424676de-04a4-438b-9921-a1e6d47cef3d..jpg

Elçiliyini Səməd Vurğun etdi, oğlunu itirdi – 29 yaşında güllələnən Müşfiq…

Baxış sayı: 2. 152 dəfə baxılıb.

Elçiliyini Səməd Vurğun etdi, oğlunu itirdi – 29 yaşında güllələnən Müşfiq…

Repressiya dövrü qurbanları deyəndə ağla gələn ilk adlardan biri şair Mikayıl
Müşfiqdir.

Kulis.Az-ın Mikayıl Müşfiq haqqında yazısını təqdim edirik:

Əksəriyyət belə düşünür ki, 37-39-cu illərdə əsasən hökuməti tənqid edən, onu
tərifləməkdən boyun qaçıran insanların repressiyaya məruz qalıb və Müşfiq də
anti-Sovet şairidir. Ancaq Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin “Müşfiqli
günlərim” kitabını oxuyanda bunun belə olmadığını görürsən. Müşfiq
yaradıcılığının ilk dövrlərindən Sovet hakimiyyətinə, sosializmə qəlbən bağlı
olan, onu sevə-sevə təbliğ edən şairlərdən olub. Bəs niyə repressiya qurbanı
olub? Ona böhtanmı atılıb? O, həqiqətən əsl Sovet şairimi idimi?

Bu suallara “Müşfiqli günlərim” kitabı əsasında hazırlanan bu yazıda cavab
tapa bilərsiniz:

Dosye: Mikayıl Müşfiq 1908-ci ildə iyun ayının 5-də Bakının Dağlı
məhəlləsində, 2-ci Sovet küçəsi, 6 nömrəli evdə dünyaya göz açıb. İki bacısı və
özündən yaşca böyük bir qardaşı olub. Müşfiq altı aylıq olanda anası Züleyxa,
altı yaşı olanda atası Mirzə Əbdülqədir vəfat edib. Mikayılın atası müəllim,
eyni zamanda “Vüsuqi” ləqəbi ilə şeirlər, qəzəllər yazan şair olub. O, 1902-ci
ildə ata yurdu Xızıdan Bakıya köçüb, mədrəsədə təhsil alıb. Ancaq mollaxananın
gənclərə fayda vermədiyini görən Mirzə Əbdülqədir bir məktəb açıb, gündüzlər
balacalara, axşamlar yaşlılara dərs deyib. Anası Züleyxa xanımın ölümündən
sonra atası Müşfiqi Xızıdakı qohumu Səfiyyəyə verib. Müşfiq 3 yaşına qədər süd
anası Səfiyyənin yanında qalıb. Sonra atası onu yenidən Bakıya gətirib, ancaq 3
ildən sonra dünyasını dəyişib. Bundan sonra ailəyə nənə Qızqayıt və dayı Cavad
himayədarlıq edib. Müşfiq getdiyi rus-tatar məktəbini uğurla bitirərək 27-ci
ildə Ali Pedaqoji İnstitutuna daxil olub. Şair uzun müddət müəllim kimi
fəaliyyət göstərib.

Müşfiqlə tanışlıq

Mikayıl Müşfiqlə Dilbər Axundzadənin tanışlığı 1931-ci ilin bahar aylarına
təsadüf edir. Müşfiq Dilbər xanımın əmisi İdris Axundzadə ilə yaxın dost,
əmisinin arvadı Fəramuşla isə tələbə yoldaşı olub.

Məşhurlaşmaqda olan gənc şairlə də Dilbəri əmisi arvadı tanış edib. Dilbər
xanım ilk görüşü belə xatırlayır:

“Müşfiqin əynində səliqə ilə tikilmiş qəhvəyi kostyum, ona uyğun üst köynəyi
və qalstuk, ayağında qəhvəyi ayaqqabı vardı. Alnının üstünə düşən qara
tellərini əli ilə tez-tez arxaya atırdı”.

