Əjdaha ili sülh ilidir: 2024-də nələr olacaq? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Çin mifologiyasında əjdahalar küləyi, yağışı idarə edir, havaya və məhsullara
təsir edir, dünyaya firavanlıq gətirir. O, çox güclü talisman hesab olunur.
Əjdaha ağıllı və qətiyyətli olanların üzünə güləcək.
Üzümüzə gələn 2024-cü il Şərq təqviminə görə Əjdaha ilidir. Özü də elə-belə
yox, yaşıl Əjdaha ili. Şərq inancına görə, Əjdaha ili insanların öz arzularını
və planlarını həyata keçirə biləcəyi bir ildir.
“Kaspi”
bizi nələrin gözlədiyi haqqında məqaləsini təqdim edirik:
Əjdaha gücün, müdrikliyin və ədalətin simvoludur. Yorulmadan çalışanları irəli
aparır. Bu insanlar yolda çətinliklərlə qarşılaşsalar belə, məqsədlərinə çata
biləcəklər. Əjdaha ağıllı və qətiyyətli olanların üzünə güləcək.
12 bürc arasında yeganə mifik varlıq
Çin mifologiyasında əjdahalar küləyi, yağışı idarə edir, havaya və məhsullara
təsir edir, həmçinin dünyaya firavanlıq gətirir. O, çox güclü talisman hesab
olunur. Bu il həm də taxta Əjdaha ilidir. Əjdahanın həm yaşıl, həm taxta olması
onu daha da uğurlu edir. Çin ənənəsində ağac böyümənin, uğurun və inkişafın
rəmzidir. Taxta əjdahanın enerjisi ənənəvi olaraq yaşıl rəngdədir. Əjdaha 12
bürc arasında yeganə mifik varlıqdır. Bu səbəbdən onun ən enerjili və güclü
olduğuna inanılır. Çində qızıl, gümüş və boz-ağ rənglərin əjdahaya uğur
gətirdiyinə inanırlar. Çin ulduz falına görə, 2024-cü ili məhz bu çalarlarda
qarşılamaq lazımdır. İlin simvolu yaşıl taxta əjdaha olsa da, yaşıl rəng Əjdaha
ilində doğulanlar üçün uğursuz rəng sayılır.
Əjdaha müharibədən uzaqdır
Astroloq Səbuhi Rəhimli deyir ki, Əjdaha ili sülh ilidir: “Əjdaha ili Çin
təqvimi ilə fevralın 10-da başlayır və 2025-ci il yanvarın 10-da bitəcək.
Yanvarın 1-i isə Miladi təqvimi təzələnir. Əjdaha ili özündən əvvəl iki ilin
“tullantılarını süpürməklə” məşğuldur. Tarixən bu, belə olub. Hər ilin öz
xüsusiyyətləri var. Əjdaha ilində indiyə qədər böyük müharibələr müşahidə
olunmayıb. Olsa da, qısamüddətli olub. Çünki əjdaha müharibədən uzaqdır. Onun
üçün dava-dalaş, qırğınlar xarakterik deyil. Daha çox sülh müqavilələri
bağlanan, barışıq olan, həmçinin bəzi münaqişələrin bitdiyi ildir. Yunan
astrologiyasına əsasən, əjdaha ilində başlayan müharibələr elə həmin ildə də
bitir. Əjdaha ilində – 1988-ci ildə yaranan Qarabağ münaqişəsinin bu il,
2024-cü ildə sülh müqaviləsi ilə yekunlaşacağı gözlənilir. Ürəkaçan cəhət həm
də budur ki, bu il yoluxucu xəstəliklər, pandemiya gözlənilmir”
Layihələrin həyata keçdiyi il
Astroloq deyir ki, Əjdaha ili iqtisadiyyatın, mədəniyyətin inkişafı ilidir:
“Bundan başqa, il insanların həyatında kollektiv yox, fərdi yaradıcılıq
istiqamətində önəmli rol oynayacaq. Həmçinin daha çox özündən əvvəlki illərdə
reallaşmayan, dondurulan planların, layihələrin həyata keçdiyi ildir”.
S.Rəhimlinin sözlərinə görə, bu ildə zəlzələlər gözlənilən olur: “Yer kürəsində
indiyədək olan üç böyük zəlzələdən ikisi Əjdaha ilində olub. Amma bu o demək
deyil ki, bu il də mütləq zəlzələ olacaq”.
Astroloq bu il səhhətimizdə yarana biləcək problemlərdən də danışdı: “Bu il
sinir sistemi xəstəlikləri, təzyiq, gözlərdə problemlərin yaranması ilidir.
Öncədən tədbirlər görmək, müayinə və müalicə etdirmək yaxşı olar. Bundan başqa,
bu ildə insanlar gərək münasibətlərində də diqqətli olsunlar. Sözlərinə,
danışıqlarına fikir versinlər. Yerində deyilməyən sözdən münaqişələr yarana
bilər”.
Su ilə bağlı böyük fəlakətlər olacaq
Ekstrasens Zirəddin Rzayev də 2024-ci il dünya və ölkəmiz üçün proqnozlarını
bizimlə bölüşüb: “Azərbaycan-Ermənistan münasibətlərində aprel-may,
avqust-sentyabr ayları kiçik gərginlik ola bilər. Ancaq bu, böyük və xoşagəlməz
hadisələrə səbəb olmayacaq. 2021-ci ildə dünyada baş verəcək daşqınlar barədə
proqnoz vermişdim. O, hələ də davam edir. 2024-də də daşqınlar gözlənilir.
Ümumiyyətlə, dünyada su ilə bağlı böyük fəlakətlər olacaq. Azərbaycanda yaz-yay
ayları yüngül yeraltı təkanlar qeydə alına bilər. Amma dağıdıcı və böyük
fəlakətlərin olması gözlənilmir.”
Türkiyədə yeni zəlzələlər ola bilər
Dünyada baş verəcək hadisələrin proqnozunu Zirəddin bəy Türkiyənin timsalında
açıqlayıb: “Payız və qış aylarında Türkiyədə yeni zəlzələlər ola bilər, ancaq
bu, böyük dağıntılara səbəb olmayacaq. Bu zəlzələlər Türkiyə ilə eyni
coğrafiyadakı ölkələrə də aiddir. Şərqdə yeni müharibə qığılcımı müşahidə
olunacaq. Mən demişdim ki, 2023-cü ildə Rusiya və Ukrayna hərbi qarşıdurmasına
möhür vurulacaq. Belə də oldu. Qərb artıq Ukraynaya öz maddi və hərbi yardımını
dayandıracağını elan edib. Bu da o deməkdir ki, artıq Qərb Ukraynada Rusiya ilə
savaşdan imtina edir. 2024-cü il isə hərbi əməliyyatlar ya qismən, ya tam
şəkildə dayanmalıdır. Bu müharibə Rusiyanın qələbəsi ilə nəticələnəcək.
Fələstin və İsrail gərginliyi ikincinin qələbəsilə bitəcək”.