Ekspert şərtləri AÇIQLADI: İpoteka güzəşti mənzilləri ucuzlaşdıra bilər? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün regionlarda ipoteka şərtlərinin yüngülləşdirilməsi təklif edilir və bu
istiqamətdə dövlət tərəfindən müəyyən addımların atıldığı qeyd edilir. Hesab
edilir ki, regionlarda ipoteka şərtlərinin yüngülləşdirilməsi Bakıya əhali
axınını dayandıracaq və əhalinin regionlarda yaşamasını stimullaşdıracaq. Digər
bir məsələ isə regionlarda ipoteka şərtlərinin yüngülləşdirilməsinin mənzil
bazarında qiymətlərə hansı formada təsiri ilə bağlıdır.
Məsələ ilə bağlı “Trend”ə açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil
Osmanlı bildirib ki, regionlarda ipoteka şərtləri Bakı ilə müqayisədə daha
əlçatandır.
“Çünki regionlarda evlərin də qiyməti Bakı ilə müqayisədə aşağıdır. Nəticə
etibarı ilə alınan mənzillərə görə aylıq ödənişlərin məbləği vətəndaşlar üçün
kifayət qədər əlçatan olur.
Bu, başqa məsələdir ki, regionlarda ipoteka götürmək istəyən şəxslərin
gəlirləri Bakıdakı səviyyədə deyil, aşağıdır. Eyni zamanda hesab edirəm ki,
rayonlarda məskunlaşmanı təşviq etmək üçün ipoteka faizlərində müəyyən
güzəştlər tətbiq etmək olar”, – deyə R.Osmanlı bildirib.
Regionlarda ipoteka şərtlərinin yüngülləşdirilməsinin qiymətlərə təsirinə
gəlincə isə, R.Osmanlı qeyd edib ki, bu gün Azərbaycanda verilən ipotekanın 80
faizdən çoxu Bakının payına düşür.
“Burada Abşeron və Sumqayıtı da çıxsaq, ümumi regionların təqribən 7-8 faizlik
payı qalır. Bu mənada hesab etmirəm ki, regionlara ipotekada güzəşt tətbiq
edilməsi əmlak qiymətlərinə təsir göstərsin. Əmlak qiymətlərinə təsir
göstərməsi üçün bazar şərtləri bu prosesə uyğun olmalıdır. İndiki halda
Azərbaycanda qiymət azalması üçün heç bir əsas və şərt yoxdur”, – deyə
R.Osmanlı bildirib.
Xatırladaq ki, ipoteka kreditləri hər ilin əvvəlində ayrılır.
Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 47 356
ipoteka krediti verilib.
Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 833 541
141 manatdır.