Bəşər Əsəd Rusiya Dövlət Dumasının deputatları ilə görüşü zamanı bildirib ki, beynəlxalq koalisiya tərəfindən atılan növbəti raket zərbələrindən sonra ölkə iqtisadiyyatının bərpasına 400 milyard dollar lazımdır.
ÇıxışYolu.Com-ın xəbərinə görə, Suriya prezidenti belə hesab edir ki, bununla ilk növbədə Rusiya şirkətləri məşğul olmalıdırlar və buna 10 ildən 15 ilədək vaxt tələb olunur.
Sivilizasiya Dialoqu İnstitutunun araşdırmalar üzrə rəhbəri Aleksandr Malaşenkonun fikrincə, Bəşər Əsəd ABŞ və onun müttəfiqlərinin zərbələrindən sonra öz xalqının əhvalını yüksəldib.
“Bu məbləğ hamı üçün ağlasığmazdır. Rusiya üçün isə, ümumiyyətlə, reallıqdan kənardır. Düşünürəm ki, Rusiya və İrandan başqa hər kəs, bunu (zərəri ödəməyi – red.) yalnız bir şərtlə – Bəşər Əsəd hakimiyyətdən gedəcəyi halda edəcəklər”, – Malaşenko deyib.
Siyasi analitik Denis Korkodinov əmindir ki, investisiyanın lazımi payını belə tələsik müəyyənləşdirmək, “loyallığa görə qiymət cədvəlini qeyd etmək” istəyi ilə izah edilə bilər.
“Görünür, Əsəd öz müttəfiqinə şübhə edir və ola bilsin ki, qərb partnyorlarının qarşısında boyun əyməyə hazırdır. Lakin onun Moskvaya olan xeyirxah münasibəti Rusiyanın maliyyə köməyinin qarantiyası olduğu müddətdə davam edəcək”, – Denis Korkodinov bildirib.
Onun sözlərinə görə, Suriya liderinin sözləri ultimativ xarakter aldıqda, Rusiya dövlət büdcəsinin zəif olmasına baxmayaraq, imtina edə bilməyəcək.
Bununla yanaşı, müxtəlif hərbi müəssisələr arasında informasiya qarşıdurması davam edir.
Suriya Baş Qərargahı bildirir ki, ABŞ, Böyük Brtitaniya və Fransa ümumilikdə 110 raket buraxıblar və onların çox hissəsi vurulub. Pentaqon deyir ki, 105 ədəd müxtəlif tipli raket olub, onlar üç mövqeyi dağıdıblar və heç bir raket ələ keçirilməyib.
Rusiya Müdafiə Nazirliyi açıqlayır ki, “hava-yer” sinfinə aid qanadlı aviasiya raketlərinin mühüm hissəsi hədəfə çatmamış vurulub. Müstəqil analitiklər isə deyirlər ki, şəkillərdə yalnız vurulmuş Britaniya raketi “Storm Shadow”nu dəqiq müəyyənləşdirmək olar.
Əli Məmmədov
www.ÇıxışYolu.Com