Ekspert: Xəzər sammiti avqustda keçirilə bilməz

Ekspert: Xəzər sammiti avqustda keçirilə bilməz

Baxış sayı: 2. 739 dəfə baxılıb.

Xəzər dənizinin siyasi və hüquqi statusunun müəyyənləşdirilməsi üzrə Xəzəryanı ölkələrin sammiti keçirilməyib, zirvə toplantısının tarixi avqust ayına təxirə salınıb. Bununla belə, təxirə salınma heç də rəsmilərin qeyd etdiyi kimi, texniki sənədlərin hazırlanmasındakı gecikmələrlə bağlı deyil.

Bu sözləri ÇıxışYolu.Com-a açıqlamasında “Cənub Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib. 

Onun fikrincə, tədbirin təxirə salınmasında məqsəd Xəzəryanı ölkələr olan Rusiya və Azərbaycanda mart-aprel aylarında baş tutan prezident seçkiləri olub. 

Ekspert: Xəzər sammiti avqustda keçirilə bilməz

“Hər iki ölkədə may ərzində ciddi struktur dəyişiklikləri gözlənilir. Və bu məsələyə görə Xəzəryanı ölkələrin sammiti yazda baş tutmadı, avqusta kimi təxirə salındı. 

Yaxın vaxtlarda ölkə başçılarının rəsmi səfərləri nəzərdə tutulub. Düşünürəm ki, bu səbəblərdən yaya planlaşdırılan sammit də təxirə salınacaq”, – Vəlizadə qeyd edib. 

Ekspert əlavə edib ki, İranı da unutmaq olmaz. 

“Trampın nüvə sazişindən çıxması ilə bağlı qərarı beş Xəzəryanı ölkə başçısının görüşünü ləngidə bilər”, – o deyib. 

Ekspert bildirib ki, Xəzər regionundakı hadisələrin gedişatına baxmayaraq, sammit bu il baş tutacaq. 

“Bundan əvvəl Xəzərin bölüşdürülməsi ilə bağlı tərəflər razılığa gəlib. Düşünürəm ki, bu il Xəzərin hüquqi statusu müəyyənləşəcək”, – o qeyd edib.

Xəzərin statusunun müəyyənləşdirilməsinin Azərbaycana nə verəcəyi ilə bağlı suala cavabında ekspert bildirib ki, Bakı üçün nəhəng iqtisadi imkanlar yaranacaq. 

“Azərbaycan Xəzərin daxilində nəhəng nəqliyyat və infrastruktur layihələrinin həyata keçirilməsində daha fəal iştirak edə bilər. 

Hüquqi status barədə qərar qəbul edildikdən sonra Transxəzər qaz kəməri layihəsinin icrası başlana bilər. Bu layihə Azərbaycanı Qərb istiqamətində qaz idxal edən əsas tranziterə çevirəcək”, – Vəlizadə əlavə edib. 

Əli Məmmədov
www.ÇıxışYolu.Com