“Müşfiq ilk görüşümüzün təəssüratları əsasında iki şeir yazmışdı. Bunlardan
biri “İşidir” rədifli qoşma, digəri “Əbədi şevgi” şeiridir. Sən demə,
müsamirədə olduğumuz gecə mən sinəmə düşən uzun qoşa hörüklərimi geri atanda
Müşfiqin üzünə toxunubmuş. Bəlkə də toxunmayıbmış. Ancaq o məni inandırmağa
çalışırdı ki, guya o gün onu ətirli bahar küləyi vurmuşdu…

Hayır, hörüklərin deyildir ilan
O əski şairlər söyləyir yalan,
Məni xəyal kimi ayağa salan –
O coşqun dalğalı telin işidir…”

Təsadüfi bir neçə görüşdən sonra Müşfiq Dilbər xanıma sevgi məktubları
göndərir, hər görüşə yeni şeirlə gəlir, bəzən də bədahətən şeirlər deyirmiş.

“Müşfiq şeiri oxuyarkən əlini şeirin ahənginə uyğun qaldırıb-endirir, məni
büllur səsi, saf və pak hissləri ilə heyran qoyardı”.

31-ci ilin sonlarında Dilbər xanımın dərs ilinin bitir və cütlük bir müddət
ayrı qalır: “Mən ona Gəncəyə gedəcəyimi bildirdim. Tutuldu. Üzünə kövrək
təbəssüm qondu. Elə ordaca “Ayrılıq” şeirini dedi. Müşfiqin bu həyəcanlı və
kövrək halı mənə elə təsir etdi ki, gözlərimdən qeyri-ixtiyari yaş axdı:

– İstəyirsən, getməyim, daha bundan ötrü niyə narahat olursan?

Müşfiq bu sözümə də şeirlə cavab verdi:

Deyirsən, yanında qalacağam mən,
Çox gözəl fikirdir, qal, sənə qurban!
Nə zaman istəsən əziz canımı,
Qumral gözlərinlə al, sənə qurban!…
Sən Müşfiqin yanında, qalginən sənə qurban,
İstəsən bu canımı, alginən sənə qurban.
Səməd Vurğunun “elçiliyi”

Dilbər xanım getdikdən sonra Müşfiq Səməd Vurğunla Gəncəyə qonaq gəlir. Hamı
Bakıdan gələn gənc şairləri dairəyə alıb onları evinə dəvət etməyə,
sözlərini-söhbətlərini eşitməyə çalışır. Amma şairlərin gəlişlərinin ayrı bir
səbəbi vardı:

“Bir də gördüm, Səmədlə Müşfiq mənə tərəf gəlirlər. Onları görəndə ürəyim
uçunmağa başladı. Səməd mənə mehriban bir nəzər salıb gülümsündü:

– Dilbər bacı, bizim bu dağlara gəlməyimizin, – dedi, – bir səbəbi var. O da
Müşfiqin aşıq Kərəmə dönməyidir. Müşfiqi Kərəmdən ayıran cəhət odur ki, o,
Əslinin dalınca hər yana tək gedərdi, bu isə utandığından məni özü ilə gətirib.
Siz bunu necə ovsunlayıbsınız ki, şəhərdə nə gecəsi, nə də gündüzü var. Gördüm
bu gedişlə o, Kərəmi ötüb Məcnun olacaq, dözməyib dedim ki, gedək Gəncə
dağlarına, bəlkə təskinlik tapa ürəyin. Müşfiq elə bil sözümə bənd imiş. Söz
ağzımdan çıxan kimi durub düşdü yola. Bütün yolu şeir deyə-deyə gəlmişik.
Müşfiq, xahiş edirəm, yolda dediyin şeirlərdən birini de.

Müşfiq qığılcım saçan baxışlarını mənə dikib uzun bir şeir dedi. Səməd də, mən
də böyük məftunluqla dinlədik. Səməd dedi:

– Dilbər bacı, qorxum bir bu Müşfiqdəndir. Məni ötsə, ancaq o ötəcək.

…Ertəsi gün Səmədlə Müşfiq Gəncədə çıxışlar edib Bakıya qayıtdılar”.

Dağüstü parkda nişan təklifi

Dilbər xanım Bakıya qayıdar-qayıtmaz Mikayıl onu dostları ilə tanış edir. Şair
Mehdi Hüseynlə yoldaşı Fatma xanımın M.F.Axundov adına parkın yaxınlığındakı
evlərinə qonaq aparır. Fatma xanım Müşfiq yaradıcılığının böyük heyranlarından
olub, onun “Dilbərnamə” şeirlər məcmuəsinə daxil olan bir çox şeirləri əzbər
bilirmiş. Hətta 56-cı ildə Müşfiqin “Seçilmiş əsərləri” üçün bir çox şeirlər
Fatma xanımın dilindən yazılıb nəşriyyata təqdim olunub. Çünki şairin əksər
kitabları 37-ci ildə tamamilə məhv edilmişdi.

