Ədaləti özümüz təmin edirik – “Kaspi”nin TƏHLİLİ + FOTO
Azərbaycan bu dəfə də beynəlxalq hüququn tələblərini özü yerinə yetirdi.
Arayik Arutyunyan başda olmaqla separatçı rejimin keçmiş “rəhbərləri”
saxlanılaraq Bakıya gətirildilər. Vaxtilə suveren ərazilərimizdə cinayətlər
törədib, təmtəraqlı həyat sürənlər indi Bakı həbsxanalarında törətdikləri
əməllərə görə cavab verəcəkləri məhkəmələri gözləyirlər.
Mövzuyla bağlı “Kaspi”
qəzetinin məqaləsini təqdim edirik.
Bir neçə gün əvvəl Qarabağda separatçıların keçmiş “prezidenti” Arayik
Arutyunyan saxlanılaraq Bakıya gətirilib. Məsuliyyətə cəlb edilənlər arasında
xunta rejiminə rəhbərlik etmiş Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan
(2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı
rejimin keçmiş “parlament sədri” David İşxanyan da var. Bundan əvvəl isə
Qarabağdakı separatçı qurumun təmsilçilərindən olan Lyova Mnatsakanyan və Davit
Babayan, Ruben Vardanyan da hüquq-mühafizə orqanlarımız tərəfindən həbs
edilmişdilər.
Bakı həbsxanalarını “bəzəyən” canilər
Təbii ki, Ruben Vardanyanla başlayan həbslər dalğasının pik nöqtəsi Arayik
Arutyunyanın saxlanılması idi. Məhz bu şəxs Azərbaycana qarşı çoxsaylı müharibə
cinayətlərinin əsas təşəbbüskarıdır. Hərbi əməliyyatlar zonasından 100 kilometr
aralıda yerləşən Gəncə şəhərində ballistik raket zərbələri ilə törədilən terror
aktının birbaşa əmrini də Arutyunyan verib. Üç il əvvəl bu hücumla bağlı kamera
qarşısında Azərbaycanı “hədələyən”, özündən əmin görünən terrorçu qısa müddət
sonra ədalət məhkəməsində cavab verəcəyini gözləmirdi. Artıq hüquqi prosedur
başlayıb. Vaxtilə Azərbaycanın suveren ərazilərində separatizm ocağı yaradaraq
təmtəraqlı həyat sürənlər indi Bakı həbsxanalarında törətdikləri əmələ görə
cavab verməyi gözləyirlər.
Bir çoxları üçün gözlənilməz olan reallıq
Bu həbslər dalğasını fərqləndirən bir çox mühüm məqamlar mövcuddur. Öncə ondan
başlayaq ki, separatçı rejim rəhbərlərinin həbsi bir çoxları üçün gözlənilməz
olub. Onlar elə düşünürdülər ki, Xankəndini rahat şəkildə tərk edəcəklər. Lakin
Arayik başda olmaqla xunta rejiminin keçmiş başçıları bir məqamı unudublar.
Azərbaycanın ali rəhbərliyinin səsləndirdiyi hər söz reallaşır. Lokal
antiterror tədbirlərindən sonra xalqa müraciətində Prezidentİlham Əliyev
terrorçuların həbs edilərək qanun qarşısında cavab verəcəyini bildirmişdi. Qısa
zaman kəsiyində bu söz də reallığa çevrildi.
Son 70 ildə bir ilk yaşandı
Diqqəti cəlb edən ikinci bir məqam ondan ibarətdir ki, dünyada uzun illər
davam edən hərbi toqquşmalardan sonra bu sayda separatçı və hərbi cinayətkarın
eyni anda saxlanılaraq məsuliyyətə cəlb edilməsi bir ilkdir. Yalnız İkinci
Dünya müharibəsindən sonra alman faşistləri törətdikləri bəşəri cinayətlərə
görə Nürnberq məhkəməsində cavab vermişdilər. Lakin bu iki proses arasında
ciddi fərq mövcuddur. Nürnberq prosesinə dünyanın ən güclü dövlətlərinin
rəhbərlik etdiyi onlarla ölkə birgə şəkildə nail olmuşdu. Lakin Qarabağda 30
ildən artıq müddətdə minlərlə dinc sakinin amansız qətlinə rəvac verən,
separatizm, transmilli cinayətlər, soyqırımılar, etnik təmizləmə kimi ən ağır
əməlləri törədənləri Azərbaycan təkbaşına bir günlük əməliyyatla ədalət
məhkəməsi qarşısına çıxarmağa nail oldu.
