b28e2d9b-ab6c-452f-a097-6ab5e2be2a9b.webp

Ekspert: “COP29-dan yeni iqlim maliyyəsi hədəfləri üzrə irəliləyiş gözləyirəm”

Baxış sayı: 248 dəfə baxılıb.

“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyası (COP29) enerji keçidi məsələsində yeni hədəflər formalaşdırmalı
və inkişaf etməkdə olan ölkələrdə yaşıl keçidin sürətləndirilməsinə diqqəti
artırmalıdır”.

Bu barədə “Report”a açıqlamasında davamlı maliyyələşdirmə sahəsində tanınmış
mütəxəssis, “D.A.Carlin and Company”nin təsisçisi Devid Karlin bildirib.

Onun sözlərinə görə, bərpa olunan enerji mənbələri bəşəriyyəti yaşıl keçid və
ənənəvi olaraq qalıq yanacaqlardan istifadə edən sahələrin elektrikləşdirilməsi
ilə təmin edəcək. Eyni zamanda D.Karlin qeyd edib ki, günəş və külək enerjisi
ən əlçatan və eyni zamanda perspektivli enerji istiqamətləridir.

D.Karlin Azərbaycanla dayanıqlı inkişaf sahəsində əməkdaşlığa hazır olduğunu
bildirib:

“Dünyanın hər yerində hökumətlərlə əməkdaşlıq edirik. Azərbaycanla da
dayanıqlı inkişaf sahəsində əməkdaşlıq etmək istərdik”.

Bundan əlavə o bu ilin noyabrında Bakıda keçiriləcək COP29-dan gözləntiləri
barədə danışıb. D.Karlin iqlim maliyyəsi üzrə “Yeni Kollektiv Kəmiyyət Hədəfi”
(NCQG) məsələlərində irəliləyiş gözlədiyini vurğulayıb:

“Mən konfransın yekun sənədində qalıq yanacaqlardan keçid planları ilə bağlı
daha aydın ifadələr, karbon bazarlarının etibarlılığı və davamlılığından əmin
olmaq üçün dəqiqləşdirmələr görmək istərdim. Həmçinin inkişaf etməkdə olan
ölkələrdə yaşıl keçidin sürətləndirilməsinə diqqəti artırmaq lazımdır”.

Ekspert qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizə beynəlxalq ictimaiyyətin
əməkdaşlığını tələb edir:

“İqlim dəyişikliyi qlobal əməkdaşlıq tələb edən çağırışdır. Dünyada hər bir
ölkənin nəzərə alınmalı olan özünəməxsus iqlim dəyişikliyi şəraiti var”.

Source link