Ekspert: “Tarif Şurasının dərmanlarla bağlı qərarı iş adamlarını sadə
ekspertizaya sövq edəcək” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycanda sadələşdirilmiş ekspertiza tariflərinin mövcud tariflərdən
20-29% az müəyyən edilməsi təsərrüfat subyektlərinin adi ekspertizadan daha çox
sadələşdirilmiş ekspertizaya üstünlük verməsini stimullaşdırır”.
Bu barədə “Report”a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.
O qeyd edib ki, bu tip ekspertiza ölkəyə idxal olunmuş dərmanın keyfiyyətinin
yaxşılaşdırılmasına xidmət edir:
“Dərman vasitələri haqqında” Qanunun birinci maddəsinin 34-cü bəndində qeyd
edilir ki, sadələşdirilmiş ekspertiza dərman vasitələrinin xarici qeydiyyatda
tanınması və xarici qeydiyyatda tanınmış dərman vasitələrinin idxalına icazənin
verilməsi məqsədilə edilən ekspertizadır. Sadə dildə desək, sadələşdirilmiş
ekspertiza o dərmanlara tələb edilir ki, onlar artıq xaricdə tanınıb. Yəni
artıq müəyyən ölkələrdə tanınmış dərmanlar sadələşdirilmiş ekspertiza
vasitəsilə Azərbaycanda qeydiyyata alına bilər. Əgər beynəlxalq səviyyədə
tanınan bir dərman Azərbaycana idxal olunursa, onun Azərbaycanda ekspertizası
sadələşdirilmiş formada həyata keçirilə bilər. Çünki bu dərman beynəlxalq
arenada qəbul edilib. Keyfiyyətsiz olsa idi, qəbul edilməzdi”.
E.Əmirov hesab edir ki, sadələşdirilmiş ekspertiza tariflərinin azaldılması,
əvəzində adi ekspertiza tariflərinin artırılması dərmanların qiymətinə təsir
etməyəcək:
“Təsərrüfat subyektləri 99,9% ehtimalla hansısa qiymət artımına getməyəcək.
Çünki bunun heç bir iqtisadi əsası yoxdur. Ekspertiza beş ildə bir dəfə
aparılır. Bir il ərzində isə pərakəndə ticarət şəbəkəsində apteklərdə əczaçılıq
məhsulları və tibbi ləvazimatlara bir milyard manatdan artıq vəsait xərclənir.
Statistikaya görə, bu ilin yanvar-oktyabr aylarında apteklərdə bir milyard 39
milyon manatlıq dərman vasitələri və tibbi ləvazimatlar satılıb. Hətta ötən il
bundan da çox olub. Odur ki, bir dərmanın burada qeydiyyatı üçün tarifin
azalması o dərmanın qiymətinin azalmasına imkan verməyəcək. Eyni zamanda
tarifin artması qiymətin artmasına gətirməyəcək. Yəni beş il ərzində tarif
dəyişkənliyi dərman qiymətlərinə təsir edəcək gücdə olmur”.
Onun sözlərinə görə, xarici qeydiyyatın tanınması üçün sadələşdirilmiş
ekspertiza üzrə müddətin 11 gün müəyyən edilməsi bu növ ekspertizaya yönəlik
fəaliyyətin stimullaşdırılmasıdır:
“Adi ekspertizanın müddəti 90 gündür, sadələşdirilmiş ekspertizanın isə
müddəti 11 gündür. Belə olduqda ölkəyə dərman idxal edən təsərrüfat subyekti
beynəlxalq aləmdə qeydiyyatda olan dərman vasitələrinin idxalına üstünlük
verəcək. Çünki həmin dərmanlar idxal edilərkən 11 gün ərzində tanınacaq,
tarifləri aşağı olacaq, təsərrüfat subyekti keyfiyyətli məhsul idxal edəcək və
əhali belə dərmanları daha çox istehlak edəcək. Bütün hallarda bu prosesin
dərman təchizatının yaxşılaşdırılmasına və əhalinin bu qəbildən olan
məhsullarla keyfiyyətli formada təmin olunmasına hesablanmış addım olduğunu
düşünürəm”.