Müşfiq Dağüstü parkdakı növbəti görüşlərin birində Dilbərə elçi göndərmək və
tez vaxtda nişanlanmaq istədiyini deyib. 1932-ci ilin aprelində cütlük
nişanlanıb:

“Dövrün görkəmli ədiblərindən Hüseyn Cavid həyat yoldaşı Müşkünaz xanımla,
Abdulla Şaiq həyat yoldaşı Şahzadə xanımla, Əhməd Cavad həyat yoldaşı Şükriyyə
xanımla, məşhur müğənni Bülbül şagirdi Eloğlu ilə, gənc şairlər və yazıçılardan
Səməd Vurğun, Süleyman Rüstəm, Mir Cəlal, Hüseyn Mehdi həyat yoldaşı Fatma
xanımla, Rəsul Rza həyat yoldaşı Nigar xanımla, Məmməd Rahim həyat yoldaşı
Mələk xanımla nişana gəlmişdilər. Bülbüllə Eloğlunun şəlalə tək şaqraq və
məlahətli səsi məclisə xüsusi gözəllik verirdi. Tez-tez sağlıqlar, şeirlər
deyilir, qədəhlər cingildəyirdi. Hüseyn Cavidin xeyirxah, ata nəvazişi ilə
dediyi sağlıq hələ də xatirimdədir”.

Cütlüyün kəbini isə təxminən bir ildən sonra, 1933-cü ilin iyunun 20-də
kəsilib. Növbəti il oğulları dünyaya gəlib:

“Müşfiq onun adını Yalçın qoydu. Sevinci yerə-göyə sığmırdı. Dünyaya gəldiyi
gündən Müşfiqə sanki qanad gətirmişdi. Təəssüflər olsun ki, sevincimiz çox
çəkmədi. Uşaq iki aylıq olanda bərk xəstələndi, hərarəti yüksək olduğundan
bütün gecəni süst düşdü. Həkimlərin müayinəsi və müalicəsi fayda vermədi. Uşaq
gözlərini son dəfə əbədi yumanda Müşfiq çığırtı ilə ağlayıb, fəryad qopardı”.

Mollaxana düşməni Müşfiq

Həmin dövrlərdə şair “Azərinəşr”də redaktor vəzifəsində və 18 nömrəli məktəbdə
müəllim işləyirmiş. Şagirdlərdən biri sevimli müəllimlərini belə xatırlayır:

“Müşfiq müəllim dərs deyəndə zəng səsini eşitməzdik. Dərs zamanı şagirdlərə
şeir oxumağı öyrədəndə başqa müəllimlərimiz də gəlib bizim sıralarda
oturardılar. Çoxumuza “qızım”, “oğlum” deyə müraciət edərdi. Əslində, bu ifadə
onun yaşına uyğun deyildi. Ancaq mehriban olduğu qədər təvazökar olan Müşfiqə
bu sözlər çox yaraşırdı”.

Şair özünün ən birinci vəzifəsi kimi insanları məktəbə, elmə yönəltmək,
şagirdlərdə ədəbiyyata maraq oyatmağı görürdü. Buna görə də, atası Mirzə
Əbdülqədir kimi mollaxanalar, mollaları heç sevməzmiş. Xalası oğlu Ağakərim
Kərimov bir gün 8 yaşlı Mikayılı özü ilə mollaxanaya dərsə aparıb. Dərsdən
qayıdandan sonra Müşfiq elə hey mollaları lağa qoyur, xalası oğluna daha ora
getməməyi məsləhət görərmiş. Hətta bir həcv də yazıb:

Uşaqlar əyləşib yerə,
Cındır həsir-dolu birə,
Belə molla yerə girə!
De görüm, bu molla –
Hara mollasıdır?
Yoxsa bu molla qara mollasıdır?
Yarısı oruc tutur,
Yarısı namaz qılır,
Molla özü mürgüləyir.
De görüm, bu molla –
Hara mollasıdır?
Yoxsa bu molla qara mollasıdır?

