Ekspert: Bakı Qoşulmama Hərəkatının əsas həlqəsi oldu

Ekspert: Bakı Qoşulmama Hərəkatının əsas həlqəsi oldu

Baxış sayı: 2. 529 dəfə baxılıb.

Azərbaycanın Qoşulmama Hərəkatında iştirakı rəsmi Bakıya nəinki xarici siyasət çağırışını irəli sürməyə, həm də bir çox ölkələrlə bəşəriyyətin ən aktual problemləri haqqında dərin dialoqu inkişaf etdirməyə imkan verir.

Bu barədə “Cənubi Qafqaz” Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə ÇıxışYolu.Com-a açıqlamasında deyib.

Azərbaycanlı politoloqun fikrincə, Azərbaycan Hərəkatın sədr ölkəsi kimi qarşıda duran illərdə sülhün qorunması və təhlükəsizliyə dəstək, sivilizasiyalararası dialoqun inkişafı, aktual sosial-iqtisadi məsələlərin həlli, az inkişaf etmiş ölkələrdə həyat səviyyəsinin qaldırılması ilə bağlı problemlər kimi aktual məsələlər haqqında dialoqu asanlaşdıracaq.

“Təbii ki, bu məsələnin öhdəsindən effektiv gəlmək üçün onun reallaşdırılmasında mühüm addımlar atmaq lazımdır və bunun üçün də Hərəkatın bütün ölkələrinin iştirakı zəruridir.

Hər halda Bakının beynəlxalq arenada artan nüfuzu və digər dövlətlər tərəfindən dəstəklənməsi, Azərbaycanın güman etdiyi çağırışın uğurlu həyata keçməsinə ümid etməyə imkan verir.

Biz kifayət qədər qlobal tədbiri ölkəmizdə keçiririk, Azərbaycan Hərəkatın sədrliyini həyata keçirir və bu da Bakının Qoşulmama Hərəkatında əsas həlqəyə çevrildiyini bildirir”, – Vəlizadə qeyd edib.

Xatırladaq ki, aprelin 5-6-da Bakı Konqres Mərkəzində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirilir.

Nazirlər Konfransında Qoşulmama Hərəkatında iştirak edən, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri olmaqla, ümumilikdə 800-dən artıq şəxs iştirak edir.

Beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.

Azərbaycan Respublikası 2011-ci ildə Balidə keçirilmiş XVI Nazirlər Konfransında Hərəkata qoşulub. 2019-cu ildə Azərbaycan Respublikası Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək. 2019-2022-ci illər ərzində Azərbaycan Respublikası Qoşulmama Hərəkatına sədrlik edəcək.

www.ÇıxışYolu.Com