Ekspert: “ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını
almaqdır” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“ABŞ-nin əsas məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaq
və regionda dominant mövqe yaratmaq cəhdini davam etdirməkdir”.
Bunu “Report”a ABŞ-dən olan jurnalist, təhlükəsizlik məsələləri üzrə analitik,
hüquqşünas İrina Zukerman aprelin 5-də Brüsseldə baş tutacaq Avropa
İttifaqı-Ermənistan-ABŞ müştərək konfransının keçirilmə səbəbini və doğuracağı
nəticələri şərh edərkən deyib.
O, Avropa İttifaqının mövcud konfransda iştirak səbəbinə gəlincə isə, bildirib
ki, Aİ-nin bəzi ölkələri Ermənistanın Azərbaycanın ona hücum etmə ehtimalı ilə
bağlı səsləndirdiyi iddialara inanır və bunun tərəfindədir:
“Lakin Ermənistanın iddialarından kənar fikirlərini təsdiqləmək üçün əlində
heç bir dəlil yoxdur”.
İ.Zukerman Rusiya-Ermənistan münasibətlərinə də toxunaraq rəsmi Kremlin Cənubi
Qafqazda yeni cəbhənin olduğunu iddia edərək vəziyyəti öz xeyrinə çevirməyə
çalışdığını söyləyib:
“Rusiya 19-cu əsrdən etibarən Ermənistandan öz hərbi bazası kimi istifadə
edir. Rusiyanın Ermənistanı iqtisadi, siyasi və hərbi cəhətdən idarə etməsi,
onu müxtəlif hərbi uğursuzluğa sövq etməsi, Qərb ölkələrinə qarşı manipulyasiya
etməsi və indi İrəvanın açıq mesajlarına baxmayaraq, onun mövqeyini qəbul
etməkdən imtinasını müzakirə etmək əbəsdir. Rusiyanın Cənubi Qafqazdakı
mövcudluğu öz qərarıdır və Sovet İttifaqı dağılandan bəri buranı tərk etməkdən
imtina edib”.
Ekspert hesab edir ki, nəzəri olaraq Aİ-Ermənistan-ABŞ konfransının
Ermənistana irəliləyiş üçün inam verməkdən və onları Rusiya və ya İran kimi
üçüncü tərəflərin müdaxiləsindən qorumaqdan başqa sülh danışıqlarına heç bir
təsiri olmamalıdır:
“Lakin nəzəriyyədən çıxdıqda burada iki məsələ var. Bir tərəfdən təhlükəsizlik
zəmanəti Ermənistanı Azərbaycana qarşı təbliğat hücumlarını dayandırmağa sövq
edə bilər. Amma digər tərəfdən, ola bilər ki, Ermənistan daxilindəki bəzi
qruplaşmalar yeni təhlükəsizlik zəmanətindən Bakıya qarşı təzyiq göstərmək
məqsədilə sui-istifadə etsinlər və imzalanacaq sazişi Azərbaycana qarşı silaha
çevirməyə çalışsınlar. Bu səbəbdən Azərbaycanın Aİ və ABŞ ilə dialoqa girməsi,
Ermənistanın yalançı iddialarını rədd etməsi və bu ölkələrlə təhlükəsizlik
əlaqələrinin möhkəmləndirilməsi istiqamətində öz yolunu tapması vacibdir”.