6a11ee2d-5b01-401e-9571-169f5ac74b29..jpg

Əcnəbilərlə dolu millimizin Avropa “performans”ı – Xaos nə zaman bitəcək? + FOTO

Baxış sayı: 561 dəfə baxılıb.

Əcnəbilərlə dolu millimizin Avropa “performans”ı – Xaos nə zaman bitəcək? +
FOTO

Melissa Varqas əslən Kubadandır. O, bu ölkənin voleybol millisində uzun illər
çıxış etdikdən sonra Türkiyə yığmasına cəlb olunub. Qonşu ölkənin “Fənərbağça”
klubunda forma geyinən idmançı bir müddət əvvəl milli komanda ilə Avropa
çempionu oldu. Tarixində ilk dəfə “köhnə qitə”nin ən güclüsü adını qazanan
“torun sultanları”nın heyətində diqqətləri ən çox çəkən də məhz Varqas idi. O,
çətin məqamlarda ön plana çıxıb xilaskar olmağı bacardı. Melissa finalda
Serbiyaya qarşı mükəmməl performans sərgiləyərək həm komandasının
çempionluğunda müstəsna rol oynadı, həm də rəqibin canlı əfsanəsi Tiyana
Boşkoviçlə birbaşa dueldən qalib ayrıldı.

Əlbəttə, Türkiyə yığmasının digər üzvləri də gözəl performans sərgilədilər və
uğuru tək Varqasla bağlamaq doğru olmaz. Lakin o, sanki pazlın çatışmayan
hissəsi idi. Varqas özü barədə “legionerin də beləsi” fikrinə gətirib çıxardı.

Voleybolumuz da getdikcə futbolumuza bənzədiyi üçün azərbaycanlı top oyunları
həvəskarları Türkiyənin futbol klubları, yığmasından sonra voleybol komandasına
da daha çox diqqət göstərməyə başlayıblar.

Əslində, Azərbaycan millisi də Avropa çempionatında (AÇ) yarışırdı. Amma
gözlənildiyi kimi, uğursuzluğa düçar oldu. Uğursuzluğun niyə sürpriz
olmadığından bəhs etməzdən öncə nəticəyə nəzər yetirməkdə fayda var.

Voleybol millimiz C qrupunda beş matçda topladığı eyni sayda xalla sondan
ikinci – beşinci oldu və bu nəticə ilə qrupda qaldı. İki qələbə əldə edə bilən
komanda üç dəfə məğlub oldu. Bunların arasında gələcək çempion Türkiyəyə
acınacaqlı məğlubiyyət də var idi.

Azərbaycan yığmasının Avropa çempionatındakı oyunları:

Azərbaycan – Çexiya – 3:0

Azərbaycan – Almaniya – 1:3

Türkiyə – Azərbaycan – 3:0

Azərbaycan – Yunanıstan – 3:2

İsveç – Azərbaycan – 3:1

Heyətinə görə yığma komandanın Avropa çempionatında uğur qazana bilməyəcəyi
gözlənilən idi. Lakin heç olmasa, qrupdan çıxacağı ehtimal edilirdi. Belə zəif
performans olacağı təxmin olunmurdu.

AÇ öncəsi yerli federasiya yığmaya türkiyəli mütəxəssis Ataman Güneyligili
gətirmiş və onunla qısamüddətli müqavilə imzalanmışdı. Çalışdırıcı ilk mətbuat
konfransında bildirmişdi ki, Azərbaycan voleybolunu köhnə günlərinə qaytarmağı
hədəfləyir. Çempionata hazırlıq məqsədi ilə milli hətta Bosniya və
Herseqovinada təlim-məşq toplanışı keçdi, yoldaşlıq oyunlarında qüvvəsini
sınadı və s.

Bununla belə, uğursuzluq gözlənilən idi, ona görə ki, ölkədə voleybol
çempionatının səviyyəsi aşağıdır. Son illərdə yeni, parlaq gənclər üzə
çıxmırlar. Heyət yaşlıdır, əksəriyyəti tükənmiş voleybolçulardır və s.

Ən acıncaqlısı komandada çoxsaylı legionerlərin olmasıdır. Azarkeşlər arasında
daha çox narazılıq yaradan məqam da məhz budur. Yana Doroşenko, Yelizaveta
Ruban, Odina Əliyeva, Olena Xarçenko, Kristina Besman, Polina Rəhimova,
Nikalina Başnakova, Anastasiya Mertsalova, Marqarita Stepanenko yığmanın
gəlmələridir. Bəzi oyunçuların soyadı oxucuları çaşdırmasın, onların mənşəcə
ölkəmizə bağlılığı yoxdur. Yuliya Kərimova, Mariya Kurilyuk kimi idmançılar isə
yeniyetmə vaxtlarından ölkəmizdədirlər. Onlara münasibətdə daha loyal olmaq
mümkündür.

Əsas narazılıq budur ki, onsuz da uğursuzluqdan qaçmaq mümkünsüzdürsə,
əcnəbiləri bura gətirməyin mənası nədir? Əgər onlar yerli voleybolçulardan
birbaş üstün deyillərsə, həqiqətən, yığmada olmalarının əhəmiyyəti qalmır.
Nəticə qrupda qalmaqdır və bunu özümüzkülər də rahat bacarardı.

Əvvəllər Azərbaycan millisi yaxşı nəticələr əldə edib və həmin zaman
əcnəbilərin də yığmada xidməti az olmayıb. Şabovta, Parxomenka, Karatenko
soyadları dillər əzbəri idi, insanlar onları özümüzkü kimi qəbul edirdi. İndi
də həmin yığma müsbətləri ilə xatırlanır və həmişə milli komanda həminki ilə
müqayisə olunur.

Məsələ milliləşdirmədən çox bunun həddən artıq kütləviliyində və ən əsası
yanlış olmasındadır. Nəticələr göstərir ki, hazırkı milliləşdirmə fəaliyyəti
digər idman növlərində olduğu kimi voleybolda da faydasızdır. Vaxtilə bu,
effekt verib deyə, yenə eyni cür olacağı nəticəsinə gəlmək olmaz. Uzunmüddətli
planlar qurmaq və daxili çempionatın, yerli idmançıların səviyyəsini artırmağa
çalışmaq daha yaxşı olardı. Müvəqqəti həll yolları dayanıqlılığa mane olacaq.
Necə ki, sırf AÇ üçün Ataman Güneyligil baş məşqçi təyin edildi və bu, özünü
doğrultmadı. Əvəzində daha uzunmüddətli plan qurmaq, bu AÇ-yə gənc yığma
göndərib həmin oyunçuları gələcək üçün daha təcrübəli etmək mümkün idi.

Avropa çempionatındakı uğursuzluq ölkə voleybolunda xaotik vəziyyət yaradıb.
Baş məşqçi voleybolçuları ittiham edir, voleybolçular da onu. Durum
federasiyanın nəzarətindən çıxıb.

Hər halda, qurumun səssizliyi bunu deməyə əsas verir. AÇ-dəki uğursuzluq,
nəticələrin təhlil edilib-edilmədiyi, ölkə voleybolundakı milliləşdirmə
prosesinin faydasızlığı, yerli idmançıların inkişafı üçün planlaşdırılan işlər
barədə suallar ünvanlasaq da, federasiyadan hər hansı cavab almaq mümkün
olmadı. Yeri gəlmişkən, bu yazının Avropa çempionatından xeyli sonraya təsadüf
etməsinin səbəbi də məhz həmin susqunluq oldu.

Faiq Tahirov

Source link