Elçin Əmirbəyov: “Ermənistanla sülh danışıqlarını dərhal bərpa etmək lazımdır”
– VİDEO
“Azərbaycan və Ermənistan dərhal sülh danışıqlarını bərpa etməlidir”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə
nümayəndəsi Elçin Əmirbəyov ABŞ-nin Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və
Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran və Hudson İnstitutunun baş elmi
işçisi Lyuk Koffinin suallarını cavablandırarkən deyib.
“Dərhal sülh danışıqlarını, sərhədlərin delimitasiyası məsələsi ilə bağlı
müzakirələri bərpa etməliyik və əlbəttə ki, kommunikasiyaların bərpasını
müzakirə etməliyik. Bunlar sülh prosesinin üç əsas istiqamətidir və onların
böyük perspektivləri var”, – o bildirib.
E.Əmirbəyovun sözlərinə görə, Qarabağdakı qeyri-qanuni rejimin ləğvi regionda
daha geniş sülhə gedən əsas maneəni aradan qaldırıb.
O, Azərbaycanın bu yolda daha bir maneəni – öz suveren ərazisində Ermənistan
silahlı qüvvələrinin qanunsuz hərbi mövcudluğunu aradan qaldırdığını da
vurğulayıb.
Prezidentin nümayəndəsi qeyd edib ki, Azərbaycan Qarabağ regionunun erməni
sakinləri ilə fəal dialoq aparır və reinteqrasiya planları Qarabağ
ermənilərinin sosial, iqtisadi, siyasi, mədəni və dini hüquqlarını həyata
keçirə biləcəkləri müxtəlif sahələri əhatə edir.