Nadir hafizə sahibi və huşsuz şair

“Müşfiq nadir hafizə sahibi idi. O öz hafizəsinə arxayın olub çox vaxt qoşduğu
şeiri uzun müddət vərəqə köçürməzdi. Şeirlərini, eləcə də bir çox klassik
şairlərin əsərlərini əzbər bilirdi. Bir dəfə məktəbdə oxuyanda müəllim Tofiq
Fikrətin həyatını keçməyə hazırlaşırmış. Amma kitab yadından çıxdığından dərsi
təxirə salmaq istəyib. Müşfiq isə müəllimə Tofiq Fikrətin bütün şeirlərini
əzbər bildiyini deyib və dərs boyu hamını təəccübləndirib. Şeirdə nadir
hafizəsi olan Müşfiqin həyatda, məişətdə yaddaşı çox zəif idi. Bu haqda dövri
mətbuatda qəribə bir yoldaşlıq şarjı çəkmişdilər. Şarjın altından yazmışdılar
ki, guya o, papağını itirir və tapmaq üçün aləmi axtarır. Birdən baxıb görür
ki, papaq qoltuğundadır. Huşsuzluğunu etiraf edən Müşfiq S.Y.Marşakın “Huşsuza
bax huşsuza” əsərini dilimizə tərcümə edəndə deyirdi:

– Şair lap mənim obrazımı yaradıb ki!”

Müşfiq əsl Sovet şairi kimi

“İndiki Azərbaycan Yazıçılar İttifaqı o zaman “Proletar Yazıçılar
Asosyasiyası” adlanırdı. Bu cəmiyyət üzvlərini tez-tez fəhlə qəsəbələrinə,
fabriklərə, məktəblərə, klublara göndərirdi. Onlar fəhlələri sosializm
quruculuğu işinə ruhlandırdılar. Müşfiq bu işdə fəaliyyət göstərir, tez-tez
qəzetlərdə təriflənərdi”.

Dilbər xanım Müşfiqin aşiqanə şeirləri əsas yaradıcılıq hesab etmədiyini,
daima günün tələbinə uyğun şeir yazmağa cəhd etdiyini yazır: “Keçən il bir neçə
yoldaşla avralda pambıq toplanışında olmuşam. Bu haqda poema yazmaq istəyirəm”.

Həmin pambıq toplanışına Müşfiq xalq yazıçısı Süleyman Rəhimov və həkim
Quliyevlə getmişdi. Mənim məktəb yoldaşım olmuş həkim Quliyev Müşfiqin səhərdən
axşama qədər kolxozçularla birgə işlədiyini deyirdi. Səfərdən çox keçməmişdi
ki, Müşfiqin məşhur “Bəyaz çöllər” poeması çapdan çıxdı”.

1931-ci ildən şair Bayıldakı mədəniyyət evində təşkil olunan ədəbiyyat
dərnəyinə rəhbər göndərilir. Müşfiq bu rayonun hər işi ilə yaxından tanış
olaraq bir sıra əsərlər yazıb: “İnqilabi mübarizə, döyüş və əmək ənənələri
Müşfiqin şair qəlbini çoşdurmaya bilməzdi. O, həmin vaxtlarda “Neft-İliç
buxtası”, “Posyolka”, “İşçi qız” şeirlərini, “Buruqlar arasında” poemasını
yazmışdı”.

