729f89ca-26bb-4a2b-9291-f9f2eb39289a..jpg

Ələt AİZ-də yeni yaşıllıq zonalarının salınmasına dair ictimai dinləmə keçirilib – FOTO

Baxış sayı: 661 dəfə baxılıb.

Ələt AİZ-də yeni yaşıllıq zonalarının salınmasına dair ictimai dinləmə
keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən Ələt Azad İqtisadi Zonasında
yaşıllıqların mühafizəsi və yeni yaşıllıq zonalarının salınmasına dair ictimai
dinləmə keçirilib.

Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri
Valeh Ələsgərov bildirib ki, buraya aid qanunvericilik ən dəqiq işlənmiş,
investorların cəlb edilməsi üçün ən uğurlu qanunvericilik, normativ hüquqi baza
hesab olunur:

“İnfrastrukturla təmin olunmuş ərazi lazımdır. Bu da yaradılıb. Birinci
mərhələdə 60 hektar ərazidə torpaq işləri görülüb, yollar, su, qaz xətləri
çəkilib, ofis binası, elektrik enerjisi ilə təmin etmək üçün 160 meqavatlıq
yarımstansiya tikilib. Növbəti mərhələ üçün ərazilər hazırlayırıq. 138 hektar
əlavə ərazidə hazırlıq işləri gedir ki, həmin ərazinin 41 hektarının sahibi
var. Onlar xarici investorlardır. Orada böyük müəssisələr tikiləcək. Ona görə
də həmin ərazidə işləri qısa müddətdə bitirməliyik”.

V.Ələsgərov investorlardan birinin iki-üç aydan sonra ən azı 85 min
kvadratmetr ərazini əhatə edən müəssisənin tikintisinə başlamaq istədiyini qeyd
edib:

“Ona görə də biz ərazini hazırlamalıyıq. Ərazini hazırlamaq üçün orada köhnə
ağac emalı kombinatı sökülüb və təmizlik işləri gedir. Oradakı ağaclar da böyük
ehtimal yarım əsr bundan əvvəl əkilib. Son 30 ildə isə həmin ağaclara qulluq
edilməyib. Həmin ağacların vəziyyəti göz qarşısındadır. Ərazidə infrastruktur
işləri ilə bərabər ən yüksək ekoloji tələblərə cavab verən tədbirlər görüləcək.
Təbii ki, götürüləcək ağacların yerinə yaşıllıq zolaqlarının salınması da
nəzərdə tutulub. Belə ki, 138 hektar ərazinin 10,5 hektar hissəsində
yaşıllaşdırma, abadlaşdırma işləri zamanı 10 növdə 1513 ədəd ağac əkiləcək.
Həmçinin ərazidə 15 növdə 39 min kol tipli gülün əkiləcəyi, geniş yaşıl örtüklü
sahələr salınacağı nəzərdə tutulub. Tikiləcək müəssisədə tullantı sularının
kanalizasiyaya axıdılmamasını şərt qoymuşuq. Bir tərəfdən müəssisənin
fəaliyyətində, digər tərəfdən ekoloji məsələlərin nəzərə alınmasında
maraqlıyıq. Ətraf mühit məsələlərinə çox diqqətlə yanaşırıq. Ən müasir
texnologiyalardan istifadə edərək sıfır tullantı tətbiq ediləcək. Müəssisəyə
gedən yollarda da Abşeron yarımadasının iqlimi üçün xarakterik bitkilərin
əkilməsi nəzərdə tutulub. Bundan sonra da görüləcək infrastruktur işlərində
ekoloji tələblərə ən yüksək səviyyədə cavab veriləcək”.

Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov
Agentliyə təqdim edilən bütün infrastruktur layihələrin ictimai dinləməyə
çıxarıldığını, onlara müvafiq qanunvericiliyin tələblərinə uyğun rəy
verildiyini diqqətə çatdırıb. O, əlavə edib ki, təqdim olunan pilot layihələr
zamanı bəzi ağaclar tikinti altına düşdüyündən onların bir qisminin
köçürülməsinə, köçürülməsi mümkün olmayanların isə götürülməsi məsələlərinə
baxılır və yekun rəy qəbul edilərkən tikinti üçün ayrılmış ərazinin 25 faizində
yaşıllıq salınmasına dair icraçı qarşısında tələblər qoyulur.

İctimai dinləmə ekoloqlar, QHT və KİV nümayəndələrinin yaşıllıqların
götürülməsi, bərpa dəyəri, ekoloji mühitin yaxşılaşdırlması istiqamətində
apardıqları müzakirələrlə davam edib. Sonda ərazidəki yaşıllıqların götürülməsi
ilə bağlı müraciətə müvafiq qanunvericilik çərçivəsində baxılaraq nəticəsi
barədə məlumat verilməsinə qərar verilib.

Source link