Əfrasiyab Bədəlbəylinin anım günüdür – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Azərbaycanın Xalq artisti, tanınmış bəstəkar, dirijor Əfrasiyab
Bədəlbəylinin anım günüdür.
Cixisyolu.com Xalq artistinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.
Xatırladaq ki, Əfrasiyab Bədəlbəy oğlu Bədəlbəyli 19 aprel 1907-ci ildə Bakı
şəhərində, xalq maarifçisi Bədəlbəy Bədəlbəyovun və məşhur Şah Qacar nəslinin
təmsilçisi Rəhimə xanım ailəsində anadan olub.
1912-ci ildə Əfrasiyab Bədəlbəyli 6-cı rus-müsəlman məktəbinə daxil olub və
1916-cı ildə, tədris olunan bütün fənlərdən “əla” qiymətlərlə məktəbi başa
vurub.
1917-1924-cü illər ərzində o, Bakıdakı 1-ci realnı məktəbində təhsil alıb.
1923-cü ildən 1926-cı ilə kimi Ə.Bədəlbəyli təzəcə təşkil olunmuş Azərbaycan
teatr məktəbinin dinləyicisi olub və məktəbdə təşkil olunan səhnə tamaşalarında
böyük həvəslə iştirak edib.
Əfrasiyab Bədəlbəyli mükəmməl bilik əldə etmək arzusu ilə 1924-cü ildə
Azərbaycan Dövlət Türk (Azərbaycan – İ.Q.) Musiqi Texnikumuna və eyni zamanda,
Azərbaycan Dövlət Universiteti şərq fakültəsinin lisaniyyət (dilçilik – İ.Q.)
şöbəsinə daxil olub.
XX əsrin 20-ci illərində Azərbaycan opera və operettalarının səhnədən
götürülməsi nəzərdə tutulmuşdu. 17 yaşlı Əfrasiyab Bədəlbəyli “Kommunist”
qəzetində dərc etdirdiyi məqaləsində “Operalarımızın islahatı işində tələsməyə
heç bir ehtiyac yoxdur” – deyə, buna qəti etirazını bildirib.
Musiqi texnikumunda Əfrasiyab Bədəlbəyli müəllim S.L.Bretanitskinin sinfində
violino ixtisası üzrə təhsil alıb. İstedadlı gənc tez bir zamanda səlis ifa
bacarığına nail olur və 1925-ci il may ayının 22-də texnikum tələbələrinin
qüvvəsi ilə Üzeyir bəyin səhnəyə qoyulmuş “Arşın mal alan” operettasını
müşayiət edən orkestrdə ikinci skripkaların konsertmeysteri kimi çıxış edib.
Violino ilə yanaşı tarda da mükəmməl ifa üslubuna nail olmuş Əfrasiyab
Bədəlbəyli, 1926-cı ildə xalq çalğı alətləri orkestrinin Moskva və Minsk
şəhərlərindəki qastrol səfərləri zamanı ikinci səs tarçılar qrupunun
konsertmeysteri kimi orkestrin heyətində iştirak edib.
1928-ci il yanvar ayının birindən Əfrasiyab Bədəlbəyli “Kommunist” qəzetində
tərcüməçi vəzifəsində çalışmağa başlayıb.
1928-ci il fevralın 16-da, musiqisi Ə.Bədəlbəyliyə məxsus C.Cabbarlının “Od
gəlini” əsərinin premyerası oldu.
“Od gəlini” musiqisinin müvəffəqiyyətinə sevinən C.Cabbarlı bundan sonra
yazdığı “Sevil” pyesinə də musiqi bəstələməyi Əfrasiyab Bədəlbəyliyə tapşırıb.
1929-cu ildə xalqımızın ulu musiqi aləti olan tarı köhnəlik əlaməti sayaraq
muzeyə göndərmək, konservatoriyanın tədris proqramından çıxarmaq kimi cəfəng
fikirlərə etiraz edən Əfrasiyab Bədəlbəyli “Tar üzərinə mühakimə münasibətilə”
başlığı altında məqalə ilə çıxış edib.
1930-cu il may ayının 15-də Əfrasiyab Bədəlbəyli türk operalarına dirijorluq
etmək üçün M.F.Axundov adına Dövlət Böyük teatrına işə qəbul olunub.
(Əfrasiyab Bədəlbəyli 1930-cu il)
1931-cu ildə bəstəkar C.Cabbarlının “Almaz”, daha sonra isə “1905-ci ildə” və
“Yaşar” pyeslərinə, 1933-cü ildə A.Afinogenovun “Qorxu”, 1934-cü ildə
M.F.Axundovun “Hacı Qara”, 1935-ci ildə isə “Müsyo Jordan” əsərlərinə musiqi
bəstələyib.
Əfrasiyab Bədəlbəyli peşəkar musiqi təhsili almaq məqsədi ilə 1932-ci ildə
Moskva konservatoriyasının dirijorluq fakültəsində oxumağa yola düşüb.
Professor K.Saracevin sinfində təhsil alan gənc bu sənətin incəliklərinə
mükəmməl yiyələnib.