Vətən müharibəsində olduğu kimi, Bakı bu dəfə də beynəlxalq hüququn
tələblərini özü yerinə yetirdi. Arayik başda olmaqla xunta rejiminin keçmiş
“rəhbərləri” illərlə sadaladığımız cinayət əməllərinə görə beynəlxalq axtarışa
verilmişdi. Lakin çox rahat şəkildə xarici səfərlərə gedir, Azərbaycanın
suveren ərazilərində separatizmin dəstəklənməsi üçün dövlətimizə qarşı aparılan
kampaniyalarda yaxından iştirak edirdilər. Azərbaycanın onların həbsi tələbi
isə sanki eşidilmirdi. Eynilə BMT qətnamələri ilə bağlı tələblərimiz kimi… Bu
dəfə də beynəlxalq ədaləti özümüz təmin etdik.
Həbs olunan separatçıları heç kim dəstəkləmədi
Bu prosesdə diqqəti cəlb edən digər bir məqam isə separatçıların həbsinə
beynəlxalq reaksiya idi. İşğal illərində xunta başçılarını gülərək qarşılayan,
onlara erməni lobbisinin göstərişi ilə “prezident”, “nazir” statusunda yanaşan
siyasətçilərin heç biri indi onları müdafiə etmir, ən yaxşı halda isə susurlar.
Əslində belə də olmalıdır. Çünki saxlanılanların hər biri bəşəri cinayətlərdə
ittiham olunur. Bu cinayətlər təkzibedilməz faktlarla sübut olunub. Hətta
Ermənistan rəhbərliyi və əhalisi belə hərbi cinayətkarların “müdafiəsinə”
qalxmır. Bu faktı Rusiya Prezidenti Vadimir Putin də Valdaydakı son çıxışında
etiraf edib. “Qarabağın keçmiş “liderlərini” Ermənistanda da görmək
istəmirlər”, – o deyib. Maraqlı cəhət odur ki, həbs edilənlərin illərlə əsas
dayağı sayılan erməni lobbisi də passivlik nümayiş etdirir. Sanki onlardan üz
döndərib. Səbəb də bəllidir. İşğal illərində separatizmə dəstək üçün ayrılan
yüz milyonlarla vəsait bu şəxslər tərəfindən oğurlanıb. Onların həbsi bir çox
ermənipərəst siyasətçi üçün “Pandorra qutusu”na bənzəyir. İstintaq müddətində
anti-Azərbaycan təbliğatı ilə bağlı açılacaq sirlər indi onların üzərində
“Domokl qılıncı” kimi asılı vəziyyətdədir.
Bu, ölkəmizin dünyaya hüquq dərsi idi
Bəli, Azərbaycan söz verdiyi kimi ölkəmizə qarşı silahı yerə qoyaraq təslim
olan minlərlə qanunsuz silahlı birləşmə üzvünü bağışladı. Onların ərazilərimizi
sərbəst tərk etməsinə şərait yaratdı. Bu, Azərbaycanın dünyaya humanizm dərsi
idi. Daha sonra isə Arayik Arutyunyan, Ruben Vardanyan başda olmaqla
dövlətimizə qarşı bəşəri cinayət törədənlər həbs edilərək ədalət mühakiməsinə
təslim edildi. İndi bu siyahının tamamlanması üçün sadəcə iki ad çatışmır –
Serj Sarqsyan və Robert Koçaryan. Onların da Azərbaycanın ədalət məhkəməsində
cavab verəcəkləri gün uzaqda deyil.