“Gəncədə olarkən Mingəçevir problemi Müşfiqi daha çox məşğul edirdi; o,
dostları ilə gələcəyin nəhəng tikintisi olacaq Mingəçevir Su-Elektrik
Stansiyasının yerinə gedib layihə-quraşdırma işləri ilə tanış olurdu. Bu zaman
o, “Mingəçevir həsrəti” əsərini artıq yazmağa başlamışdı”.
Sosializm quruculuğu illərində həyata keçirilmiş bir sıra reformalardan
Müşfiq çox razı olub. Ərəb əlifbasının latın əlifbası ilə əvəz olunması haqda
şair hətta şeir də yazıb. Ancaq həmin illərdə tarın qadağan olunması ilə bağlı
söz-söhbət Müşfiqi də, yaxın dostu tarzən Qurban Pirimovu da bərk sarsıdıb.
Müşfiq evlərinə qonaq gələn Pirimova tarın qadağan olunmasının xalqa ancvaq
ziyan vuracağını deyirmiş: “O, ustaddan tarı götürüb çalmasını xahiş etdi.
Qurban müəllim tarı sinəsinə sıxıb “Yetim segahı” çalmağa başladı. Tar dilə
gəldi, tar inildədi, tar hönkürdü. Tarın qopardığı nanələr alında Müşfiq özünü
çəkdiyi papirosun dumanlarına bürümüşdü. Birdən onu gördüm ki, Müşfiqin yanıqlı
səsi tarın naləsinə qarışdı və həmin günlərdə yazdığı “Oxu tar” şeirini
söyləməyə başladı. Xoşbəxtlikdən onların həyəcanı uzun sürmədi. Tar qadağan
edilmədi…”

Haqsızlıq və böhtanın gətirdiyi ölüm

Oğlunun ölümündən (1934-cü il) sonra şair böyük sarsıntı keçirir. Həmin ilin
sonlarında sevdiyi həmyerlisi Cəfər Cabbarlının ölümü Müşfiqə ağır zərbə olur.
Şairin ürəyini bu sıxıntılardan başqa, ona qarşı yönələn haqsız tənqidlər də
sıxır.

“Mənim bu dəryada bir sandalım var,
Hələ bədr olmamış bir hilalım var” –

deyib bədbinliyə qapılmamağa, möhkəm durmağa çalışsa da, insanların, xüsusən
qələm yoldaşlarının ittihamları onu çox incidir:

“Bir gün Müşfiq evə çox dilxor gəldi, başının ağrıdığını dedi. Papiros çəkmək
üçün eyvana çıxdı. Sonra dərindən ah çəkib sözə başladı:

– Dilbər, bugünkü yığıncaqda bəzi bədxahlar məni o qədər tənqid etdilər ki, az
qaldı ürəyim yerindən qopsun. Mənə deyirlər, sən xırda burjua şairisən. Bu söz
mənə elə toxundu… Axı burjua deyəndə bizim gənclərin təsəvvüründə zəhmətdən
qaçan, insanlıqdan kənar, xalqını, cəmiyyətini, vətənini sevməyən adamlar
gəlir. Özün de, mən elə sözlərə layiqəm?

Qəhər məni boğdu. Böhtan qılınc yarasından pis olur. Axı bütün varlığı ilə
sosializmin quruculuğuna bağlı, onun hər nailiyyətinə ürəkdən sevinən, dövrünü,
zəmanəsini sonsuz ilhamla tərənnüm edən şairə bu cür böhtan atanların məqsədi
nə idi?

Birdən “Duyğu yarpaqları”ndakı bir rübaini xatırladım:

Nə bir həsrətim var, nə bir qəmim var.
Dostlarım bilir ki, nə aləmim var!
Lenin dünyasına ithaf etməyə
Bir şair ürəyim, bir qələmim var!

– Heç xırda burjua şairi belə səmimi sözlər deyə bilərmi?- dedim.

Müşfiqin eyni bir az açıldı və mənə iclasdan ətraflı danışmağa başladı. Bircə
o dövrün ictimai xadimlərdən olan Hökumə Sultanovanın onu müdafiə etdiyini
dedi. Sonra Müşfiq ürək ağrısından şikayət etdi. Ona ağrısını sakitləşdirmək
üçün dərman verdim, amma gecə səhərə qədər gözünə yuxu getmədi. Səhər həkim
çağırtdırdım. O, Müşfiqin əsəb sarsıntısı keçirtdiyini müəyyən edib dərman
yazdı”.

Müşfiq üçün daha ağır günlər 37-ci ildə-dostlarının repressiyaya qurbanı
olması getməsi ilə başlayır. Həmin ilin iyulunda Əhməd Cavad həbs olunur, bir
neçə aydan sonra güllələnir. Cavadın həyat yoldaşı Şükriyyə xanım və uşaqları
Qazaxıstana sürgün edilir. Hüseyn Cavid Sibirə sürgünə göndərilir. 1938-ci ilin
əvvəllərində sıra Mikayıl Müşfiqə çatır və yanvarın altısı güllələnir.

Source link