Ekspert: “Amuldağ qızıl yatağının istismarı dayandırılmalıdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Sağlamlığa Xidmət” İctimai Birliyinin sədri Pərvanə Vəliyeva Amuldağ
(Amulsar) qızıl yatağının istismarının bütün regionu təhdid etdiyini bildirib.
O, “Report”a açıqlamasında deyib ki, Amuldağ qızıl yatağının istismarı
dayandırılmalıdır.
P.Vəliyeva qeyd edib ki, burada qızıl yatağının istismarı nəticəsində ətrafda
olan bütün çaylar, su ehtiyatları radioaktiv maddələrlə çirkləndirilir:
“Ermənistanın yüzdən çox qeyri-hökumət təşkilatı bu barədə etiraz bəyanatı
yayıb. Biz bu məsələni ötən il dəfələrlə qaldırmışdıq. Yatağın istismarı təkcə
Ermənistan çərçivəsində deyil, bütün regionu, hətta planeti təhdid edir.
Qızılın istismarı üçün bir çox ölkələrdə qadağan olunan sianogen
texnologiyasından istifadə edilir. Bu maddələr burada olan İstisu mineral su
yatağı, Göyçə gölü, Arpaçay, Xəzər dənizi üçün ciddi təhdiddir. İstismar zamanı
maddələrin çaylar vasitəsilə dənizə tökülməsi ümumilikdə Mərkəzi Asiya ölkələri
üçün də problemdir”.
Onun sözlərinə görə, Ermənistan və həmin yatağı istismar edən “Lydian” şirkəti
tərəfindən ətraf mühitə mümkün təsirin qiymətləndirilməsindən ötrü cəlb olunan
xarici şirkətlərin hesabatında bu texnologiyadan istifadə qeyd edilməli idi.
P.Vəliyeva bildirib ki, belə bir texnologiyanın istifadəsi qiymətləndirmənin
özünə ziddir.
“Yatağın istismarı zamanı aparılan qiymətləndirmə zamanı ətraf-mühitə təsir
nəzərə alınmayıb. Ermənistan tərəfi Amuldağ qızıl yatağında monitorinq
aparılmasına şərait yaratmalıdır. Biz AFP koalisiyası olaraq bütün
bəyanatlarımızda olduğu kimi yenə də həmin şirkətlərə səslənirik. Həm yerli
şirkət, həm səhmdarları olan digər xarici şirkətlərə səslənirik ki, həmin
yatağın istismarını dayandırsınlar və ya ətraf-mühitə təsirin
qiymətləndirilməsi sənədlərini öz veb-saytlarında təqdim etsinlər. Bu
məlumatlar əhaliyə açıq olsun. Tələb edirik ki, xarici ekspertlər Azərbaycanın
ictimai, səhiyyə və ekologiya sahəsində fəaliyyət göstərən ekspertlərə,
qeyri-hökumət təşkilatları icmalarına icazə versinlər ki, gedib o yatağı
monitorinq etsinlər. Burada ekspertiza işləri aparılsın, yatağın fəaliyyəti ilə
yerində tanış olsun, müəyyən ölçmə işləri, nümunələr götürülsün. Monitorinq
aparılmasına qarşı tərəf əlverişli şərait yaradılsın”.
Xatırladaq ki, “Environmental Protection First” (EPF) Koalisiyası Ermənistan
vətəndaş cəmiyyəti təşkilatlarının Amuldağ (Amulsar) qızıl yatağında ətraf
mühitə ziyan vuran dağ-mədən sənayesi işlərinin dayandırılmasına dair etiraz
bəyanatını dəstəkləyir və qızıl yatağında monitorinq aparmağa hazır olduğuna
dari bəyanat yayıb.