ABŞ və onun müttəfiqləri Əsədə zərbə endirməyə bilməzdi. Səslənən bəyantlardan sonra, bu artıq bir prestij məsələsinə çevrilmişdi.
Bunu gürcüstanlı politoloq Qela Vasadze ABŞ-ın Suriyaya endirdiyi zərbələrlə bağlı ÇıxışYolu.Com-a verdiyi açıqlamada bildirib.
Ekspertin fikrinə görə, maraqlı olan məsələ, topların artıq müasir dünyada kralların əl atdığı sonuncu vasitə olmamasıdır.
“Əvvəllər klassik paradiqmada, istənilən münaqişə belə görünürdü: eskalasiyanın artması – uğursuz danışıqlar – silahlardan istifadə (müharibə). Bu gün isə Suriyada tam yeni yanaşmanın şahidi oluruq. Hər üç proses paralel şəkildə inkişaf edə bilir”,- deyə Vasadze bildirib.
Onun sözlərinə görə, ABŞ həm iqtisadi, həm hərbi, həm də digər sahələrdə dünyanın ən güclü resurs bazasına malikdir. Ancaq gürcü ekspertin təbirincə, resurslara sahib olma heç də hər şey demək deyil, onlardan effektiv şəkildə istifadə etməyi bacarmaq daha həlledici amildir.
“Suriya münaqişəsi beynəlxalq siyasətdə yeni yanaşmaların yoxlanılması üçün ideal meydançadır. Nə qədər sinik səslənsə də, bu acı həqiqətdir.
Yeri gəlmişkən, Vaşinqton bu prosesə hamıdan gec qoşulur. Birinci Tehran və Körfəz sülalələri müdaxilə edib. Daha sonra Ankara və Moskva. Ancaq digər münaqişə iştirakçılarının potensialı ABŞ-ın potensialı ilə müqayisəyə gəlməz.
Keçmiş ABŞ administrasiyasının (Obama) “qarışmama” siyasəti bu gün Suriya və Yaxın Şərqdə mövcud situasiyanın yaranmasına gətirib çıxardı. Hazırki ABŞ rəhbərliyinin yürütdüyü siyasətin nə dərəcədə effektiv olduğunu zaman göstərəcək”, – deyə Vasadze vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp, Dəməşqin şəhərkənarında kimyəvi silahdan istifadə olunmasına cavab olaraq Suriyaya dəqiq zərbələrin endirilməsinə göstəriş verib. Zərbələr 50 dəqiqəyə yaxın davam edib. Suriya hakimiyyətinin bəyanatına görə qanadlı raketlərin üçdə bir hissəsi HHM sistemləri ilə havada zərərsizləşdirilib.