Ekspert Trampın qlobusu və İranla gərginləşən münasibətlər haqda

Ekspert Trampın qlobusu və İranla gərginləşən münasibətlər haqda

Baxış sayı: 2. 258 dəfə baxılıb.

Ötən həftə ABŞ dövlət katibi Mayk Pompeo İran və ABŞ arasında yeni nüvə sazişinin bağlanması məqsədilə rəsmi Tehranın qarşısına 12 şərt qoydu. Şərtlərin əksəriyyəti İranın nüvə proqramından çox, İranın regional siyasətinə aid olub.  Bunlar arasında Hizbullah, Həmas və digər qruplaşmalara dəstəyin dayandırılması, Suriyadan İran qüvvələrinin çıxarılması, ballistik raket proqramının dayandırılması və bu qəbildən olan digər tələblər yer alır.

Tehranın bu şərtləri qəbul edəcəyi əlbəttə ki, inandırıcı görünmür.İranın bu gün həm İraq həm də Suriyada qalib mövqedə olduğu bir vaxtda, belə bir saziş özlüyündə İslam respublikasının kapitulyasiyasına bərabər olardı. Tehranın Suriyada qələbə qazanması “ayətullaların” İsrail sərhədlərinə birbaşa çıxış imkanı yaradır, bu isə “ravvinləri” ciddi şəkildə narahat edir. Ona görə İranın bu kontekstdə geri çəkiləcəyini gözləməyə dəyməz.

ABŞ-ın İrana irəli sürdüyü şərtlər, Avropa Birliyinin bu məsələ ilə bağlı siyasəti və mövqeyi haqqında ÇıxışYolu.Com-ya rusiyalı politoloq, Yaxın Şərq üzrə ekspert, iranşünas İqor Pankratenko danışıb.

Pompeo İrana 12 şərt irəli sürüb. Necə düşünürsüz, İran bu şərtləri yerinə yetirə bilər? Tehran Vaşinqtonun ultimatum tələblərinə güzəştə gedəcək?

“Pompeo siyahısını” qəbul etmək İran üçün mahiyyətcə suveren xarici siyasətdən imtina etməyə bərabərdir. ABŞ dövlət katibinin təfsirində ən çox “valeh edən” məsələ onun Tehrandan öz maraqlarının müdafiəsindən tamamilə imtina etməsini tələb etməsidir.

Düşündürücüdür – İran özünü elə aparmalıdır ki, məsələn İsrail və Ər-Riyadın narazılığına səbəb olmasın, onlarda hər hansı qıcıq yaratmasın.

Ancaq məsələ ondadır ki, nə o , nə də o biri məsum deyil. Onlar İrana qarşı elan olunmamış müharibədə kifayət qədər aktiv iştirak edirlər. İran ərazisində qətllərin təşkilindən tutmuş, İran Kürdistanında və ya İran Belucistanında terrorçu qruplaşmaların fəaliyyətinə dəstəyə kimi. Məgər İsrail və ya Səudiyyə Ərəbistanı bu addımlarından imtina etməyə hazırdır?

Pompeo siyahısının hər 12 müddəasını nəzərdən keçirmək və onların hər birini sual altına almaq olar. Bəs İranın düşmənləri Tehranın bu şərtləri qəbul edəcəyi təqdirdə ona təhlükəsizlik və maraqlarının qorunması ilə bağlı qarantlar verməyə hazırdır?

Və beləcə aydın olur ki, Vaşinqton heç bir şeyə görə zəmanət vermək fikrində deyil. Yalnız əlavə sanksiyalar tətbiq etməyəcəyinə dair qarantlar verə bilər. Və ya tammiqyaslı deyil, məhdud iqtisadi müharibə apara bilər.

Bəs onda İranın bu ultimatum tələblərini yerinə yetirməyin, əslində isə boynunu Ağ Evin xəncərinin altına verməsinin Tehran üçün nə mənası və ya faydası olacaq? Heç bir mənası yoxdur. Artıq hamıya ayındındır ki, Tramp administrasiyası  İran və ABŞ-ın  dünyada əminaman şəkildə qarşılıqlı mövcud olmasını mümkün saymır.  Yerdə qalan dünya üçün isə problem ondan ibarətdir ki, Tramp üçün başqa bir qlobus yoxdur.

Avropa İttifaqı Vyana sazişindən çıxmaq niyyətində deyil. Bu belədir?  Necə fikirləşirsiniz,  ABŞ sanksiyaları şəraitində, Vaşinqton Tehranla iqtisadi əlaqələri kəsdiklərinə görə Avropa İttifaqı dövlətlərinin ziyanını kompensasiya edəcək?

Avropanın Trampın Vyanada bağlanmış nüvə sazişindən çıxmaq qərarı ilə bağlı hər gün narazı bəyanatlar səsləndirdiyini eşidirik. Avropa Birliyi bu sazişə sadiq qaldığını bildirir.

Ancaq nədənsə bir dəfə olsun belə, Berlin, Paris, Roma, Brüssel və ya başqa blok üzvünün Vaşinqtonun şərtlərinə əməl etmək niyyətində olmadıqları və İranda işləyən şirkətlərini hər vəchlə ABŞ-ın tətbiq etdiyi sanksiyalardan qorumağa hazır olmaları ilə bağlı bəyanatlarını eşitmədik.

