Elariz Məmmədoğlu: “Toylara bas gitara aparanda mənə irad tuturdular” –
MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Burada müxtəlif ölkələrdən toylara dəvət alıram”.
Bunu Kult.az-a müsahibəsində müğənni Elariz Məmmədoğlu deyib. Müsahibəni
təqdim edirik:
– Elariz bəy, necəsiniz? Artıq neçə ildir ki, Amerikadasınız. Yəqin,
darıxırsınız…
– Allaha şükür olsun ki, yaxşıyam. Bir balaca səhhətimdə narahatlıq var idi,
onu da buradakı həkimlər yoluna qoydular. Düz beş il üç aydır ki, Amerikadayam.
Əlbəttə ki, darıxıram. Dünyanın harasında yaşasam da, Azərbaycan mənim
vətənimdir. Azərbaycanla bağlı yaxşı nə eşidirəmsə, çox sevinirəm.
– Çətin olmadımı? Azərbaycanda sevilirdiniz, toylara gedirdiniz, birdən-birə
də hər şeyi qoyub getdiniz.
– Azərbaycanda hər şey qaydasında idi. Sadəcə, mən “yaşıl kart” (green card)
qazandım və bir il doqquz ay düşündüm, gedim, ya getməyim? Belə qərara gəldim
ki, ABŞ-yə “yaşıl kart” qazanmaq şansı həyatda bir dəfə olur. Yalnız vətən üçün
darıxmaq məni incidir. Mən rus dilini bildiyim üçün burada çalışmaq bir o qədər
də çətin olmadı. Bruklin şəhərinin 90%-i rusdillidir. Burada biz, demək olar
ki, gün ərzində ingilis dilini eşitmirik. Tanınmış adam olduğuma görə də bəzi
işlərim rahat getdi. Məsələn, biləndə ki gəlmişəm, özləri məni işə dəvət
etdilər. Eyni zamanda, konsertlərimi təşkil etdilər, toylara dəvət etdilər.
– Adətən, insan öz vətənindən kənarda uzun müddət əziyyət çəkir. Yeni dostlar
tapmaq, iş qurmaq – bunlar sizin üçün rahat oldumu?
– Dost tapmaq mənim üçün heç zaman çətin olmayıb. Burada yeni dostlar, yeni
çevrəm var. İş qurmaq, əslində, çətin deyildi, amma koronavirus olmasaydı.
– Maraqlıdır, orada nə işlə məşğul olursunuz? Media restoran biznesi ilə
məşğul olduğunuzu yazır. Doğrudurmu?
– Mənim xoşbəxtliyim ondadır ki, Bakıda məşğul olduğum işlə elə ABŞ-də də
məşğulam: axşamlar ya toy, ya banket, arabir də konsertlər, səsyazma studiyası…
Restoranda isə oxuyuram. Vaxtım yalnız öz sevimli işimə gedir.
Mən yeni gələndə ABŞ-də yaşayan azərbaycanlılar mediadan mənim burada olduğumu
bildilər, xeyirli işlərə dəvət etdilər. Nyu-York, Nyu-Cersi, Texas, Minnesota,
Şimali Karolina, İndiana, Kolorado ştatlarında, Boston şəhərində, eyni zamanda,
Kanadanın Toronto şəhərində toylara dəfələrlə dəvət almışam. Unutduğum
şəhərlərdə yaşayanlar lütfən məndən inciməsinlər.
– İxtisasınız rejissorluqdur. Nə əcəb, bu sahə üzrə çalışmadınız?
– İncəsənət aləmində mənim üç əsas ixtisasım var. Musiqi təhsilim – vokal,
rejissorluq və aktyorluq. Bunlar mənim professional səviyyədə ixtisaslarımdır.
