Ekspert: Paşinyan səhvlərini etiraf etmək istəmir və xarici işlər nazirini qurban verməyə hazırdır

Baxış sayı: 2. 128 dəfə baxılıb.

Ekspert: Paşinyan səhvlərini etiraf etmək istəmir və xarici işlər nazirini qurban verməyə hazırdır

Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi İrəvanın daxili siyasi mövqeyini öz yanaşmasına görə hoqqabazlıqla oynadır. İndi isə çarəsiz vəziyyətdə günahkar axtarmağa çalışır.

Bunu ÇıxışYolu.Com-a açıqlamasında Avrasiya Press Beynəlxalq Fondunun prezidentinin köməkçisi, politoloq Anastasiya Lavrina deyib. O əlavə edib ki, “Past” adlı erməni qəzetinin paylaşımını şərh etsək, Paşinyan Valday Beynəlxalq Müzakirə Klubunun iclasında verilən açıqlamalar fonunda xarici İşlər naziri Zohrab Mnatsakanyanı istefaya göndərmək niyyətindədir.

Azərbaycan Prezidenti İlham Əliyevin Valday Beynəlxalq Müzakirə Klubunun 16-cı iclasındakı parlaq çıxışı dünya ictimaiyyətinin rəsmi Bakının işğal olunmuş ərazilərin qaytarılması üçün lazım gələn hər şeyi edəcəyinə dair mesajı idi. Bu bəyanat beynəlxalq media, siyasətçilər və ekspertlər tərəfindən yüksək qiymətləndirildi.

Paşinyan məğlub olduğunu yaxşı bilir və buna görə də vəziyyətdən çıxış yolu tapmağa çalışır. O ya məğlubiyyətini açıq etiraf etməlidir ki, bu halda Paşinyana olan inam daha da aşağı enəcək, ya da çox yaxşı bacardığı günahkar axtarışına çıxmalıdır”.

Onun sözlərinə görə, xarici işlər naziri Ermənistan baş nazirinin səriştəsiz siyasətinin növbəti qurbanı olub.

“Paşinyan Mnatsakanyanı guya ölkənin Rusiyadakı mövqeyini lazımi səviyyədə təmsil etməmək də ittiham etmək qərarına gəlib. Dünyada Ermənistan Baş nazirinin nə qədər qeyri-ciddi qəbul olunduğunu nəzərə alsaq, o zaman bu qərar gülüş doğuracaq”, – deyə Lavrina əlavə edib.

O qeyd edib ki, rəsmi İrəvanın Dağlıq Qarabağla bağlı mövqeyi heç vaxt indiki baş nazirin dövründə olduğu kimi qarışıq olmayıb: “Paşinyan daim ziddiyyətli açıqlamalar verir. Vəziyyət o yerə çatıb ki, o, İrəvanın işğal etdiyi ərazilərin Ermənistanın bir hissəsi olduğunu söyləyib. Xarici işlər naziri Sergey Lavrovun Soçidəki Valday forumunda rəsmi Moskvanın reaksiyasını əks etdirən çıxışı gözlənilən idi. ATƏT-in Minsk qrupunun həmsədri olan ölkənin xarici işlər naziri fövqəladə bir şey söyləmədi. Lavrov Paşinyanın davranışı ilə sülh danışıqları prosesini pozduğunu vurğuladı”.

Onun sözlərinə görə, Paşinyan üçün səhvlərini açıq şəkildə etiraf etmək çətindir:

“Ermənistanın baş naziri ölkə daxilində nüfuzunu itirməyə davam edir. Paşinyan hələ də Dağlıq Qarabağ separatçıları ilə ortaq dil tapa bilməyib. O, keçmiş prezident Robert Köçəryan və onun arxasındakı klana qarşı mübarizə aparmağa məcburdur.

Paşinyan Moskvaya kobud cavab verə bilməz. Biz indi KTMT-da təkrarlanan vəziyyəti görürük. Belarus prezidenti Aleksandr Lukaşenkonun qeyd etdiyi kimi, Paşinyan Rusiya prezidenti Vladimir Putinə və xarici işlər naziri Sergey Lavrova açıq etiraz edə bilməz”.

Rasim Babayev