Ali məktəbdə oxuduğu zaman o, 8 variasiya, violonçel və fortepiano üçün
sonatina, fortepiano üçün etüd, simfonik orkestr üçün III hissəli süita, iki
violino, alt və violonçel üçün kvartet bəstələyib.
Lakin bir ildən sonra sənətkar Moskvadakı təhsilini dayandırıb Bakıya qayıdır
və R.Qlierin “Şahsənəm” operasının yeni quruluşda, C.Cabbarlının librettosu
əsasında tamaşaya hazırlanmasında iştirak edib.
1934-cü ilin payızında Ə.Bədəlbəyli Leninqrad (indiki Sankt-Peterburq -İ.Q.)
şəhərinə yola düşüb. Burada o, N.Rimski-Korsakov adına Leninqrad Dövlət
Konservatoriyası nəzdindəki musiqi texnikumunun bəstəkarlıq şöbəsinə
(B.Zeydmanın sinfinə) daxil olub və eyni zamanda Leninqrad opera və balet
teatrının baş dirijoru V.Dranişnikovun rəhbərliyi altında dirijor assistenti
kimi işləməyə başlayıb.
Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının opera və baletlərinə
dirijorluq edib. 1938-ci ildən ömrünün sоnunadək Azərbaycan Dövlət Opera və
Balet teatrında dirijоr işləyib.
8 aprel 1940-cı il tarixi Azərbaycan musiqi mədəniyyəti tarixinə milli balet
sənətinin təməl daşının qoyulduğu gün kimi daxil olub. Əfrasiyab Bədəlbəylinin
“Qız qalası” baletinin premyerası M.F.Axundov adına Azərbaycan Dövlət Opera və
Balet Teatrının səhnəsində işıq üzü görüb.
1940-cı il 23 aprel tarixində Əfrasiyab Bədəlbəyliyə İncəsənət sahəsində
görkəmli fəaliyyətinə görə Respublikanın “Əməkdar incəsənət xadimi” fəxri adı
verilib.
1941-ci ildə Əfrasiyab Bədəlbəyli bəstəkar dostu B.Zeydmanla birlikdə bir
pərdəli “Xalq qəzəbi” operasını (libretto müəllifləri İ.Oratovski və
Ə.Məmmədxanlı) yaradıb.
1941-ci ildə bəstəkar Səməd Vurğunun “Fərhad və Şirin” əsərinə musiqi
bəstələyib. Bundan bir il əvvəl isə Ə.Bədəlbəyli görkəmli ədibin “Xanlar”
pyesinə musiqi yazmışdı. Onu da qeyd edək ki, bəstəkar hər iki əsərin
premyerasına dirijorluq edib.
Müharibə illərində Əfrasiyab Bədəlbəyli bəstəkarlıq-dirijorluq fəaliyyətini
Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri kimi məsul
vəzifələrlə əlaqələndirib, M.S.Ordubadi ilə birlikdə dahi İtalyan bəstəkarı
C.Rossininin “Sevilya bərbəri” operasını Azərbaycan dilinə tərcümə edib və
Minkusun “Don Kixot” baletinin yeni redaksiyası üçün libretto yazıb.
O dövrdə Azərbaycanda musiqi terminləri ancaq rus və ya başqa əcnəbi dillərdə
işlədilirdi. Əfrasiyab Bədəlbəyli 1956-cı ildə “Musiqi terminləri lüğəti”
kitabçasını çap etdirməklə azərbaycandilli əhalinin musiqi terminlərini daha
aydın anlamağa və doğma dilimizin daha da zənginləşməsinə şərait yaradıb.
1957-ci ildə sənətkar Boris Zeydmanın “Qızıl açar” baletinə libretto yazıb.
1960-cı ildə bəstəkarın həyatında əlamətdar hadisə baş verib. Həmin il, may
ayının 24-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Əfrasiyab
Bədəlbəyli Azərbaycanın “Xalq artisti” fəxri adına layiq görülüb.
1964-1965-ci illərdə sənətkar gənclərin bədii özfəaliyyətinin XVIII və XIX
respublika olimpiadasının təşkilatçılarından biri və münsiflər heyətinin sədri
seçilib.
1964-cü ildə Azərbaycanın şəhər və kənd texniki-peşə məktəbləri bədii
özfəaliyyətinin XXIII respublika baxışında isə münsiflər heyətinin üzvü
seçilib. Bəstəkar “Muğam-68” müsabiqə-festivalının keçirilməsinə böyük əmək
sərf edib.
1965-ci ildə Ə.Bədəlbəyli Q.Almazzadə ilə birlikdə, S.S.Axundovun eyni adlı
povesti əsasında bəstəkar Əşrəf Abbasovun “Qaraca qız” baletinə, daha sonra,
1968-ci ildə qardaşı Turqud ilə birlikdə C.Cabbarlının eyniadlı pyesi əsasında
R.Mustafayevin bəstələdiyi “Aydın” operasına librettolar yazıb.
1969-cu ildə “Elm” nəşriyyatı Ə.Bədəlbəylinin “İzahlı monoqrafik musiqi
lüğəti” kitabını çap etdirib.
Əfrasiyab Bədəlbəyli 1976-cı il yanvarın 6-da dünyasını dəyişib.