Xəbər verdiyimiz kimi, ABŞ və Avropa Birliyinə daxil olan 14 dövlətin rusiyalı diplomatları ölkədən çıxarmaq yönündə qərarı rus rublunun məzənnəsinin düşməsinə səbəb olub.
ÇıxışYolu.Com xəbər verir ki, rublla bərabər, Moskva birjası da düşüş yaşayıb.
Moskva Birjası İndeksi (MICEX) 0,8 faiz dəyərdən düşərək 2.268 bala geriləyib. RTS indeksi 0,9 faiz enərək 1.250 bal olub.
Nəzərə alsaq ki, Rusiya ən böyük ticarət tərəfdaşlarımızdan biridir, bu ölkənin valyuta və fond bazarındakı proseslərin Azərbaycana necə təsir edəcəyi sual doğurur.
Qeyd edək ki, hazırda Rusiyada avronun məzənnəsi 69,17 rubldan 71,26 rubla, dolların məzənnəsi isə 57,17 rubla yüksəlib.
İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, Rusiyanın Böyük Britaniya ilə başlayan “ikinci dalğa gərgin münasibətləri” şimal qonşumuzun köhnə qitənin aparıcı ölkələri ilə də münasibətlərinin kəskinləşməsinə səbəb olub:
“Digər tərəfdən, ABŞ yeni sanksiyalar siyahısını genişləndirir. Bu fonda rublun məzənnəsində cüzi də olsa, azalmala müşahidə edilir. Fevrarlın sonunda 1 dollar almaq üçün 55.5 rubl ödəmək lazım idisə, indi hər ABŞ valyutası üçün 57.5 rus puldan keçmək lazımdır.
Doğrudur, məzənnə fərqi kəskin deyil, amma aydındır ki, Moskva inzibati yollarla rubla olan təzyiqləri neytrallaşdırır. Moskvanın inzibati metodlarla rublu uzun müddət bu intervalda saxlaya bilməsi inandırıcı görünmür və elə bunun özü yaxın gələcəkdə Rusiya üçün ciddi xərcə çevriləcək”.
İqtisadçının sözlərinə görə, Qərblə münasibətlərin gərginləşməsi fonunda şimal qonşumuzda yenidən dollarlaşma prosesi sürətlənir:
“Bütün bunlarla yanaşı, rublun məzənnəsinin necə dəyişməsi iqtisadi baxımdan əhəmiyyətlidir. Belə ki, ötən il 1 milyard 538 milyon dollarlıq qeyri-neft sektoru üzrə ixracatımızın 553 milyon dolları Rusiya bazarına yönəlib.
Bu isə o deməkdir ki, Azərbaycanın ümumi qeyri-neft ixracatının 36 faizə yaxını məhz şimal qonşumuzun payına düşür. Deməli, rublun məzənnəsi qeyri-neft ixracatımıza birbaşa təsir göstərən faktorlardandır. Bu baxımdan, rublun dəyərsizləşməsi manata təzyiqləri artıra bilər”.
Ekspert Qubad İbadoğlu bildirib ki, 122 rus diplomatı (ABŞ – 60, Böyük Britaniya – 23, Ukrayna -13, Almaniya – 4, Fransa – 4, Polşa – 4, Litva – 3, Çexiya – 3, Hollandiya – 2, Danimarka – 2, İtaliya – 2, Latviya – 1, Estoniya – 1) xidmət etdikləri ölkələrdəki konsulluqlarından və beynəlxalq təşkilatlardan qovulub:
“Siyahı son deyil, çox şübhəsiz ki, davamı olacaq. Rusiyanın açıq-aşkar görünən izolyasiyası yalnız diplomatik münasibətlər çərçivəsinin daralmasında deyil, həm də beynəlxalq inteqrasiyadan bəhrələnmək potensialının məhdudlaşdırılması sahəsində də müşahidə olunacaq.
Bu isə o deməkdir ki, “Putin Rusiyası” itkilərini həm siyasi, həm də iqtisadi müstəvidə bərpa etmək üçün Azərbaycan kimi orbitində və yaxın çevrəsində olan ölkələri daha çox özünə doğru çəkəcək.
Bununla yanaşı, Rusiya-İran, Rusiya-Türkiyə münasibətləri daha da intensivləşəcək. Bundan əlavə, Rusiya izolyasiyadan xilas olmaq üçün Çin, Hindistan, Meksika, Braziliya kimi nəhənglərlə də daha sıx ticari-iqtisadi əlaqələrə can atacaq”.