e887e37a-11ad-4388-9519-c15685411e80..jpg

Elçin Əmirbəyov: “Sülh həmişəkindən daha yaxındır, lakin qalan maneələri aradan qaldırmaq lazımdır” – AUDİO

Baxış sayı: 573 dəfə baxılıb.

Elçin Əmirbəyov: “Sülh həmişəkindən daha yaxındır, lakin qalan maneələri
aradan qaldırmaq lazımdır” – AUDİO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan ötən ilin sentyabrında öz ərazi bütövlüyünü tam bərpa edəndən və
Qarabağın, həmçinin ətraf rayonların işğalına son qoyandan sonra Bakı və İrəvan
sülh sazişinin bağlanılması üçün unikal imkan əldə ediblər. Çünki sülh yolunda
ən böyük maneə – ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin qeyri-qanuni
hərbi mövcudluğu məsələsi – öz həllini tapdı. Bu səbəbdən bu gün tərəflər heç
bir zaman olmadığı qədər sülhə daha yaxındırlar”.

Cixisyolu.com-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar
üzrə nümayəndəsiElçin Əmirbəyov BBC
-yə müsahibəsində bildirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 23-də ADA Universitetində
“COP29 və Azərbaycan üçün yaşıl baxış” mövzusunda beynəlxalq forumda çıxışı
zamanı Bakı və İrəvanın sülh sazişinin bağlanmasına həmişəkindən daha yaxın
olması ilə bağlı dediklərini şərh edib.

Onun sözlərinə görə, aprelin 19-da delimitasiya üzrə komissiyaların son
iclasında Ermənistanın Qazaxın ötən əsrin 90-cı illərindən işğalda saxladığı
dörd kəndindən qoşunlarını çıxarmasına razılaşması azı üç nöqteyi-nəzərdən çox
vacibdir:

“Birincisi, qərar üçüncü tərəfin iştirakı olmadan, Bakı və İrəvan arasında
birbaşa ikitərəfli danışıqlar əsasında verilib. Bu onu göstərir ki, Azərbaycan
və Ermənistan siyasi iradə olacağı təqdirdə məsələləri həll etmək
vəziyyətindədirlər. İkinci məsələ, Ermənistanın ilk dəfə Azərbaycanla müharibə
nəticəsində deyil, diplomatik danışıqlarla işğala son qoymaq qərarına
gəlməsidir”.

E.Əmirbəyov üçüncü məsələnin də mahiyyət etibarilə çox vacib olduğunu bildirib:

“Qərarla, həmçinin, Azərbaycanın Ermənistanın güc tətbiq etməklə qalan
məsələləri həll etməyi planlaşdırmaları ilə bağlı əsassız iddiaların
qəbuledilməz və əsassız olduğu sübuta yetirilib. Ermənistan və onu
dəstəkləyənlər tərəfindən süni şəkildə yaradılan və hələ də davam etdirilən bu
narrativ sülh prosesinin perspektivlərinə dağıdıcı təsir göstərir. Ona görə də
ümid edirik ki, 19 aprel qərarı sübut edəcək ki, Azərbaycanın Ermənistana qarşı
güc tətbiq etmək istəyi yoxdur və biz qalan məsələləri sülh danışıqları yolu
ilə həll etməyə hazırıq”.

O vurğulayıb ki, sülh həmişəkindən daha yaxındır, lakin qalan maneələr aradan
qaldırılmalıdır:

“Birincisi, Azərbaycan və Ermənistan arasında sülhün bağlanmasının ərazi
bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı prinsipinə şəksiz hörmətə
əsaslanmasından çıxış ediriksə, İrəvan sülh sazişinin mahiyyəti ilə hazırda
Ermənistan qanunvericiliyində, o cümlədən Azərbaycana qarşı açıq şəkildə ərazi
iddialarının yer aldığı, “Qarabağ Ermənistanın bir hissəsidir” sözlərinin qeyd
olunduğu Konstitusiyası arasındakı uyğunsuzluğu aradan qaldırmaq üçün lazımi
addımlar atmalıdır. Ermənistanın baş naziri Nikol Paşinyanın özünün Qarabağı
Azərbaycanın tərkib hissəsi kimi tanıdığını dəfələrlə bəyan etdiyini nəzərə
alsaq, bu uyğunsuzluq aradan qaldırılmalıdır.

Sülh yolunda ikinci çağırış ondan ibarətdir ki, biz, həqiqətən, ümid edirik
ki, Ermənistan Azərbaycanın əsas hissəsinin Naxçıvan Muxtar Respublikası ilə
quru əlaqəsinin açılmasına mane olmaqdan əl çəkəcək. Bu, sülh sazişinin
dəyərini və onun effektivliyini artırar. Blokada hələ də davam edir və baş
nazirin 3,5 il əvvəl üçtərəfli atəşkəs sazişini imzalayarkən üzərinə götürdüyü
öhdəliyi pozur”.

Prezidentin nümayəndəsi sülh prosesinə mənfi təsir göstərən daha bir mühüm
məqamın regiondankənar bəzi aktorların Cənubi Qafqazı geosiyasi rəqabət
meydanına çevirmək, yeni ayırıcı xətlər çəkmək və bölgəni yeni nüfuz sahələrinə
bölmək üçün sülh prosesini pozmaq və sülh perspektivlərini təhlükə altına atmaq
cəhdləri olduğunu qeyd edib.

“Burada biz Qərb tərəfdaşlarının birtərəfli hərbi yardım, Ermənistanın
tamamilə qeyri-şəffaf, eksklüziv, hətta deyərdim ki, ayrı-seçkilik yolu ilə
hərbiləşdirilməsi yolu ilə İrəvanın hərbi potensialını gücləndirməyə yönəlmiş
bəzi son təşəbbüslərini nəzərdə tuturuq. Çünki Azərbaycanın öz hərbi
potensialını gücləndirməsi üçün eyni imkanlar verilmir. Müvafiq olaraq, ümid
edirik ki, bu cəhdlərə son qoyulacaq, Cənubi Qafqaz regionuna, ən azı
Azərbaycan və Ermənistana inklüziv, ayrı-seçkilikdən kənar yanaşma tətbiq
olunacaq, tərəflərə eyni imkanlar veriləcək. Bu baxımdan, təbii ki, bəzi Aİ
ölkələrinin silah tədarükü nəinki Cənubi Qafqazın hərbiləşdirilməsinə gətirib
çıxarır, həm də növbəti silahlanma yarışına səbəb ola və sülhün əldə olunması
perspektivlərini ciddi şübhə altına ala bilər”, – deyə Prezidentin nümayəndəsi
əlavə edib.


Source link