Əhalinin həddən artıq kartdan istifadəyə yönəlməsinin mənfi cəhətləri də var –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, ödəniş kartlarının sayı cari ilin
oktyabr ayının 1-i ilə müqayisədə 271 min ədəd artaraq 16 milyon 210 min ədəd
olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.9 faiz artıb.
İnsanların nağdsız ödənişlərə meyl etməsi təqdirəlayiqdir. Təbii ki, kartların
bu qədər artmasının müsbət və mənfi tərəfləri də var.
“Kaspi”
qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:
Maliyyə savadlılığı artdıqca…
Maliyyə üzrə ekspert Elnur Quliyev dedi ki, kartların sayının artması prosesi
yaxın gələcəkdə də davam edəcək: “Milli ödəniş sistemlərinin
təkmilləşdirilməsi, bankların “mobil bankçılıq” xidmətlərini inkişaf etdirməsi
plastik kartlardan istifadəni daha da sürətləndirib. Həmçinin dövlət nağdsız
hesablaşmaların artmasında maraqlıdır və bu istiqamətdə stimullaşdırıcı
tədbirlər həyata keçirir. Maliyyə savadlılığı artdıqca insanlar nağdsız
ödənişlərin üstünlüklərini, plastik kartlarla ödəmənin asanlığını, əlverişli
olduğunu başa düşürlər”.
Kartlar insanlara müəyyən xeyirlər verir
E.Quliyevin fikrincə, ölkəmizdə plastik kartlardan istifadənin artmasına təsir
edən əsas faktorlar – son üç il ərzində mal və xidmətlər üzrə plastik kartla
ödəniş qəbul edən məntəqələrin sayının əhəmiyyətli artması, “ƏDV geri al”
mexanizminin, həmçinin banklar tərəfindən “cashback” proqramlarının tətbiqi,
plastik kartları ödənişsiz təqdim etmələri, elektron ticarət dövriyyəsinin
çoxalmasıdır: “Elektron ticarətin artması, xüsusilə pandemiya dövründə nağd
puldan istifadə sahələrinin məhdudlaşdırılması istehlakçıları bank kartlarına
sövq edib. İnsanlar ödədikləri pulun ƏDV vasitəsilə cüzi miqdarda da olsa geri
qaytarılması üçün satıcıları plastik kartla satış etməyə məcbur edirlər. Nəticə
etibarilə, dövlət istehlakçılar vasitəsilə satıcıları nəzarətdə saxlayır.
Plastik kartlardan istifadənin əsas üstünlüklərindən biri də kartla ödəniş
zamanı xərclənən vəsaitləri izləməyin və nəzarət etməyin asan olmasıdır.
İnsanlar şəxsi və ailə büdcələrinin idarə olunmasında bundan istifadə edirlər”.
Daha etibarlıdır
Ekspert bildirdi ki, şəxsi vəsaitləri kart hesabında mühafizə etmək oğurluq və
itirilmə ehtimalını minimallaşdırır: “Nağd pul itdikdə və ya oğurlandıqda onu
geri qaytarmaq mümkün deyil. Lakin plastik kart itərsə, mobil bank vasitəsilə
kartı bloklaya bilirsiniz. Kartı oğurlayan və ya əldə edən şəxs pul çıxara
bilmir. Sizdən xəbərsiz hər hansı ödəniş edilsə belə, banklar ödəniş tarixçəsi
ilə xərclənmə istiqamətini müəyyən edə bilir”.
