Qərbin güc mərkəzləri tanınmamış “DQR”-ni Qarabağ danışıqlarında ayrı tərəf kimi təqdim etmək istəyirlər.
Bu sözləri ÇıxışYolu.Com-a açıqlamasında tanınmış rusiyalı politoloq Qriqori Trofimçuk separatçıların Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda iştirakı məsələsini şərh edərkən deyib.
Onun sözlərinə görə, Qərb bunu açıq formada etmir, “hər şeyi sakitcə, vasitəçiləri və tərəfdarları vasitəsilə edir”.
“İş burasındadır ki, əgər danışıqlar prosesinə yeni tərəf əlavə olunsa, Dağlıq Qarabağın suverenliyi ilə bağlı addım atılmış olacaq”, – ekspert bildirib.
O əlavə edib ki, Ermənistanın yeni simaları bunu açıq şəkildə bəyan edirlər. Təsadüfi deyil ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyan da ilk bəyanatında bu məsələyə toxunub.
“Bütün bunlar Bakının planlarına uyğun deyil və müəyyən narahatlıqlar doğurur.
Ancaq Azərbaycan sadəlövh ölkə deyil və burada başa düşürlər ki, nə Avropa, nə Qərb, nə də Rusiya Qarabağın Azərbaycanın tərkibinə reinteqrasiyasına razı olmayacaqlar.
Rusiyanı bu siyahıdan dərhal silmək olar. Çünki Moskva Qarabağ məsələsində “status-kvo”nun saxlanılmasının tərəfdarıdır. Qərb və Avropaya isə regiondakı qeyri-sabitlik sərf edir.
Öz mövqeyini açıq şəkildə bəyan edən yeganə tərəf Türkiyədir. Azərbaycan üçün qardaş ölkə olan Türkiyə. Ancaq Türkiyənin də öz problemləri var”, – Trofimçuk deyib.
Ekspert qeyd edib ki, Azərbaycan bu ritorikaya sayıq olmalıdır.
Əli Məmmədov
www.ÇıxışYolu.Com