Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun
adını çəkmə!”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Əhməd Cavad ömrünü Azərbaycan xalqına həsr edib. Əlbəttə ki, o illər çətin
dövrlər idi. Zamanın çətinliyinə baxmayaraq, öz həyatını Azərbaycan
Respublikasının müstəqilliyi və azadlığı üçün qurban verib. Özünü ən yüksək
zirvələrə ucaldıb. Onun adını yaşatmaq mənim üçün böyük qürurdur. Mən sovet
illərində təhsil almışam. Hər dəfə müəllimlərim bütün uşaqları toplayıb
deyirdilər ki, bu oğlan himnimizin sözlərinin müəllifi Əhməd Cavadın
nəticəsidir. Uşaq idim, amma qürur duyurdum. Mən Əhməd Cavadın “Göygöl” şeirini
sevirəm. Babam məhz həmin şeirə görə həbs olunmuşdu. “Ey əsgər” şeiri də Əhməd
Cavad yaradıcılığının ən yaxşı şeirlərindəndir. 132 yaşına qədəm qoydu. Hər
zaman onu dərin ehtiramla yad edirik. Onu bu gün nəinki ailəsi, bütün
Azərbaycan yada salır, xatırlayır”.
Bunu Moderator.az-a açıqlamasında Əhməd Cavadın nəticəsi Cavad Axundzadə deyib.
O, daha sonra nənəsi Şükriyyə xanımı xatırlayıb və onun acınacaqlı həyatından
bəhs edib.
“Əhməd Cavadın adını daşıyıram. Bu adı mənə Şükriyyə nənəm verib. Hamı ona
Əhməd Cavad deyir, amma ailəmiz ona Cavad baba deyib. Evdə Cavad babanın
sevgisi ilə böyümüşük. Ailəmiz Şükriyyə nənəmin evində onunla birgə yaşayıblar.
Həmişə çalışıram ki, nənəmin mənə verdiyi bu adı doğruldum. Uşaq olandan nənəm
mənə Əhməd Cavadın şeirlərini sevdirib. Mənə “Cavad, Cavadım” deyə müraciət
edirdi. Çalışırdı ki, çətin günlərindən danışmasın. Amma hadisələr yadına
düşəndə xatırlamadan keçə bilmirdi. Əlbəttə ki, bu, onun üçün çətin idi. Bir
dəfə Şükriyyə nənəmə sual verdim ki, Stalin kim olub? O zaman 12 yaşım var idi.
Nənəm haldan-hala düşdü, nəfəsi sanki düyünləndi. Dedi ki, onun adını çəkmə!
Həmin hadisə yadıma düşəndə hələ də özümü bağışlaya bilmirəm. Nənəm
Qazaxıstanın Akmola düşərgəsinə sürgün olunmuşdu. Həmin düşərgədə repressiya
olunmuş ailələrin qadınları saxlanılırdı. Ora əmək düşərgəsi idi. Nənəm bir gün
qamış toplamağa gedir. Görür ki, qarın içərisində itlər nəyisə öz aralarında
bölüşdürə bilmir, yemi bölə bilmirlər. Bir az qabağa gedən kimi görür ki, yeni
doğulmuş körpə cəsədidir. Sən demə düşərgədə hansısa qadın çətin şərait
içərisində ana olur. Az keçmir ki, körpə ölür. Nəzarətçilər də bu körpəni çölə
tullayırlar. Həmin hadisədən nənəm çox sarsılır. Bu, onun sinir sisteminə də
təsirsiz ötüşmür. Ona görə də Stalinin zülmündən danışmağı sevmirdi,
haldan-hala düşürdü. Şükriyyə nənəm ömrünün son illərini Şəmkirdəki evində
keçirdi. Yay tətillərində, xüsusi bayramlarda onun yanına gedib qalırdım. Onun
kimi güclü qadının tərbiyəsini almaq mənə nəsib olub. O dünyasını dəyişəndə 13
yaşım var idi. Amma buna baxmayaraq, xatirələrim çoxdur. Çox ağır həyat yolu
keçmişdi, ömrü boyu da haqsızlığa qarşı mübarizə aparmışdı. Nənəm sürgündə
olanda 5 övladından uzaq düşür. O illərdə övladlarının hərəsi bir internata
verilir. İkinci Dünya müharibəsi başlayanda böyük oğulları Niyazi və Aydın
babam cəbhəyə yollanırlar. Kiçik oğulları Yılmazı da kənd camaatı böyüdür.
Şükriyyə nənəm sürgündən qayıdan günədək Əhməd Cavadın uşaqlarına sahib
çıxırlar”, – deyə Cavad Axundzadə bildirib.