Maliyyə intizamı güclənir
E.Quliyevin sözlərinə görə, kartlar insanlardan əlavə dövlətimiz üçün də
faydalıdır: “Plastik kartlarla ödənişlər “kölgə iqtisadiyyatı” ilə mübarizə
baxımından da müsbət effekt verir. Pul vəsaitləri nağdsız hərəkət edən
ölkələrdə iqtisadi artım sürətlənir, insanlara vaxta qənaət imkanı yaradır,
ticarət və xidmət obyektlərində saxta pulların qarşısı alınır. Eyni zamanda,
kartla ödənişlər vətəndaşların dövlət qurumlarına ödədiyi xidmət haqlarının
hesabatlılığını təmin edir, şəffaflığa zəmanət verir. Plastik kartlarla
ödənişlər sayəsində vergidən yayınmanın qarşısı alınır, büdcəyə daha çox vəsait
toplanır, ölkə iqtisadiyyatında maliyyə intizamı güclənir. Nağdsız
hesablaşmaların artması dövlət gəlirlərinin artmasını şərtləndirir ki, bu da
sosial sektorun maliyyələşdirilməsi üçün əlavə imkanlar yaranır”.
İnsanlar qərar verə bilmir
Bank məsələləri üzrə mütəxəssis Emin Mahmudov isə deyir ki, kartların bu qədər
sürətlə artmasının səbəbi bankların təklif etdiyi cəzbedici imkanlardır: “10
milyon əhalidən uşaqları və yaşlıları çıxsaq, təxminən 7-8 milyon insanın iki
kartı olduğu anlamına gəlir. Hətta bəzi şəxslərin 3-5 kartı var. Bank
kartlarının artmasının səbəbi bankların bir-biri ilə rəqabətə girərək, kart
istifadəçiləri üçün fərqli şərtlər təqdim etməsidir. İnsanlar bir kartı alıb
razı qalır, müəyyən vaxt istifadə edir və görür ki, digər bankın kartı daha
yaxşı şərtlər verir. Bu halda vətəndaş digər kartdan da alır. İnsanlar hansı
kartı istifadə edəcəklərinə qərar verə bilmirlər. Müəyyən sferalar üzrə bir
bankın kartı daha uyğundur, digər sahə üzrə başqa kart daha əlverişlidir. Ona
görə də hərənin 2-3 kartı olur”.
Kartların yarısı aktiv deyil
Mütəxəssis bildirdi ki, əhalinin həddən artıq kartdan istifadəyə yönəlməsinin
mənfi cəhətləri əsasən banklar üçündür: “Hər nə qədər kart sayı artsa da,
onlardan aktiv şəkildə istifadə olunanı azdır. Banklarda aktiv kart sayı
təxminən 50 faizdir. Bir şəxs 3-4 kart alırsa, onları müəyyən dövrdən bir –
hansısa kampaniyalar, sərfəli şərtlər olduqda, xaricə gedərkən və s. istifadə
edir. Amma aktiv şəkildə istifadə edilən kartlar adətən bir və ya iki ədəd
olur. Qeyri-aktiv kartlar bank üçün əlavə xərc kimi qalır”.
Dələduzluq hər gün inkişaf edir
E.Mahmudov söylədi ki, kartın sahibi üçün mənfi tərəfi yoxdur, sadəcə, bəzi
riskləri var: “İnsanın kartı nə qədər çox olarsa, o kartları izləmək, onların
təhlükəsizliyini təmin etmək o qədər çətinləşir. Amma əslində sadə qaydalardır.
Kart məlumatlarını heç kimə verməyin, gələn sms-lərdəki linklərə daxil olmayın,
hər zəng edən şəxsə aldanmayın. Tanımadığınız saytlarda kartınızdan ödəniş
vasitəsi kimi istifadə etməyin. Sosial şəbəkələrdə qarşınıza çıxan vədlərə,
kampaniyalara inanmayın. Ancaq rəsmi səhifələri, saytları izləyin. Amma hər nə
qədər banklar, təhlükəsizlik orqanları, güc strukturları insanları
maarifləndirməyə çalışsa da, yenə də görürük ki, aldananlar var. Kartlardan
oğurluq halları hər gün inkişaf edir, yeni yollar tapıb insanları aldatmağa
cəhd edirlər. Buna görə də hər zaman kart sahiblərindən xahiş edirik ki,
təhlükəsizlik qaydalarını nəzərə alsınlar”.