Ekspert: “COP29 hidrogen yanacaq elementləri üzrə əməkdaşlıq platformasına
çevrilə bilər”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Hidrogen enerjisinə keçid gələcək nəslə buraxıla biləcək ən böyük hədiyyədir
və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının
29-cu sessiyasında (COP29) hidrogen yanacaq elementlərinin tədqiqatı və
inkişafı sahəsində beynəlxalq əməkdaşlığı təşviq etmək üçün platforma ola
bilər”.
Bu barədə “Report”a açıqlamasında Beynəlxalq Hidrogen Enerjisi
Assosiasiyasının ekoloji cəhətdən təmiz hidrogen üzrə mütəxəssislər qrupunun
rəhbəri Məhəmməd Əbu Laban deyib.
Onun fikrincə, fosil yanacağından hidrogen enerjisinə keçid strategiyası əsas
olmalıdır, çünki bu, iqlim dəyişikliyinin əsas səbəbi olan istixana qazı
emissiyalarını azaldacaq: “Bu yolla, biz mövcud bərpa olunan enerji
infrastrukturundan istifadə edə və elektrikləşdirilməsi çətin olan sektorları
“karbonsuzlaşdıraraq” daha davamlı enerji sistemləri yarada bilərik”.
Əbu Labanın sözlərinə görə, bu il Azərbaycanda keçiriləcək COP29 hidrogen
yanacaq elementlərinin tədqiqi və inkişafı sahəsində beynəlxalq əməkdaşlığın
təşviqi üçün platforma ola bilər: “Qısa müddətdə konkret fəaliyyət
məhdudlaşdırılsa da, hidrogen texnologiyasının inkişafı üçün uzunmüddətli yol
xəritəsi vacibdir”.
O bildirib ki, hidrogen yanacaq elementləri gəmilər, yük maşınları və elektrik
enerjisi mənbəyindən istifadənin çətin olduğu bəzi sənaye prosesləri kimi ağır
nəqliyyat üçün təmiz alternativ təmin edə bilər: “Hidrogen molekulları,
enerjini qorumağın bir yolu olaraq, litium batareyalardan istifadə edərək
elektronlarda enerji saxlamaq üçün dünya miqyasında qeyri-real istəklə
müqayisədə bir çox üstünlüklərə malikdir, çünki hidrogen litium və kobalt kimi
komponentlərdən daha az asılıdır”.
Əbu Laban qeyd edib ki, hidrogen yanacağı istifadə edən mühərriklər və
akkumulyatorlar sadə dizaynı sayəsində daha az texniki xidmət tələb edir, ətraf
mühit üçün risk yaratmır, səssiz işləyir və daha az istismar xərclərinə
malikdir.