46234b35-b3c8-40f8-9faf-29636a2b2ead..jpg

Ekspert: “Transxəzər layihəsi kommersiyadan daha çox siyasi alver predmetinə çevrilib” – FOTO

Baxış sayı: 848 dəfə baxılıb.

Ekspert: “Transxəzər layihəsi kommersiyadan daha çox siyasi alver predmetinə
çevrilib” – FOTO

“Transxəzər qaz kəməri layihəsi kommersiyadan daha çox siyasi alver predmetinə
çevrilib”.

Bunu “Report”a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban
Azərbaycan Prezidentiİlham Əliyevin yerli televiziyaların jurnalistlərinə
verdiyi müsahibəsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti çıxışında çox gözəl olaraq
vurğulayıb ki, Transxəzərlə bağlı məsələlər əslində siyasiləşdirilməməlidir:

“Bununla göstərilirdi ki, indiyə qədər bu kəmərlə bağlı verilən bəyanatlar –
Qərbdən, Şərqdən, Şimaldan, Cənubdan ancaq siyasi xarakter daşıyır və bir
ölkənin digərinə təzyiqi və yaxud siyasi alver predmeti kimi müxtəlif belə
səpkili məqsədlər güdür. Ancaq o məqsədin içərisində biz hələ kommersiya
məqsədini görə bilmirik”.

Ekspert qeyd edib ki, kommersiya məqsədi odur ki, Türkmənistan qazının alınıb,
daşınıb və Avropadakı istehlakçılara çatdırılması ilə bağlı hansısa addımlar
atılmalıdır:

“Buna görə də Azərbaycan Prezidenti haqlı olaraq qeyd etdi ki, biz bu layihəyə
siyasi dəstək veririk və ya bizə müraciət etsələr, biz öz tərəfimizdən lazım
olan addımları, dəstəyi verəcəyik. Ancaq biz bu layihənin təşəbbüskarı kimi
çıxış edə bilmərik, çünki bu boru kəməri ilə nəql ediləcək qaz bizim qaz deyil.
Yəni layihənin gerçəkləşməsi üçün qazın satıcısı elan etməlidir ki, mənim
Avropa bazarında satış üçün bu qədər həcmlərim var”.

İ.Şaban xatırladıb ki, Transxəzər qaz kəməri layihəsi 1997-ci ildə gündəmə
gəlib:

“Gündəmə ona görə gəlib ki, Türkiyənin “Botaş” şirkəti ilə Türkmənistanın
“Türkmənqaz” dövlət konserni arasında illik 30 milyard kubmetr olmaqla qazın
alqı-satqısına dair kommersiya sazişi imzalanıb. Həmin sazişə görə, “Botaş”
Türkmənistan qazını tamamilə tam həcmdə alır. Şirkət bunun 10 milyard
kubmetrini Türkiyənin daxili bazarında satmağı planlaşdırırdı. Digər həcmləri
isə Avropaya ixrac etməklə bu infrastrukturun yaradılması və özünün xərclərini
kommersiya baxımından qarşılıqlı faydalı bir şəraitdə həyata keçirməli idi.
Bununla bağlı 30 milyard kubmetr ötürmə qabiliyyəti olan boru kəməri
Türkmənistandan Bakının yaxınlığına çəkilməli və Azərbaycanın Gürcüstan
ərazisindən keçməklə Türkiyə ərazisinə daxil olması planlaşdırılırdı. Buna görə
layihə şirkəti və idarəetmə şirkəti yarandı. Layihənin müzakirəsi və tranzit
ölkələrlə bu prosesin tənzimlənməsi ilə bağlı danışıqlara başlanıldı”.

Onun sözlərinə görə, 1999-cu ildə Azərbaycanda “Şahdəniz” yatağının tapılması
ilə Azərbaycanın şərtləri, yəni o boru kəməri tikilirsə və infrastruktur
yaradılırsa, o boru kəmərinin yarı həcmində özünə pay istəyirdi:

“Tərəflər hesab elədilər ki, Türkiyədən və Türkmənistandan bu şəraitdə o,
kommersiya baxımından Türkmənistan qazının Türkiyəyə və Avropaya çıxarılması və
qazın ötürülməsi rentabelli olmaz. Çünki rentabelli olması üçün hesab edilirdi
ki, bu boru kəməri ilə 20 milyard kubmetr həcmdən aşağı olmayan həcmdə qaz
gəlməli idi. Bununla yanaşı Xəzərin hüquqi statusu məsələsi 1998-ci ildə daha
kəskinləşdi. Rusiyada Vladimir Putin hakimiyyətə gələndən sonra ümumiyyətlə bu
ancaq siyasi kuluarlarda və yaxud siyasətçilərin bəyanatından başqa heç yerdə,
yəni şirkətlərin arasında bir kommersiya layihəsi kimi baxılmadı və bu günə
qədər də belə qalır”.

Ekspert bildirib ki, Türkmənistanın neft-qaz yataqları Azərbaycandakı kimi
sahildə olan yataqlar deyil:

“Onların yataqları sahildən 800, bəzən 1000 kilometr kənardadır. Lakin
Türkmənistan sahilində qaz həcmlərini daşıya biləcək infrastruktur, həmçinin
Şərq-Qərb qaz kəməri fəaliyyət göstərsə də nasos stansiyaları yoxdur.
Türkmənistanın pulu yoxdur ki, artıq xərcləri qarşılasın, ona görə də indiyədək
heç nə dəyişməyib”.