Bəyanatlarda buna bənzər heç nə tapa bilməzsiniz. Bundan savayı Avropanın ali rəsmiləri artıq öz şirkət və banklarını qorumaqda aciz olduqlarını etiraf edir.

Nəticə olaraq – iri bizneslər “İrandakı layihələri” dondurmağa və ya ləğv etməyə başlayıb. Ümumi götürdükdə bu elə məntiqi addımdır. Avropa şirkətləri üçün ABŞ bazarını itirmək, İran bazarlarındakı gəlirlərdən məhrum olmaqdan qat-qat “ağrılıdır”. Bu iki vur iki kimi sadə riyazi tapşırıqdır.

Müəyyən mənada, bunu Tehran da yaxşı başa düşür. Təsadüfi deyil ki, “məyusluq turnesindən” – nüvə sazişinə üzv olan dövlətlərin paytaxtına səfərdən geri dönən Cavad Zərif  Avropa İttifaqını sazişin qorunmasında  siyasəti qətiyyət göstərməyə çağırdı.

Siz çox düzgün sual verdiniz. Avropa İttifaqı üçün Trampın əlində təkcə, İranla əməkdaşlıq edən şirkətlərə ABŞ bazarının və bank sferasının qapılarının bağlanması ilə tərənnüm olunan “qamçı” yoxdur, eyni zamanda “şirin kökə” var.   

Hələlik Amerikalıların  Avropa şirkətlərinin “İran layihələrini” bağlaması müqabilində onların ziyanını hansı şəkildə kompensasiya edəcəyini dəqiq şəkildə demək çox çətindir.  Ancaq bunun belə olacağı heç bir şübhə doğurmur.

Avropanın  Vaşinqtonun addımlarına reaksiyası haqqında söhbətlərdə nədənsə Çinin mövqeyi kölgədə qalır. Əvvəllər rəsmi Pekin İrana qarşı sanksiyalara o qədər də məhəl qoymayıb. Bəs bu dəfə Pekin necə davranacaq?

Sözün düzü, mən elə hazırda bu məsələni araşdırıram. Burada bir sıra nüanslar var. Sözün düzü hər hansı erkən rəylə çıxış etmək istəməzdim. Bu məsələ hələ kifayət qədər “yetişməyib”.

Ancaq bir məsələ ilə bağlı əminliklə danışmaq olar. Pekin İrana görə ABŞ-la münasibətlərini korlamaq niyyətində deyil. ABŞ və ÇXR arasındakı münasibətlər onsuzda qənaətbəxş səviyyədə deyil, qaldı ki, praqmatik çinlilər bura başqa bir problemi də əlavə etsinlər. Onların ABŞ-la ciddi iqtisadi problemləri var.

Əlbəttə ki, Pekin İranla münasibətdə öz müstəqil siyasətini yürüdəcək. Ancaq bu ABŞ-ın öz bazarlarını Çinin üzünə bağlamasına qədər davam edəcək. Yəni hələlik İranla əməkdaşlığın faydaları ilə ABŞ-ın cavab addımlarının ziyanı arasındakı balans Çin şirkətlərinin xeyrinə işləyir. Mənfi balans yarandıqda, Çinin ABŞ-dakı biznesi ciddi diskomfort hiss edəcək. Pekin situasiyanı korrektə etmək üçün tədbirlər görəcək.

Demək istədiyim odur ki, Avropa şirkətlərinin İrandan çıxacağı, boş qalan yerləri isə Çin şirkətlərinin tutacağı inandırıcı gəlmir.

Neftin bahalaşmasının müəyyən miqdarda İran üçün əlverişli olacağını demək olar?

Burada ilk növbədə bahalaşmanın nə qədər uzunmüddətli olacağını anlamaq lazımdır. Neftin ciddi şəkildə bahalaşması üçün obyektiv zəmin müşahidə olunmur.  Bəli bəzi sıçrayışlar olur, ancaq bunu davamlı bir tendensiya olaraq qəbul etmək mənim fikrimə görə, çox erkəndir.

Ola bilər, bu İranın ixracat həcmindəki itkilərini müəyyən qədər kompensasiya edəcək. Ancaq bu halda belə, qismən kompensasiya edəcək, ən yaxşı halda 15-20 faiz civarında. Çünki satışlar iki dəfədən çox azaldıqda, neftin bahalaşacağına bel bağlamaq düzgün deyil. Bunun üçün neft qiymətləri iki dəfə artmalıdır ki, bu da artıq reallıq yox fantastikaya bənzəyir.

Ancaq burada Tehran üçün yaxşı xəbər də var. Cari ilin sonuna kimi İranın neft ixracatında ciddi ixtisar gözlənilmir. Nəticə etibarı ilə, İranın hər hansı “təhlükəsizlik yasıtığı”  hazırlaması üçün müəyyən qədər vaxtı olacaq. Düşünürəm ki, İranda bunu çox yaxşı anlayırlar və bu istiqamətdə işlər görürlər.

www.ÇıxışYolu.Com