fcfbeacc-7c2e-4460-ad45-59376ed90c79..jpg

Elçin Əmirbəyov: “Ümid edirəm ki, ermənilərlə azərbaycanlıların mehriban qonşu kimi yaşayacaqları gün gələcək”

Baxış sayı: 602 dəfə baxılıb.

Elçin Əmirbəyov: “Ümid edirəm ki, ermənilərlə azərbaycanlıların mehriban qonşu
kimi yaşayacaqları gün gələcək”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda Vatikanda işgüzar səfərdə olan Azərbaycan Prezidentinin xüsusi
tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov oranın yerli xəbər agentliyi
“Servizio İnformazione Religios”a (SİR – dinyönümlü xəbər agentliyi)müsahibə

verib.

“Azərbaycan öz mədəni və dini müxtəlifliyi ilə fəxr edən dünyəvi ölkədir,
burada əsrlər boyu müsəlmanlar, xristianlar, yəhudilər və digər konfessiyaların
nümayəndələri harmoniya və əmin-amanlıq şəraitində birgə yaşayıblar. Biz
doğrudan da inanırıq ki, ölkələrimiz arasında tezliklə bağlana biləcək sülh
müqaviləsi nəinki dünyanın ən uzun və faciəli etnik münaqişələrindən birinə
rəsmi olaraq son qoyacaq, həmçinin azərbaycanlılarla ermənilər arasında
etimadın yaranmasına xidmət edəcək və onların mehriban qonşu və dost kimi
yaşamasına yol açacaq”, – deyə Elçin Əmirbəyov müsahibədə bildirib.

Agentlik Roma Papasının “Keçmiş Dağlıq Qarabağdan olan köçkünlərin “ağır”
humanitar vəziyyətinə və bölgədəki monastırların, ibadət yerlərinin qorunmasına
vurğu edən, eyni zamanda Cənubi Qafqazda davamlı sülhə çağıran Roma Papası
Fransiskdir” fikirləri ilə bağlı Prezidentin xüsusi tapşırıqlar üzrə
nümayəndəsi, Azərbaycanın Müqəddəs Taxt-Tacdakı ilk səfiri (2005-2017) Elçin
Əmirbəyovdan şərh istəyib.

Sözügedən müsahibəni təqdim edirik:

– Azərbaycanla Ermənistan arasında dialoq hansı mərhələdədir? Papa
danışıqların hər şeydən əvvəl humanitar böhrana son qoya biləcək “davamlı
razılaşmaya” şərait yaratmasını rica edir. Bu gün hansı addımlar atılmalıdır?

– İlk olaraq, biz Papa Fransisk Həzrətlərinin Ermənistan və Azərbaycan
arasında sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk.
Bakı ilə İrəvan arasındakı dialoq müxtəlif formalarda və müsbət ruhda davam
etməkdədir. Vurğulamaq lazımdır ki, təxminən iki il əvvəl sülh danışıqlarının
və sülh müqaviləsinin layihəsinin təşəbbüskarı məhz Azərbaycan olub və o
vaxtdan bəri sülh prosesində mühüm irəliləyişlər əldə edilib. Ən son müsbət
irəliləyişlər ötən sentyabr ayında Azərbaycan öz suverenliyini və ərazi
bütövlüyünü tam bərpa edəndən sonra və Qarabağ regionu üzərində özünün effektiv
nəzarətini bərpa edəndən sonra mümkün olub. Bu gün biz inanırıq ki,
Ermənistanla birlikdə bütün yerdə qalan məqsədlərimizə siyasi vasitələr ilə və
nisbətən daha qısa müddət ərzində nail ola bilərik. İki həftə əvvəl Ermənistan
öz qüvvələrini Azərbaycanın şimal-qərbində yerləşən Qazax rayonunun otuz ildən
çox işğal altında qalan dörd kəndindən çıxarmağa razılaşdı və dərhal sonra biz
ölkələrimiz arasında bir gün dövlət sərhədinə çevriləcək ikitərəfli
delimitasiya və demarkasiya prosesinə başladıq. Paralel olaraq, Azərbaycan
özünün otuz ildən bəri davam edən münaqişə və qanunsuz işğal nəticəsində
dağıdılmış bütün ərazilərinin yenidən qurulması və bərpası istiqamətində
genişmiqyaslı səylərini qətiyyətlə davam etdirir.

– 15 oktyabr 2023-cü il tarixli “Angelus” mərasimində Papa bu regionun
səlahiyyətlilərinin və sakinlərinin “yerli mədəniyyətin bir hissəsi, inancın
ifadəsi və fərqliliklərə baxmayaraq birlikdə yaşamağa imkan verən qardaşlığın
əlaməti kimi hörmətlə davranılacağına və qoruna biləcəyinə” ümidvar olduğunu
bildirmişdir. Bu nöqtədə, onların evlərinə qayıtma prosesinə necə yardım etmək
olar?

