5e21cfa1-ca36-4452-934a-2c3426767933..jpg

ƏDV-li avtobuslar, “sıfır dözümlülük”: Artan qəzaların qarşısını necə almalı? – RƏY + FOTO

Baxış sayı: 677 dəfə baxılıb.

ƏDV-li avtobuslar, “sıfır dözümlülük”: Artan qəzaların qarşısını necə almalı?
– RƏY + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son 20 ildə ölkədəki minik avtomobillərinin sayı bir milyonu keçib. Əslində,
bu, əhalinin maddi durumunun nəqliyyat vasitəsi ala biləcək səviyyədə olduğunu
göstərir. Lakin avtomobillərə əlçatanlıq artdıqca respublika ərazisində
qəzaların sayı da çoxalır.

Ekspertlər nəqliyyat vasitələrinin çoxluğunun həm tıxaclara, həm də yollarda
normadan artıq yüklənmələrə səbəb olduğunu deyirlər.

Bəs sadalanan hallarla yanaşı, həm də qəzaların qarşısını almaq üçün hansı
addımlar atılır?

İstismar müddətini başa vurmuş nəqliyyat vasitələrinin utilizasiyası müzakirə
edilsə də, hələ də prosesin hansı mərhələdə olması barədə rəsmi məlumat yoxdur.
Ölkədə avtoparkın köhnə olması aidiyyəti qurumlar tərəfindən təsdiq edilir.
Bunu müvafiq statistika da sübut edir. Bəs problemin həlli istiqamətində
hazırlanmalı olan mexanizm nədir? Yoxdursa, niyə gecikir, varsa, niyə tətbiq
edilmir?

Dünya praktikasında nəqliyyat vasitələrinin artımının qarşısını almaq üçün
tətbiq edilən və effektiv olan həllər hansılardır?

Mövzunu Cixisyolu.com-a nəqliyyat eksperti Rauf Ağamirzəyev şərh edib. Ekspert deyir
ki, respublikada avtoparkın köhnə olması nəzərə alınaraq stimullaşdırıcı bir
neçə tədbir görülüb:

“Qanunla buraxılış ili 10 yaşa qədər olan avtomobillərin ölkəyə gətirilməsində
tətbiq edilən rüsum digərlərinə nisbətən fərqləndirilib. Bununla da köhnə
avtomobilin ölkəyə gətirilməsinə qanuni tərəfdən əngəl yaradılıb. İkinci tədbir
ölkəyə gətirilən elektrik avtomobillərinin üç il müddətinə ƏDV-dən azad
edilməsidir. Bu, elektrik avtomobillərinin alışına müsbət təsir edən məqamdır.
Arada 18 faiz fərq var, bu, az məbləğ deyil”.

Utilizasiya proqramının geniş, mürəkkəb proses olduğunu deyən ekspert onun
hətta bir çox inkişaf etmiş ölkələrdə də tam formada tətbiq edilmədiyini
diqqətə çatdırıb:

“Utilizasiya prosesi sözdə sadə ola bilər, proses isə çox mürəkkəbdir. Orada
tələblər var. Belə ki, proses könüllü olaraq həyata keçirilməlidir. Digər
tərəfdən, yerli istehsalçını stimullaşdıran məqam olmalıdır. Amma ölkənin
avtomobil istehsalı ilə yerli tələbatı ödəmək olmaz. İki yerli istehsalçımız –
Naxçıvan və Neftçalada fəaliyyət göstərən avtomobil zavodlarıdır. Neftçaladakı
avtomobil istehsalı ilə məşğul olan zavod iki il bundan öncə elan edib ki,
Özbəkistanla müştərək “Chevrolet” markalı avtomobil buraxır. Bu proses də bir
az zaman alacaq”.

Avtobuslar ƏDV-dən azad edilməlidir

Ekspert düşünür ki, ölkədə az sayda avtobus istehsalı olsa da, bu sahəni
stimullaşdırmağa ehtiyac var:

“Ümumi avtoparkı yeniləmək üçün avtobus istehsalçılarını ƏDV-dən azad etmək
olar. Çünki bir avtobusun qiyməti heç də ucuz deyil. Düşünmürəm ki, ölkədə
hazırda istehsal edilən avtobuslar daxili tələbatı ödəsin. Xüsusilə diqqəti
sərnişin avtobuslarına yönəltmək yaxşı olardı. Tək paytaxt deyil, respublikanın
bütün ərazilərini təmin etmək üçün avtoparkların yenilənməsinə böyük ehtiyac
var. Fərdi nəqliyyat vasitələrindən istifadə edən bütün sürücülərin mövzuya
münasibət bildirərkən dediyi tək fikir var: onlar keyfiyyətli ictimai nəqliyyat
olduğu halda öz avtomobillərindən imtina edərlər”.

Dünyada “sıfır dözümlülük” konsepsiyası mövcuddur

Ekspert deyir ki, bu konsepsiya ölüm hallarına sıfır dözümlülük deməkdir:

“Sıfır dözümlülük” mənasına gələn “vision zero” yol hərəkəti təhlükəsizliyində
ən müasir yanaşma hesab edilir. Həm şəhərdaxili, həm də magistral yollarda bu
yanaşmada əsas tezis insan itkisinin olmamasıdır. Düşünürəm ki, bu
konsepsiyanın tələblərini öz standartlarımızda, “Yol hərəkəti haqqında”
Qanunda, müvafiq qaydalarda tətbiq etmək olar. Hərəkət iştirakçılarını qorumaq
üçün konsepsiyada fərqli həllər var. Məsələn, şəhərdə yaşayış məntəqələrinə
yaxınlaşdıqca xüsusi adacıqlar qoyula bilər. Sürücü artıq fiziki olaraq anlayır
ki, yaşayış məntəqəsinə yaxınlaşır və sürəti müvafiq qaydada azaldır. Bu
qaydada şəhərin daxilində işıqforlar, eynisəviyyəli keçidlər sürücülərin daha
diqqətli olmasına gətirib çıxarır. Bu da öz növbəsində qəzaları minimuma
endirir. Hətta qəza olarsa belə, insan itkisi olmadan, yüngül xəsarətlə qeydə
alınar. Hədəfimiz insanları, hərəkət iştirakçılarını qorumaq, yol-nəqliyyat
hadisələri zamanı ölüm hallarının azalması olmalıdır”.

Könül Cəfərli

Source link