Ekspert Vahid Məhərrəmov növbəti dəfə kənd təsərrüfatı sahəsi ilə bağlı mətbuata yanlış məlumatlar açıqlayıb. Əsasən pambıqçılıqla bağlı sistemsiz və qarışıq məzmunlu açıqlamanın “əsas tezisləri” ilə bağlı bunları bildiririk.
Birincisi, “2017-ci ildə fermerlər pambıq əkinindən ziyanla çıxıblar” deyən ekspertin əsas səhvi budur ki, o, Dövlət Statistika Komitəsinin kənd təsərrüfatı müəssisələri (xüsusi vurğulayırıq – yalnız kənd təsərrüfatı müəssisələri) üzrə pambıq istehsalının xərc-mənfəət göstəricisini bütün pambıq istehsalçılarına şamil edib.
Belə ki, həyətyanı sahələri olanlar da daxil olmaqla təqribən 1,3 milyon kənd təsərrüfatı məhsulları istehsalçısı, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinin subsidiya üzrə məlumat bazasındakı əkin təyinatlı sahələr üzrə subsidiya alan təqribən 390 min istehsalçının yalnız 1608-i kənd təsərrüfatı müəssisəsi (hüquqi şəxs), 955-i isə fərdi sahibkar (VÖEN-i olan fiziki şəxs) kimi statistik uçotdadır. 2017-ci ildə pambıq istehsalçılarının isə cəmi 33-ü hüquqi şəxs, 205-i fiziki şəxs, 15488-i isə ailə təsərrüfatı olub. Yəni ki, ekspert 33 istehsalçının göstərcisini 15726 vahid pambıq istehsal edən bütün təsərrüfatlara şamil edir.
Bununla yanaşı, Dövlət Statistika Komitəsinin hüquqi şəxslər üzrə xərc-gəlir hesabatına görə bir sentner pambığın maya dəyəri 51,7 manat, satış qiyməti isə 50,87 manat olduğu halda, fiziki şəxslər üzrə bu göstəricilər müvafiq olaraq 34,84 manat və 50,13 manat olub. Yəni hətta Dövlət Statistika Komitəsinin hüquqi şəxslərə nisbətən çox sayda digər istehsalçı qrupu olan fərdi sahibkarlar üzrə göstəriciləri də istehsalın mənfəətliyini göstərir, ancaq ekspert bunu “nəzərə almayıb”.
Göründüyü kimi, ekspert ya bilərəkdən, ya da məlumatsızlıqdan mətbuata səhv məlumatlar açıqlayıb. Əgər bu qərəzdən deyil, məlumatsızlıqdandırsa, təklif edirik ki, gəlsin Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinə, sektorla bağlı bütün məsələləri daha obyektiv məlumatlar əsasında müzakirə edək.
Yeri gəlmişkən, Aqrar Tədqiqatlar Mərkəzinin FAO ilə birgə Avropa Birliyi metodologiyası əsasında qurduğu Fermer Təsərrüfatları Məlumatlarının Monitorinqi Sisteminin 2017-ci il üzrə hesabatlarına əsasən pambıqçılq sektorunda xam pambıq istehsalçılarının gəliri ümumilikdə 41 milyoin manat olub (bura verilən subsidiyalar daxil deyil, əlavə olaraq 20 milyon manatdan çox da subsidiya verilib).
İkincisi, ekspert deyir ki, “Pambıqçılıq yalnız emal müəssisələri üçün sərfəlidir, xam pambıq istehsalçıları üçün zərərlidir”. Artıq yuxarıda xam pambıq istehsalçılarının mənfəəti ilə bağlı ətraflı məlumat verdik. Emal müəssisələrinin mənfəəti ilə bağlı isə gəlin elə ekspertin özünün səsləndiridiyi rəqəmlərə baxaq (hərçəndi ki, onlar da tam dəqiq deyil, ancaq yenə də olsun). Beləliklə, ekspert deyir ki, emal müəssisələri 2017-ci ildə xam pambığın alışına 105,5 milyon xərcləyiblər, ancaq bundan 201,4 milyon manatlıq emal məhsulları ixrac ediblər. Beləliklə, ekspertə görə 96 milyon manat mənfəət əldə ediblər. Əvvəla, emal müəssisələri bu 96 milyon manata görə elə təkcə 20 faiz mənfəət vergisinə görə büdcəyə təqribən 19 milyon manat ödəniş ediblər. Yuxarıda da gördüyümüz kimi, sonradan elə bu məbləğ də subsidiya kimi fermerlərə ödənib. Bundan basqa, ekspert olmayan da bilir ki, emal müəssisələri xammalı emal etmək üçün əlavə xərclər çəkməlidirlər. Hem de emal senayesinde yaradilan elave deyerin daha yuksek olmasi da tebiidir, emal seviyyesi derinleshdikce yaradilan elave deyerin hecmi de artir.
Üçüncüsü, ekspert bildirib ki, “pambıqçılıq başqa sahələrə də ziyan vurub, son üç il ərzində ət və süd məhsulları idxalı 2,6 dəfə artıb”. Ekspertin bu açıqlaması da reallığı əks etdirmir. Belə ki, məlum olduğu kimi idxal uçotunda, bununla da idxalla bağlı statistik məlumatlar üzrə şəffaflığın qurulması hesabına son illər ərzində bu sahə üzrə müvafiq göstəricilər daha aydın şəkildə müşahidə olunur. Məsələn, Comtrade beynəlxalq ticarət məlumatları bazasına əsasən ölkəyə idxal olunan ət məhsullarının həcmi 2014-cü ildə 110 milyon dollar, 2015-ci ildə 63 milyon dollar, 2016-cı ildə 39 milyon dollar, 2017-ci ildə 62 milyon dollar, 2018-ci ildə isə 67 milyon dollar olub. Yenə də həmin mənbənin məlumatına əsasən ölkəyə idxal olunan süd məhsullarının həcmi 2014-cü ildə 212 milyon dollar, 2015-ci ildə 140 milyon dollar, 2016-cı ildə 88 milyon dollar, 2017-ci ildə 121 milyon dollar, 2018-ci ildə isə 98 milyon dollar olub. Göründüyü kimi, ortamüddətli dövr üzrə ət və süd məhsullarının idxalında real olaraq azalma trendinin olduğunu demək daha doğrudur. Həm də “pambıq əkini artdığına görə, ət idxalı da artdı” fikri ən azından ona görə yanlışdır ki, məsələn, idxal həcmi 2016-cı ildəki 24 min tondan 2018-ci ildə 34 min tona yüksələn ət broyler quş ətidir. Yəni ki, bunun pambıq sahələrinin genişlənməsi ilə nə əlaqəsi var?
Bir sözlə, populist mülahizələrlə yarıekspert, yarısiyasətçi kimi əsassız açıqlamalar verəndə onu da nəzərə almaq lazımdır ki, bunun müqabilində ortaya ciddi faktlar qoyulanda onda açıqlama verən müəllifin özü ifşa olunur.