Eldar Baxışın oğlu: “Atamı zəhərləyib öldürdülər” – MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“O dövr başqa dövr idi. İnsanlar bir sözə görə canları ilə cavab verirdilər”.
Bu sözləri aktyor Tural Baxışın Kult.az-a müsahibəsi zamanı deyib.
Müsahibəni təqdim edirik:
– Tural bəy, istedad irsən də keçə bilir. Aktyor olmaqdan əlavə Eldar Baxışın
oğlusunuz, şeir yazırsınızmı?
– Yox, indi yazmıram. Amma əvvəllər yazırdım.
– Niyə davam etmədiniz? Bəlkə atanız kimi yaxşı şair olacaqdınız?
– Hərdən olur ki, ağlıma şeirlər gəlir, amma davamını gətirmirəm. Məni daha
çox ssenari cəlb edir. Amma qızım artıq babasının yolunu davam edir. 15 yaşı
var, hekayələr yazmağa başlayıb. Siz demiş, irsəndir. Ümumən isə poeziya məni
cəlb etmir, maraq dairəm başqa sahəyədir. Şeir dünyası belədir ki, gərək daim
orada olasan.
– Çox adam sizin Eldar Baxışın oğlu olduğunuzu bilmir. Niyə gizlədirsiniz?
– Hə, düzdür. Açığı, gizlətmək üçün elə bir səbəbim yoxdur. Yəqin,
introvertəm, ondan irəli gəlir. Peşəmə baxanda qəribə səslənsə də, insanların
diqqətini cəlb etməyi xoşlamıram.
– Atanızla bağlı ən qalmaqallı məsələ onu kimlərinsə zəhərləməsidir. Siz bu
barədə nə düşünürsünüz?
– Qalmaqal deməzdim. Çünki o dövr başqa dövr idi. İnsanlar bir sözə görə
canları ilə cavab verirdilər. Rusiyadan gələn bir qrup həkim belə bir nəticəyə
gəlmişdi ki, atamın qanında süni preparat var. Biz hamımız düşünürdük, kimsə
atamla düşmənçilik etməz. Məgər ki, var imiş onu da sevməyənlər…
– Tural bəy, Eldar Baxışı 16 yaşınıza kimi görmüsünüz. Maraqlıdır, o sizi necə
görmək istəyərdi? Bəzən olur ki, sənət adamları övladlarının sənət adamı
olmağını istəmir. Atanızın sizə bu barədə təlqini var idimi?
– Açığı, atamın mənimlə həyat haqqında danışması elə də yadıma gəlmir. “Dürüst
ol və oxu” deyərdi. Onun yazı masası arxasında necə həvəslə işləməsi yadımdan
çıxmaz. Ədəbiyyata olan sevgisi mənə də təsir etdi. Yoxsa, təsəvvür eləmirəm
ki, necə olardı. Ölümündən sonra çox şey çətin idi. Fəhlə işlədiyim günlər də
oldu. Təkcə adı mənə motivasiya verirdi. Bütün uğurlarım məhz buna görədir.
– Onun zəhərlənmə məsələsinin üstünə düşmədiniz?
– Dediyim kimi, “Semaşko”da (indiki Kliniki Tibbi Mərkəz – red.) yatdığı
dövrdə Rusiyadan bir qrup həkim gəlmişdi. Nəticə o oldu ki, qanında süni
preparat var. Atamın bəzi dostları, ailəmiz çox narahatlıq keçirdi. Belə bir
şeyi heç cür qəbul edə bilmirdik. Bir müddət sonra atamı Mərkəzi Klinikaya
keçirdilər. 1-2 gün sonra yenidən müayinə edib dedilər ki, yeməkdən zəhərlənib.
Müəmma kimi qaldı məsələ. Heç kim qabağa düşüb bu məsələnin niyə belə baş
verməsini araşdırmadı. O vaxt atamın dostları təkid edirdilər ki, Eldarı başqa
ölkəyə aparın. Burada o sağ qalmacaq. Hər şey dumanlı qalıb yadımda.
