət və istiqamətini paytaxtdan regiona yönəltmək
üçün təkcə tarixi memarlıq, zəngin mədəniyyət və ya rəngarəng mətbəx deyil,
yaxşı infrastruktur – yeni yollar, hotellər, dayanacaqlar, emalatxanalar, kafe
və restoranlar, təmiz sanitar qovşaqlar və s. xidmətlər də olmalıdır. Amma
hələlik bizim ölkəmizdə şəhər turizmi kənd turizmindən xeyli irəlidədir. Əcnəbi
turistlər bir qayda olaraq, gəzmək, tarixi yerlər, fərqli mədəniyyətlə tanış
olmaq, həmçinin əylənmək arzusu ilə ailələri və uşaqları və ya dostları ilə
daha çox paytaxt Bakıya səfər edirlər.
Rəqabətin gücləndirilməsinə ehtiyac var
Millət vəkili Vüqar Bayramovun “Facebook” sosial şəbəkə hesabında paylaşdığı
“bölgələrimiz xarici turist cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar”
fikirləri bizim ölkəmizdə şəhər turizminin region turizmini üstələdiyi fikrini
yenidən gündəmə gətirir: “Hələ də Azərbaycana gələn turistlərin böyük
əksəriyyəti yalnız Bakıda qalmağa üstünlük verir”.
Millət vəkilinin fikrincə, paytaxtın infrastrukturunu nəzərə aldıqda bu,
normal qarşılana bilsə də, regional gecələmə sayında fərqin böyük olması
diqqətdən kənarda qalmamalıdır: “Təəssüf ki, hələ də bölgələr turizm
potensialını tam təqdim edə bilmirlər və bu da xarici turist cəlbində çətinlik
yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək
olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır. Nəticədə,
bölgələrimizin böyük turizm potensialından tam istifadə olunmur. Bu isə o
deməkdir ki, bölgələrin turizm imkanlarının reinteqrasiyası üçün işlər
sürətləndirilməlidir”. V.Bayramov hesab edir ki, bölgələrdə turizm sektoruna
daha çox sərmayənin cəlb edilməsi və rəqabətin gücləndirilməsi əsas hədəflərdən
olmalıdır: “Turizmin enerjidən sonra ölkəyə ən çox valyuta gətirən sektor
olduğunu nəzərə alsaq, o zaman bu sahənin bölgələrin inkişafına, rayonlarda
yeni iş yerlərinin yaradılmasına verəcəyi töhfəni təsəvvür etmək çətin olmaz”.
Daha yaxşı infrastruktur yaranmalıdır
Ölkəmizin regionları turizmin inkişafı üçün əsl “qızıl mədəni”dir: gözəl
mənzərələr, nadir tarixi abidələr, orijinallığını qoruyub saxlayan qəsəbələr,
kəndlər, şəhərlər… Amma bu gözəl potensialdan tam istifadə olunurmu? Nəzərə
alsaq ki, iqtisadiyyatın bir çox sahələri birbaşa və ya dolayısı ilə turizmlə
bağlıdır, onda bu sahədə yeni inkişaf proqramları hazırlamağın vaxtının çoxdan
çatdığına əmin olarıq.
Azərbaycan Hotellər Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam da
xarici qonaqların sayının rayonlarla müqayisədə Bakıda daha çox olduğunu
təsdiqləyir: “Bu məsələdə infrastruktur böyük rol oynayır. Həmçinin logistika
mühüm əhəmiyyət kəsb edir. Regiona getmək üçün əvvəl Bakıya gəlmək lazımdır,
daha sonra oraya maşın, avtobus və ya qatarla gedilə bilər. Rayonlarda təbii
ki, gəziləcək və görüləcək çox yer var”.
Sərhədlər açılandan sonra xarici turistlərin ayağı açılacaq
Ekspertlər hesab edirlər ki, potensial turistlərin diqqətini cəlb etmək,
onların tələb və istəklərini təmin etmək üçün turizm bazarımızda
rəqabətədavamlı məhsullar yaratmalıyıq. Bunun üçün hazırda qloballaşma
dövründə, o cümlədən regional səviyyədə inteqrasiya sadəcə zəruridir.
Turizm üzrə ekspert Müzəffər Ağakərimov bölgələrdə də 2-3 ulduzlu hotellərin
tikintisinə ehtiyac olduğunu bildirir: “Paytaxt hotellərindəki bəzi əlavə
xidmətlər bölgələrdə də var. Bölgələrin digər üstünlüyü indiki mövsüm üçün
gözəl təbiətə malik olmasıdır. Xüsusən şimal-şərq və şimal-qərb rayonları –
Zaqatala, Şəki, Qəbələ, Oğuz, İsmayıllı və cənub zonasının hotellərində boş
otaq tapılmır. Düzdür, onlar əsasən yerli turistlərdir. Nəzərə almaq lazımdır
ki, həm şimal, həm də qərb zonasından quru yollar da bağlıdır. Sərhədlər
açılandan sonra xarici turistlərin də ayağı açılacaq”. Turizmçinin sözlərinə
görə, yerli turizm şirkətləri öz turpaketlərinə bölgələri də daxil ediblər:
“Təbii ki, şəhərdə daha çox əcnəbi turist var. Bunun da əsas səbəbi hava
limanının Bakıda olması ilə bağlıdır. Bölgələrdə əlavə hotellər inşa
olunmalıdır. 2-3 ulduzlu hotellərin olması vacibdir. Ümumiyyətlə, həm Bakıda,
həm bölgələrdə 2-3 ulduzluların inşasına ehtiyac var”.
Kütləvi turizmin inkişafında 2-3 ulduzlu hotellərin rolu
Turizmçinin fikrincə, brend hotellərin 2-3 ulduzlu tipləri var ki, onların da
inşasını bölgələrdə qurmaq və turistləri cəlb etmək olar: “Təbii ki, aşağı
imkanlı turistlər üçün 2 ulduzlu hotellər olmalıdır. Bir ara hostellərin
fəaliyyəti geniş yayılmışdı. Bunları da təbliğ etmək lazımdır. Kütləvi turizmin
inkişafında 2-3 ulduzlu hotellərin rolu böyükdür. Dünya turizminin inkişaf
etdiyi Türkiyə, İspaniya, Fransa kimi ölkələrdə təkcə konqres turizmi deyil,
eyni zamanda kütləvi turizm də inkişaf edir. Fikrimcə, marketinqin tələbatı və
təklifi bizim ölkəmizdə də buna imkan verəcək. Sadəcə, biz bir az gecikirik”.