Digər istedadlarımı həvəskar səviyyə sayıram, məsələn, şeir yazmaq, musiqi
bəstələmək, mahnı mətni yazmaq, ssenari yazmaq, rəqs etmək. Universitet
illərində düşünürdüm, hansı işlə məşğul olum? Təhsilim mənə aktyor, rejissor və
müğənni olmaq imkanı verirdi. Mən müğənniliyi seçdim və şükür Allaha ki,
uğurlarım oldu. Amma bir neçə klipimdə aktyor kimi, bəzilərində də rejissor
olmuşam. Bir neçə serialda, filmdə aktyor kimi də çalışmışam. “Kişiləri
qoruyun” filmində iki obrazda çəkilmişəm.
– ABŞ-də film çəkmək istəyərsinizmi?
– Mənim rejissorluq istəyim böyükdür. Azərbaycanın xeyrinə ABŞ-də bədii film
çəkə bilərəm, sadəcə, çəkiliş üçün böyük vəsait lazımdır. Olsa, çox maraqlı ola
bilərdi.
– 2000-ci ildə daha çox “Devuşka v pesoçnom sarafane” hitiylə məşhurlaşdınız,
sonra da tvist üslubunda “Tup-tup” mahnısına klip çəkildi, 2001-ci ildə də
rok-n-roll üslubunda “Dans-dans” mahnısı və klipiniz məşhurlaşıb. Bəs siz
özünüz hansını ən yaxşı mahnınız hesab edirsiniz?
– Mənim repertuarımda sevdiyim mahnı var, əfsuslar olsun ki, Azərbaycan
radioları onu kifayət qədər səsləndirmədilər. Yəqin, mən Amerikaya gəldim, ona
görə də mahnı unuduldu. Sözügedən mahnı “Hədiyyə” adlanır. Mahnının musiqisini
Parisdə yazmışam, sözlərini isə Bakıda.
– ABŞ-dən baxanda Azərbaycan musiqisi sizin üçün necə görünür?
– Azərbaycan musiqi mədəniyyəti hər vaxt yüksəkdə olub. Düşmənlərimiz bizim
mahnıları və rəqsləri öz adlarına çıxaranda mənə pis təsir edir. Bizim
musiqiçilərimiz çox inkişaf ediblər. Xüsusən, fortepiano, qarmon və nağara
sənəti inkişafdadır. Fortepianoda Emil Əfrasiyab, Şahin Növrəsli, Nizami
Əliyev, qarmonda Ənvər Sadıxov, Orxan Mirnatiqoğlu, nağarada Natiq Şirinov daim
inkişafdadırlar. Təəssüf ki, Azərbaycan musiqisində bas gitaraçılar azdır. Bu
hissə zəif görünür. Mən Azərbaycanda toylara gedəndə hər vaxt özümlə zərb və
bas gitara aparmışam. Zərbi Azərbaycan toylarında dəbə sala bildim, amma bas
gitaranı bacarmadım. Həmişə mənə irad tutub deyirdilər, sən niyə toylara bas
gitara aparıb əlavə pul verirsən? Mən isə belə adamlara ürəyimdə gülüb
düşünürdüm ki, bu adam nə bilir, bas gitara musiqinin bünövrələrindən biridir?
Bu barədə Azərbaycan Xalq artisti, gözəl sənətkar Yalçın Rzazadə ilə maraqlı
söhbətimiz olub. Uzun sözün qısası, bu gün musiqimizdə bas gitaraya böyük
ehtiyac var.
– Hazırda yeni albomunuz varmı?
– Mən hər vaxt yeni albom, yeni mahnılar üzərində çalışıram. Sosial şəbəkədə
izləsəniz, yeni işlərimi də görə bilərsiniz.
– Birdəfəlik qayıtmağı düşünürsünüz?
– Əslində, mən vətənim Azərbaycandan getməmişəm, ABŞ-yə müvəqqəti gəldim.
Həmvətənlərimiz Rusiyaya gedir, orada beş-altı il çalışır və sonra qayıdırlar
Azərbaycana. Hər kəs bilir ki, vətənimiz Azərbaycandır. Mən Rusiyaya deyil,
ABŞ-yə getmişəm. Azərbaycan canımız, Bakı ürəyimizdir!