Əlahiddə Ümumqoşun Orduda müşavirə keçirilib – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
2023-cü tədris ilini uğurla başa vuran Əlahiddə Ümumqoşun Orduda 2024-cü yeni
tədris ilinə hazırlıq planına uyğun olaraq müxtəlif ixtisaslar üzrə toplantılar
keçirilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Komandir heyətinin bilik və bacarıqlarının, nəzəri və praktiki vərdişlərinin
təkmilləşdirildiyi toplantılara müxtəlif ixtisaslı və kateqoriyalı
komandirlərlə yanaşı komandir müavinləri də cəlb edilib. Toplantı
iştirakçılarından ümumqoşun, ixtisas və fiziki hazırlıqdan məqbullar qəbul
edilib.
Toplantılar başa çatdıqdan sonra 2023-cü tədris ilinin nəticələri ilə bağlı
yekun müşavirə keçirilib. Müşavirədə əvvəlcə ulu öndər Heydər Əliyevin və
şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət
Himni səsləndirilib.
Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı
general-polkovnik Kərəm Mustafayev müşavirədə çıxış edərək bildirib ki, yola
saldığımız 2023-cü il Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan
dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik
yubileyi və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər
Ali Baş Komandanıİlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti
seçilməsinin 20 illiyi, eləcə də Ordumuzun sentyabr ayında keçirdiyi uğurlu
lokal antiterror əməliyyatı nəticəsində işğal altında olan torpaqlarımızın tam
azad olunması Zəfər salnaməmizə qızıl hərflərlə yazıldı.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan
Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsini daim diqqət
mərkəzində saxlayır, Naxçıvanın etibarlı müdafiəsinin təmin edilməsi üçün mühüm
addımlar atılır. Dövlət başçımızın göstərişi ilə Əlahiddə Ümumqoşun Ordu ən
müasir silah və texnikalarla təchiz edilib, şəxsi heyətin sosial-məişət şəraiti
ən müasir standartlar səviyyəsinə yüksəldilib.
Müşavirədə ordu quruculuğundan bəhs edən “Ordumuz qürurumuzdur” adlı film
nümayiş etdirilib.
Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini – qərargah rəisi,
general-leytenant Fazil Ağalarovun “2023-cü tədris ilində Əlahiddə Ümumqoşun
Ordunun hazırlığının yekunları haqqında” məruzəsi dinlənilib.
General-leytenant Fazil Ağalarov bildirib ki, birləşmə və hissələrin
hazırlığının gedişində əsas diqqət onların döyüş qabiliyyətinin daim yüksək
səviyyədə saxlanılmasına, qısa zamanda döyüşə hazırolma dərəcələrinə
gətirilməsinə və döyüş təyinatı üzrə düzgün tətbiq edilməsinə, birinci eşelon
birləşmələrinin hazırlığında isə müdafiə zolaqlarında döyüş tapşırıqlarının
icrasına, düşmənin ehtimal olunan təxribat xarakterli fəaliyyətlərinin
qarşısının alınması və dəf edilməsi üzrə məşqlərin yerinə yetirilməsinə
yönəldilib.
Qeyd olunub ki, ötən il ərzində Əlahiddə Ümumqoşun Orduda müxtəlif
komanda-qərargah təlimləri, həmçinin qərargah və idarətemə məntəqələrinin
açılması üzrə məşqlər keçirilib. Təlim və məşqlərin gedişində komandir və
qərargah zabitləri ilə müasir ümumqoşun döyüşünün təşkil edilməsi, mürəkkəb
relyefli ərazilərdə döyüşün aparılması zamanı yaranmış müxtəlif şəraitlərdə
bölmələrin fasiləsiz idarə olunması və idarəetmə orqanlarının uzlaşmış
fəaliyyəti üzrə suallar məşq etidirilib, eyni zamanda bölük-tabor-briqada-ordu
qərargahları arasında radiorabitənin yaradılması təmin olunub.
Bildirilib ki, il ərzində ixtisas hazırlığı və zabit təkmilləşdirmə kursları
uğurla təşkil olunaraq keçirilib. Şəxsi heyətin fiziki hazırlıq səviyyəsinin
yüksəldilməsi də diqqət mərkəzində saxlanılıb. Planlaşdırılmış idman tədbirləri
il ərzində tam şəkildə yerinə yetirilib. Şəxsi heyətin mənəvi-psixoloji
hazırlığı və hərbi intizamın yüksəldilməsi üçün birləşmə və hissələrdə müntəzəm
olaraq tədbirlərin keçirilməsi davam etdirilib.
Hərbi qulluqçularımızın beynəlxalq təlimlərdə iştirakından danışan
general-leytenant Fazil Ağalarov bildirib ki, Azərbaycan və Türkiyə
Respublikaları arasında imzalanan ikitərəfli müqavilələrə əsasən Türkiyə
Respublikasında ötən ilin yanvar və fevral aylarında “Qış təlimi-2023”, aprel
və may aylarında “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimləri
uğurla icra edilib.
Əlahiddə Ümumqoşun Ordu komandanının müavinləri və ordunun idarə rəisləri
2023-cü tədris ilində görülmüş işlər, 2024-cü tədris ilində qarşıda duran
vəzifələrlə bağlı məruzə və təkliflərlə çıxış ediblər.
General-leytenant Fazil Ağalarov “Əlahiddə Ümumqoşun Ordunun 2024-cü tədris
ilinə hazırlıq planı” haqqında ətraflı məlumat verib.
Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı
general-polkovnik Kərəm Mustafayev müşavirənin yekununda Əlahiddə Ümumqoşun
Orduda yaradılan nümunəvi xidmət şəraitinə görə Azərbaycan Respublikasının
Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıq edərək
qeyd edib ki, yola saldığımız 2023-cü tədris ilində olduğu kimi, 2024-cü ildə
də qarşıda duran bütün vəzifə və tapşırıqları uğurla yerinə yetirəcək, Vətən
torpağının müdafiəsində ayıq-sayıq dayanacaq, əsl vətənpərvərlik, Ümummili
Lider Heydər Əliyev ideyalarına sadiqlik nümayiş etdirəcəyik.
Sonda Azərbaycan Respublikasının Prezidenti tərəfindən təltif olunmuş hərbi
qulluqçulara orden və meddallar təqdim edilib.