88aeeecd-f760-4b57-a91e-2a7158452b2d.jpg

Əhməd Əhmədovla bağlı qərarın doğurduğu suallar: Sağalsa, həbs olunacaq?

Baxış sayı: 243 dəfə baxılıb.

Ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun bu gün
Maştağa qəsəbəsindəki psixiatriya xəstəxanasında məcburi müalicəyə göndərilərək
cəzadan azad edilməsi cəmiyyətdə böyük əks-səda yaratdı.

Cixisyolu.com xəbər verir ki, insanların bu qərarla bağlı sualları yaranıb.

Anlaqsız olmaq nə deməkdir? Bu kimi insanlar sağalırlarmı? Sağalırlarsa,
anlaqsız olduqları dövrdə törətdikləri cinayətə yenidən baxılırmı? Bu kimi
suallar sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib.

Suallara cavab tapmağa çalışdıq.

Hüquqşünas Emil Aslanov Cixisyolu.com-a açıqlamasında bildirdi ki, müttəhim cinayəti
törədən zaman anlaqsız olubsa, sonradan o, məsuliyyətə cəlb oluna bilməz.

“Əgər anlaqsız vəziyyətdə olduğu üçün cinayət məsuliyyətindən azad edilibsə, o
zaman sonradan sağalsa belə, məsuliyyətə cəlb olunmur. Çünki cinayəti törədən
zaman anlaqsız olub. Lakin əgər cinayəti törədən zaman o, anlaqlı olub, daha
sonra hansısa xəstəlik səbəbindən anlaqsız vəziyyətə düşdüyü üçün məsuliyyətdən
azad olunubsa, o zaman sağalandan sonra yenidən törətdiyi cinayətə görə
məsuliyyətə cəlb edilə bilər. Amma cinayəti törədən zaman anlaqsız olubsa,
sonradan o, məsuliyyətə cəlb oluna bilməz”, – deyə hüquqşünas vurğulayıb.

Həkim-psixiatr Abdulla Şıxlinski isə Cixisyolu.com-a açıqlamasında anlaqsızlıq
məfhumunun iki kriteriyası olduğunu diqqətə çatdırıb.

“Biri var, tibbi kriteriya, biri də var, hüquqi kriteriya. Tibbi kriteriya
odur ki, insan cinayət törədən anda hansısa psixi pozğunluq vəziyyətində olub.
Hüquqi kriteriya isə odur ki, vəziyyətindən asılı olmayaraq, o, cinayət
törətdiyi anda öz hərəkətlərinə cavabdeh olmaq iqtidarında olmayıb.

Bunlar ayrı-ayrı şeylərdir. Başqa sözlə desək, tibbi kriteriya müəyyən edir
ki, sözügedən şəxs xəstədir, yoxsa xəstə deyil, patoloji vəziyyətdədir, yoxsa
patoloji vəziyyətdə deyil. Hüquqi kriteriya isə müəyyən edir ki, cinayət
törədən anda şəxs öz iradəsi ilə cinayətin qarşısını özü ala bilərdi, yoxsa
bilməzdi.

“Anlaqsız vəziyyətdə olmaq” o deməkdir ki, insan cinayəti törətdiyi anda ya
müvəqqəti psixi pozğunluq, yəni qısa müddət davam edən psixi pozuntu
vəziyyətində olub, ya daimi cərəyan edən psixi xəstəliyin kəskinləşməsi
vəziyyətində olub, ya da affekt vəziyyətində olub.

Yəni bu üç vəziyyətdən biri varsa və cinayət törədən anda o, öz hərəkətlərinə
cavabdeh olmaq qabiliyyətinə malik deyildisə, o, anlaqsız hesab olunur.

“Anlaqsız” insanın sonradan sağalıb-sağalmayacağını heç bir həkim, heç bir
psixiatr öncədən deyə bilməz. Çünki təbabətdə hansı xəstəliyin sağalacağı,
hansı xəstəliyin sağalmayacağı kriteriyaları bizə məlum deyil.

Bu artıq ixtisaslaşmış psixiatriya xəstəxanasında yatan müddətdə məlum olur.
Əgər sağalırsa, ictimai təhlükəliliyi davamlı surətdə azalırsa və ya itirsə,
onu xəstəxanadan buraxırlar, əvvəlki həyatını yaşayır. Əgər sağalmırsa, xəstə
vəziyyətindədir, patoloji vəziyyətdədir və ictimai təhlükəlidirsə, elə
xəstəxanada da qalır. Xəstəxanadan buraxılmaq və yaxud buraxılmamaq da
məhkəmənin qərarına bağlı bir məsələdir.

Məhkəmə qərarı ilə xəstəxanadan buraxılandan sonra isə həmin şəxs, birmənalı
olaraq, yenidən cinayət məsuliyyətinə cəlb oluna bilməz. Bu qərardan sonra onu
yenidən məhkum edib həbsxanaya göndərmirlər – elə bir şey yoxdur”.

Həkim əlavə edib ki, məcburi müalicənin özü də iki cür olur:

“Biri var, müddətli, biri də var, ömürlük məcburi müalicə.

Əgər məhkəmə tərəfindən şəxsə ömürlük müalicə təyin olunursa, o, ömürlük
xəstəxanada qalacaq, heç vaxt oradan çıxmayacaq. Müddətli müalicə zamanı isə
məhkəmə müəyyən bir müddət qoyur. Həmin vaxtdan sonra yenidən məhkəmənin qərarı
olsa, xəstəxanadan buraxıla bilər”, – deyə A.Şıxlinski bildirib.

Xatırladaq ki, bu ilin fevral ayının 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədov
aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl
başqa bir ünvanda isə bacısı – 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun
azyaşlı qızını qətlə yetirməkdə şübhəli bilinib. O, şübhəli şəxs qismində
saxlanılıb və fevralın 14-də barəsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra o, Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına
yerləşdirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən
adamöldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ittiham
irəli sürülüb.

Bu gün isə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda qərar
elan olunub.

Hakim Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə tərkibi 25 yaşlı Əhmədin
cinayəti anlaqsız vəziyyətdə törətməsi ilə bağlı ekspert rəyini əsaslı hesab
edib. Prokuror Əhmədin anlaqsız olduğuna görə cəzadan azad edilməsini,
ixtisaslaşmış xəstəxanada məcburi müalicəsini tələb edib. Yekun qərarla Əhməd
cəzadan azad edilib və ona Maştağa qəsəbəsində yerləşən ixtisaslaşmış
psixiatriya xəstəxanasında məcburi müalicə tətbiq ediləcək.

Əzizə İsmayılova

Source link