Sosial mənzillərin satışı ilə bağlı mayın 7-də keçirilmiş seçim mərhələsinin nəticələri ləğv edildikdən sonra seçim meyarlarının təkmilləşdirilməsi və yeni mexanizmlərin tətbiqi daha da aktuallaşıb.
ÇıxışYolu.Com-a açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, güzəştli mənzil seçimində “first-come, first-served” prinsipi seçimdə ədalətin təmin edilməsi üçün yetərli deyil:
“Belə görünür ki, kompüterdə daha cəld işləyə bilənlər ev seçimində daha çox üstünlüyə malikdir. Halbuki, bu yanaşma sosial meyar deyil, daha çox texniki vərdişlərlə bağlıdır və güzəştli mənzil seçimində sosial mexanizimlərinin tətbiqinə ehtiyac var.
Təssəvür edin ki, həyat yoldaşını itirmiş və himayəsində uşaqlar olan xanım kompüterdən cəld istifadə edə bilmədiyinə görə sosial evə sahib olmaqdan mərhum olur. Bu, təbii ki, sosial ədalət prinsipinə uyğun deyil.
Nəyi təklif edirik? Güzəştli kateqoriya prinisipi saxlanılmaqla “çevik seçim” mexanizmindən sosial meyarlara keçid həyata keçirilməlidir. Təxminən səkkiz minə yaxın vətəndaşımız sosial mənzilə sahib olmaq istəyir.
Daha məqsədəuyğun olardı ki, Mənzil İnşaatı Dövlət Agentliyi müraciətlərinin sosial strukturuna uyğun olaraq seçim meyarları müəyyənləşdirsin. Müraciətlər sosial kriteriyaya uyğun olaraq qruplaşdırılmalıdır. İlkin olaraq daha çox sosial dəstəyə ehtiyacı olan vətəndaşlar evlə təmin edilməlidir”.
İqtisadçı qeyd edib ki, birinci mərhələdə mənzili olmayan şəhid ailələri, ailə başçısını itirmiş ailələr və mənzili olmayan elmlər doktorlarına mənzillər təklif edilə bilər:
“Xüsusən, himayəsində azyaşlı uşaqları olan həyat yoldaşını itirmiş xanımlara belə imkan yaradılması məqsədəuyğundur. Çünki həmin ailələrin daha çox sosial qayğıya ehtiyacı olduğundan onların mənzil probleminin ilk növbədə həll edilməsi vacibdir.
Çoxuşaqlı evi olmayan aztəminatlı ailələr də prioritet qrupa daxil edilə bilər. Sonrakı mərhələdə isə digər sosial qruplara güzəştli mənzillərdən istifadə imkanı verilməlidir. Bütövlükdə, mənzil bölgüsündə ardıcıllığın texniki deyil, sosial meyarlar üzrə müəyyənləşdirilməsinə ehtiyac var”.
Xatırladaq ki, Mənzil İnşaatı Dövlət Agentliyi Bakıda aztəminatlı ailələr üçün inşa edilmiş güzəştli mənzillərin mayın 7-də keçirilmiş elektron bölgüsünün nəticələrini ləğv edib.
Belə ki, ilk satış prosesinin mənzil seçimi mərhələsində “Elektron hökumət” portalına istifadəçi daxilolmaların və aparılan əməliyyatların sayı kütləvi xarakter daşıdığına görə portal artıq yüklənməyə məruz qalıb.
“Güzəştli mənzil” sistemində qeydə alınmış səhvlər nəticəsində sistemə daxil ola bilən vətəndaşlardan 1963 nəfərinə mənzil seçimi ilə bağlı yanlış bildirişlər göndərilib.
Həmin şəxslərdən 260 nəfəri mənzil seçimi ərizəsini imzalayıb təsdiq edə bilsə də, qalan 1 703 nəfər baş vermiş texniki problemlər nəticəsində bu prosesi başa çatdıra bilməyib.
Bu günə qədər “Güzəştli mənzil” sistemində 8900-dən çox vətəndaşa şəxsi elektron kabinet verilib.
Mənzillərin güzəştli satışının ədalətli, şəffaf və bərabər şəraitdə keçirilməsini təmin etmək məqsədilə Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 nömrəli binalarında yerləşən 260 mənzilin seçimi yenidən təşkil olunacaq.