Ekspert: “Əgər biz keyfiyyət, komfort və vaxta qənaət istəyiriksə mütləq
vəsait ödəməliyik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun yeni hissəsinin
istifadəyə verilməsi həmin istiqamətdə sıxlığı azaldacaq”.
Bunu “Report”a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Yasin
Mustafayev bildirib.
Qeyd edək ki, bu gün Tarif (Qiymət) Şurası Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyinin (AAYDA) müraciəti əsasında bu yol üçün tariflər müəyyən edib.
Ekspertin sözlərinə görə, ödənişli yolların olması təcrübəsi dünyanın bir çox
ölkələrində mövcuddur:
“Ödənişli yolların mövcud olması xarici ölkələrin, xüsusən də inkişaf etmiş
ölkələrin təcrübəsində çox geniş yayılıb. Burada əsas məqsəd alternativ
yolların yaradılması, əhalinin bir nöqtədən başqa nöqtəyə gedərkən rahat
şəkildə seçimlər edə bilməsidir.
Bunların da bir neçə maliyyə mənbəyi olur. Belə ki, həmin yollar adi fiziki
şəxslər, xarici investorlar və dövlət tərəfindən də maliyyələşdirilə bilir.
Adətən xarici investorlar yaxud fiziki şəxslər tərəfindən maliyyələşdirilən
zaman bu, müəyyən müddətə tiklib istismar edilir. Təxminən 25 ildən başlayan
müddətdə investorlar qoyduqları xərcləri çıxardıqdan sonra həmin yollar yenidən
dövlətin tabeliyinə verilir. Yəni dünya təcrübəsi belədir”.
Y. Mustafayev bunu Azərbaycan üçün müəyyən edilən qiymətlərlə müqayisə edib. O
qeyd edib ki, “Avtomobil yolları haqqında” qanunun 19-cu maddəsinin ikinci
bəndində də göstərilib ki, ödənişli yolları təşkil etmək üçün mütləq eyni
keyfiyyətdə alternativ ödənişsiz yolun olması lazımdır:
“Hazırda Bakı-Rusiya istiqamətində təklif edilən ödənişli yola alternativ
ödənişsiz yol da var. Adətən mühərrik həcmi kiçik olan nəqliyyat vasitələri
üçün çox az miqdarda qiymətlər müəyyən edilir. Əslində daha çox daşınar
yüklərdən, xüsusən də tranzit yüklərdən vəsaitlərin daxil olması nəzərdə
tutulur. Ödənişsiz yol onun alternativindən təxminən 11 km qısadır. Vaxta
qənaət etmək istəyən sürücülər təbii ki, ödənişli yolu seçə biləcəklər. Hesab
edirəm ki, həmin istiqamətdə hərəkət edəcək sürücülərin böyük əksəriyyəti buna
gedəcək. Əgər biz keyfiyyət, komfort və vaxta qənaət istəyiriksə mütləq vəsait
ödəməliyik və bu, çox normal haldır”.
Qeyd edək ki, Tarif Şurasının qərarı ilə Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən
başlayaraq tikilən yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə minik
avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə
1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib.
Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər
maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən
15 manat) təşkil edəcək. Avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8
qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib. Qoşqulu və
yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli
yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).
Gediş üçün ödənişin məbləği avtomobil yolunun texniki dərəcəsi, aidiyyəti
qurumların apardığı monitorinqlər əsasında nəqliyyat vasitəsinin qət etdiyi
məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla
müəyyənləşdirilib. Hazırda yolda son tamamlama işləri aparılır.