İ.Şaban deyir ki, ikinci bir tərəfdən Azərbaycandan fərqli olaraq Türkmənistan
indiyə qədər hər hansı infrastrukturun reallaşmasında özünün quru
sərhədlərindən bir metr o tərəfə, hansısa riskin bölüşdürülməsini öz üzərinə
götürməyib:

“Ancaq baxın, Azərbaycandan 3 000 kilometr kənarda Trans- Adriatik Boru
Kəmərinin (TAP) tikintisində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 20% paya
malikdir. Yəni biz onun yarısından da az hissəsinin riskini öz üzərimizə
götürdüyümüzdən. Azərbaycan qazı bu gün 3 500 kilometr axaraq İtaliyaya qədər
çatdırılır. Ancaq Türkmənistan heç bir faiz riski bölüşməsi ilə bağlı bəyanat
verib və yaxud hökumətləri hansısa addım atıb. İkinci problem ondan ibarətdir
ki, Avropada hələ bir nəfər, heç bir kommersiya qurumu, nə də ki, hökumət və ya
şirkət Türkmənistandan misal üçün 5-10 milyard və ya 20-30 milyard kubmetr qaz
həcminin alınmasını elan etməyib. Bildirməyiblər ki, hansı həcmdə qazın idxal
etmək fikirləri var. Ancaq hökumətlər “Türkmənistan qaz ölkəsidir, oradan qaz
gəlsə, yaxşı olar” kimi bəyanatlar səsləndiriblər. Bu isə ona işarə edir ki,
Azərbaycan və Türkmənistan öz vəsaitləri hesabına borunu tikməlidir”.

Mərkəz rəhbəri vurğulayıb ki, ancaq Azərbaycan Prezidenti daha maraqlı bir
məlumatı ictimaiyyətlə bölüşüb:

“O da ondan ibarət idi ki, tutaq ki, bu kəmər çəkildi, Türkmənistandan qaz
Azərbaycana nəql edildi. Bəs Azərbaycandan o tərəfə bu qaz necə gedəcək? Deyir,
bizim boru kəməri 15-16 milyard kubmetr genişləndirilə bilər. Ancaq o boru
kəməri ilə ixrac üçün Azərbaycanın öz yataqları var. “Abşeron” yatağından
çıxacaq qaz hansı boru ilə nəql ediləcək? Sabah “Qarabağ”, “Aypara”, “Babək”
yataqlarından da qaz hasil ediləcək, “Ümid” yatağında isə hasilatı iki dəfə
artırmaq istəyirik. Yəni biz Cənub Qaz Dəhlizinə ona görə kapital qoymuşuq ki,
öz ehtiyaclarımızı yaxın 30-40 ildə ödəyək.

Lakin Transxəzər boru kəmərinin kommersiya rentabelliyi üçün biz öz qazımızı
qoyub qonşunun qazını bazara çıxartmaq düzgün olmazdı. Demək, Azərbaycan
Prezidenti praqmatik yanaşır. Deyir ki, Cənub Qaz Dəhlizinin yanında o həcmdə
buraxıcılıq gücü olan bir kəmər tikmək lazımdır. Bəs bu kəməri kim tikəcək,
türkmənlər özləri gəlsinlər tiksinlər. Azərbaycan burada ancaq öz tranzit
haqqını alacaq. Bu kəməri Gürcüstanın ərazisində Gürcüstan tikəcək?. Yoxsa biz
tikməliyik? Təbii ki, bizə bu lazım deyil. Belə çıxır ki, Türkiyə ərazisində də
boru kəmərinin bu hissəsini Türkiyə tikəcək? Türkiyənin də buna imkanı yoxdur.
Avropada da bu kəmərin tikintisinə investisiya edən hələ ki yoxdur”.

O qeyd edib ki, Cənub Qaz Dəhlizinin tikinti xərcləri dəyər zəncirinə qənaət
edildikdən sonra 40 milyard ABŞ dollara başa gəlib:

“Layihələndirmə zamanı isə kəmərin və onunla bağlı digər infrastrukturun
tikintisi 45 milyard ABŞ dollara qiymətləndirlirdi. Ancaq indiki qiymətlərlə
Transxəzər layihəsinin icrası ən azı 50 milyard ABŞ dollarına başa gələcək.
Üstəlik, bu layihənin ərsəyə gəlməsi üçün ən aşağısı 6-7 il vaxt tələb olunur.
Bir sözlə, 50 milyard ABŞ dolları həcmində investisiya qoyub 20 il ərzində bu
vəsaiti geri götürmək nə dərəcədə rentabelli ola bilər, nəzərə alsaq ki,
2035-2040-cı illərdə Avropa artıq “yaşıl enerji”nin ikinci mərhələsinə keçmək
niyyətindədir. Yəni 2040-cı ildən sonra ənənəvi karbohidrogenlərin idxalı bəlkə
də minimum səviyyəyə düşəcək, tələbat isə hidrogenə olacaq”.

Bununla bağlı İ.Şaban bir daha bildirib ki, belə məsələlər Transxəzər
layihəsinin kommersiyadan daha çox siyasi alver predmetinə çevrilərək gündəmdə
qalmasını göstərən bir amildir:

“Ona görə də Azərbaycan Prezidentinin ictimaiyyət üçün açıq şəkildə verdiyi
bəyanatlardan məlum olur ki, nə qazın satıcısı, nə alıcısı, nə də bu aralıq
infrastrukturu Avropaya qədər yaradılmasına investisiya edən Avropanın maliyyə
qurumları bu gün mövcud deyil. Bu ancaq söz olaraq müəyyən məsələlərin həlli
üçün nəyəsə təsir göstərmək üçün atılan addımlardır. Biz isə bütün
layihələrimizi gerçəkləşdirmişik, pul xərcləmişik, insan resurslarımızı ortaya
qoymuşuq, onları inkişaf etdirmişik. Bu gün Xəzərin o tayı ilə bağlı təəssüf
ki, bunların heç birini müşahidə etmirik. Ancaq biz özümüzün siyasi dəstəyini
veririk”.

Source link