Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlıları “Qapıcıq” zirvəsinə yürüş
ediblər – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti
seçilməsinin 20 illiyi ilə əlaqədar Əlahiddə Ümumqoşun Ordunun Xüsusi
Təyinatlıları “Qapıcıq” zirvəsinə yürüş edib.
“Report” xəbər verir ki, ölkə başçısı cənab İlham Əliyev 20 il bundan öncə
2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçilən zaman Azərbaycan xalqına
müraciət edərək bildirmişdi ki, nəyin bahasına olursa-olsun, biz öz tarixi
torpaqlarımızı düşmənin əlindən alacağıq. İstər sülh yolu ilə, istər müharibə
yolu ilə və belə də oldu. Sözü imzası qədər dəyərli olan cənab İlham Əliyevin
siyasi iradəsi və sərkərdəliyi, ordumuzun rəşadəti, xalqımızın birliyi
nəticəsində 30 illik işğala son qoyuldu. Müharibədə qazanılan möhtəşəm Zəfər
tariximizə qızıl hərflərlə yazıldı.
Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti “Biz qəhrəman əsgər və zabitlərimiz
hesabına qələbə qazanmışıq”, – deyən İlham Əliyevin Prezident seçilməsinin
20-ci ildönümünü bayram əhval-ruhiyyəsi ilə qeyd edir və onun Ali Baş
Komandanlığı altında xidmət etmək şərəfinin yaratdığı qürur hisslərini nümayiş
etdirirlər.
Əlahiddə Ümumqoşun Orduda Ali Baş Komandan İlham Əliyevin Azərbaycan
Respublikasının Prezidenti seçilməsinin 20 illiyi ilə əlaqədar keçirilən
silsilə tədbirlərin davamı olaraq xüsusi təyinatlılarımız Naxçıvan Muxtar
Respublikasının ən hündür nöqtəsi olan “Qapıcıq” zirvəsinə yürüş ediblər.
Çətin dağ aşırımlarından keçərək Ordubad rayonu ərazisində yerləşən və
hündürlüyü 3905 metr olan Qapıcıq zirvəsinə qalxan xüsusi təyinatlılar
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham
Əliyevin Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətinin 20 ilini tərənnüm
edən və üzərinə dəmir yumruğun əks olunduğu lövhəni qaya üzərində bərkidiblər.