132b4479-af98-4671-a3b8-705b9622ddb2..jpg

Ekspert tikinti şirkətlərini binalardan çıxarmağın yolunu göstərdi – FOTO

Baxış sayı: 923 dəfə baxılıb.

Ekspert tikinti şirkətlərini binalardan çıxarmağın yolunu göstərdi – FOTO

“Tikinti şirkətləri binalardan çıxarılacaq”.

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov bildirib.

“Məlum olduğu kimi, Mənzil Məcəlləsinə görə, çoxmənzilli binaları sakinlərin
ümumi yığıncağı idarə etməlidir. Lakin tikinti şirkətləri buna imkan vermir.
Sakinlərin savadsızlığı və birləşməyi bacarmamasından istifadə edərək binanı
idarə etməyə və sakinlərdən pul qoparmağa davam edirlər. Hətta onlara ödəniş
etməyən sakinlərə zülm edir, məhkəməyə müraciət edərək ödəniş də tələb edirlər.

Əksəriyyət elə düşünür ki, guya çoxluğa malik olmayan sakinlər məhkəməyə
müraciət edə bilməzlər. Bu yanaşmanı alt-üst etmək üçün yaşadığım binadan
başladım. Binanı guya sakinlərin çoxu ilə müqavilə bağlamış Novruz Zeynalov
adlı tikinti maqnatına məxsus “Komfort Yaşam” MMC idarə edir. Halbuki, ümumi
yığıncağın və ya bələdiyyənin qərarı olmadan sakinlərlə müqavilə bağlanıla
bilməz. Çünki söhbət binanın ümumi mülkiyyətdə olan əmlakının idarə
edilməsindən gedir. İddia tələbimi də sırf bunun üzərində qurdum. Xətai Rayon
Məhkəməsi (hakim Aygün Həsənova) iddiamı təmin etmədi. 10 fevral 2023-cü il
tarixdə isə Bakı Apellyasiya Məhkəməsi hakim Xumar Mərdanovanın sədrliyi ilə
qərara aldı ki, ümumi yığıncağın iradəsi olmadığı üçün “Komfort Yaşam” MMC
binanı qanunsuz idarə edir, buna görə də binadan çıxarılmalı və onun
idarəetməsindən kənarlaşdırılmalıdır.

Düzdür, məhkəmə indiyədək guya faktiki xidmət göstərdiyi üçün MMC-yə ötən dövr
üçün ödənişlərin edilməsi qənaətində də qaldı. Yanlış mövqedir, çünki binanı
zəbt etmiş şəxsə hansı ödənişdən söhbət gedə bilər axı?! Amma bu, əsas məsələ
deyil. Əsas odur ki, ölkədə ilk dəfə cəmi bir neçə (dörd) sakinin iddiası ilə
tikinti şirkəti idarə etdiyi binadan çıxarılacaq. Yəqin ki, tikinti şirkəti Ali
Məhkəməyə şikayət edəcək. Amma bu, artıq heç nəyi dəyişə bilməz. Düzgün yanaşma
öz təşəkkülünü tapacaq. Bu qətnamə digər binaların sakinləri üçün örnək olacaq.
Odur ki, tikinti şirkətlərini binalarınızdan qovun, idarəetməni öz əlinizə
alın”, – Ə.Həsənov qeyd edib.

Source link