Əhməd Əhmədovun vəkili ekspertiza rəyindən DANIŞDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bakıda ailəsinin 5 üzvünü vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinən
1999-cu il təvəllüdlü Əhməd Əhmədovun ruhi xəstə olub-olmadığını müəyyən etmək
üçün təyin edilmiş ekspertizanın rəyi hələ açıqlanmayıb”.
Bu barədə “Yeni Müsavat”a açıqlama verən Əhməd Əhmədovun vəkili Sevdiyar
Bayramov deyib ki, müvəkkili barəsində ekspertizanın rəyini gözləyirlər.
Vəkil rəyin konkret neçə günə veriləcəyini deməyib.
Qeyd edək ki, istintaqı Xətai Rayon Prokurorluğu Cinayət Məcəlləsinin 120.2.4
(xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox
şəxsi öldürmə) maddələri ilə aparır.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən xəbərə görə, qanunvericiliyə
əsasən, təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman öz
əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud
onları idarə edə bilmək iqtidarında olub-olmaması psixiatriya sahəsində
ekspertlərin rəyi əsasında müəyyən olunur:
“Bu növ ekspertiza təyin edilərkən şəxsin stasionar müayinəsinə zərurət
yaranarsa, o, müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi
həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə müvafiq
tibbi stasionara yerləşdirilir.
Xatırladaq ki, ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd
Əhmədovun istintaqa verdiyi ifadə üzə çıxıb. Belə ki, Əhməd Əhmədov ilkin
ifadəsində törətdiyi qətli heç bir tərəddüd etmədən boynuna alıb. O, törətdiyi
qətllərin ardıcıllığını dəqiq təsvir edib və bunu öncədən planlaşdırdığını
bildirib. Əhməd Əhmədov ifadə verərkən istintaqçıların suallarını da olduqca
aqressiv şəkildə cavablandırıb. “Ailə üzvlərini niyə öldürmüsən?” sualına
cavabda isə Əhməd Əhmədov “Ailəmi öldürdüm, çünki belə lazım idi” söyləyib.
Hazırda Psixiatriya Xəstəxanasına yerləşdirilmiş Əhməd Əhmədovun psixi durumu
haqqında ziddiyyətli məlumatlar var. Əhməd Əhmədovun bu qətli həyata keçirərkən
anlaqlı olub-olmadığı yekun ekspert rəyindən sonra bilinəcək. Əhməd Əhmədovun
dindirilməsində iştirak edən hüquq-mühafizə orqanı əməkdaşları, təcrübəli
hüquqşünaslar söyləyirlər ki, Ə.Əhmədovun qətli anlaqsız vəziyyətdə törətməsinə
hamısında şübhələr yaranıb. Belə ki, Əhməd Əhmədov affekt vəziyyətdə olsaydı,
ardıcıllıqla ailəsinin üzvlərini yox, yolda-izdə gördüyü insanları öldürə
bilərdi. Amma o, şüurlu şəkildə ailə üzvlərini öldürüb və anasını evə
çağırması, sonra bacısının evinə getməsi onun anlaqlı olduğunu göstərir.
Bu arada hazırda Əhməd Əhmədovu qohumlarından heç kim axtarmır. Ona dövlət
tərəfindən təyin edilmiş vəkil hüquqi xidmət göstərir. Bundan sonrakı istintaq
hərəkətləri zamanı vəkil onu müşayiət edəcək. İstintaq zamanı Əhməd Əhmədov
qətllərlə bağlı detallar danışmayıb. Suallara isə lakonik, amma əsəbi cavablar
verməklə kifayətlənib. “Balta ilə, bıçaqla vurmuşam” deyərək, əlavə təfərrüat
da verməyib. Cinayət alətləri olan bıçaq və baltanı isə atasının yaşadığı evin
altındakı mağazadan satın alıb.
Hazırda istintaq davam edir.