– İlk əvvəl aydınlıq gətirmək istərdim ki, Azərbaycanın Qarabağ bölgəsinin
ərazisini tərk edib Ermənistana getmək qərarı orada məskunlaşmış əhali
tərəfindən könüllü şəkildə qəbul edilib. Baxmayaraq ki, Azərbaycan hakimiyyəti
onlara dəfələrlə müraciət edib ölkəni tərk etməməyə çağırıb. Bir gün davam edən
antiterror əməliyyatından dərhal sonra Ermənistanın bizə qarşı başlatdığı
dezinformasiya kampaniyasına baxmayaraq, Azərbaycan yerli mülki əhaliyə orada
qalıb, qanunlarımız çərçivəsində dinc şəkildə cəmiyyətimizə inteqrasiya etməyi
təklif edib. Lakin həqiqət ondan ibarətdir ki, gedənlərin bir çoxu,
Azərbaycanın həmin regionunda ermənilərlə azərbaycanlıların dinc yanaşı
yaşamalarına qarşı çıxan yerli qanunsuz separatçıların liderləri tərəfindən
əslində buna israrla sövq ediliblər.

Azərbaycan hakimiyyətinin daha öncəki fürsətlərdə də dəfələrlə bəyan etdiyi
kimi, erməni və ya azərbaycanlı olmasından asılı olmayaraq bütün köçkün
əhalinin öz evlərinə könüllü qayıtmaq hüququna qarşılıqlı əsasda hörmət
edilməlidir. Unutmayaq ki, 1980-ci illərin sonlarında münaqişənin lap əvvəlində
Ermənistanda 250 mindən çox mülki azərbaycanlı etnik təmizləməyə məruz qalıb.

– Elə həmin “Angelus” mərasimi zamanı Papa həmçinin bölgədəki monastırların və
ibadət yerlərinin qorunması ilə bağlı xüsusi müraciət edib. Hökumətiniz həmin
torpaqlarda xristian ibadət yerlərinin qorunması üçün hansı addımları atır?

– Azərbaycan ərazisindəki bütün ibadət yerləri, dini mənşəyindən asılı
olmayaraq, cəmiyyətimizin çoxmillətli və multikultural xarakterini əks etdirən
zəngin mədəni və dini irsimizin bir hissəsini təşkil edir. Hökumətimiz isə hər
bir dini ibadət yerini heç bir ayrı-seçkilik qoymadan qorumaq vəzifəsinə ciddi
yanaşır. 2020-ci ilin noyabr ayında İkinci Qarabağ Müharibəsi başa çatdıqdan
sonra Azərbaycanın aidiyyəti qurumları tərəfindən xarici dövlətin qanunsuz
işğalı altında olan və münaqişənin təsirinə məruz qalmış ərazilərdəki bütün
mədəni və dini abidələrin inventarizasiyası aparılıb. İki müharibədən sonra
ayaqda qalan, lakin zədələnən abidələr hazırda bərpa mərhələsindədirlər, ancaq
təəssüf ki, bir çox mədəni və dini abidələr işğalçı qüvvələr tərəfindən
tamamilə məhv edilib. Bir misal gətirim: Qarabağda və əvvəllər işğal olunmuş
digər ərazilərdə 67 məsciddən 65-i yerlə yeksan edilib.

– “Münaqişələrdən və böhranlardan güclü şəkildə təsirlənən bir dünyada bəlkə
də bu böhrana diqqəti canlı tutan yeganə insan Papa Fransiskdir”. Papanın bu
sözləri haqqında nə düşünürsünüz və hər şeydən əvvəl xristianlar bu ölkələrdə
hansı “rol” oynaya bilərlər? Orada onlar üçün yer varmı?

– Söhbətimizin əvvəlində artıq qeyd etdiyim kimi, biz Azərbaycanda Papa
Fransiskin, eləcə də dünyanın bir çox digər yüksəksəviyyəli şəxslərinin
Ermənistan və Azərbaycan arasında sülh və münasibətlərin normallaşması
məsələsinə göstərdikləri diqqəti yüksək dəyərləndiririk. Azərbaycan öz mədəni
və dini müxtəlifliyi ilə fəxr edən dünyəvi ölkədir, burada müsəlmanlar,
xristianlar, yəhudilər və digər konfessiyaların nümayəndələri əsrlər boyu
harmoniya, əmin-amanlıq və dostluq şəraitində birgə yaşayıblar. Biz doğrudan da
inanırıq ki, ölkələrimiz arasında tezliklə bağlana biləcək sülh müqaviləsi
nəinki dünyanın ən uzun və faciəli etnik münaqişələrindən birinə rəsmi olaraq
son qoyacaq, həmçinin ermənilərlə azərbaycanlılar arasında etimadın yaranmasına
xidmət edəcək və onların yaxşı qonşu və ola bilsin, bir gün hətta dost kimi
yaşamasına imkan verəcək.

Source link