– Bəs siz sonradan cəhd etdinizmi araşdırmağa? Ortada cinayət də ola bilər.
– Açığı, üstünə düşmədim, uşaq idim, tanıdığım adamlar bunun mənasız olduğunu
dedilər.
– “Apatiya” filmdəki rolunuza görə həm sevildiniz, həm də masturbasiya
səhnəsinə görə tənqid olundunuz. Narahat deyilsiniz ki?
– Qətiyyən narahat olmuram. Oynadığımız filmlər bizim həyat tərzimiz deyil,
peşəmizdir. Mənfi danışanlara qaldıqda isə tez bitir o söhbətlər. Belə də,
bəxtim onda gətirib ki, çox adam “Əhməd”in mən olduğumu bilmir. Şəhla xanıma
baxanda bəxtim daha çox gətirib.
– Xalq artistləri deyirlər ki, ümumiyyətlə, filmdə söyüş, açıq səhnələr olmaz.
Düz deyirlər?
– Məncə, müasirliklə mübarizə aparmaq çox mənasız bir şeydir. Əksinə, yaşlı və
daha təcrübəli nəsil həllyönümlü olmalıdır. Yəni əgər bir millətin mental,
dini, sosial dəyərlərinə sosial şəbəkələr, televiziya və sairə təsir edirsə,
demək ki, bir yolunu tapıb bu neqativ vəziyyəti aradan qaldırmağa köklənmək
lazımdır. Yoxsa söz sadəcə səsdir, əməli fəaliyyətə keçmək lazımdır. Bu
yoxdursa, oturub çaya baxan kimi sakit durmaq daha yaxşıdır. Çünki bu
məsləhətlər müasir insanın bir qulağından girib, o birindən çıxır (əslində, elə
həmişə belə olub). Məncə, ölkə olaraq müasirliyin, inkişafın nəbzini tutsaq,
daha yaxşı olar.
– Söyüş söymək, açıq-saçıq səhnələr müasirlikdirmi?
– Əlbəttə, söyüş söymək və ya söyməmək müasirlik sayıla bilməz. Amma biz
incəsənətdən (fərq etməz hansı növü), ədəbiyyatdan danışırıqsa, yeni, fərqli
fikirlər dəstəklənməlidir. Biz nəyə baxdığımızı, nəyi oxuduğumuzu, nə
etdiyimizi özümüz seçirik, nəyəsə məcbur etmirlər.
– Kitab oxumaqdan söz düşmüşkən, bəzən sənət adamları da oxumadıqlarına görə
gündəmə gəlirlər. Siz yəqin, atanızın yaratdığı vərdişlərə görə daim
oxuyarsınız. Yoxsa, sizin də vaxtınız yoxdur?
– Kitab oxumaq vərdişini, məncə, insan həyatının ən önəmli hissəsinə
çevirməlidir. Pul qazanıram deyə kitab oxumamaq bəhanədir. Çünki hər kitab bir
insan ömrünün, təcrübəsinin, həyata və məsələlərə baxışının nəticəsidir.
İllərlə bir insan vaxtını sərf edib yazdığı kitabda əlbəttə ki, insan və
insanlıq üçün faydalı nələrsə olur. Mən şəxsən daim oxuyuram.
– Tural bəy, belə başa düşürəm, “qırmızı xətti”niz də yoxdur. Məsələn, hansısa
rol var ki, çəkilmək istəyirsiniz, amma düşünürsünüz ki, ailəm baxır, ayıbdır…
– Belə “qırmızı xətti”m yoxdur. Sadəcə, ssenarinin yaxşı olmasına üstünlük
verirəm. Baxır hekayəyə. Məncə, bu problem təkcə bizdədir. Sağımızda, solumuzda
olanların heç birində aktyoru hansısa obrazı oynayıb-oynamasına görə qınamırlar.
– Kino sahəsində necə, narazılığınız varmı? Sənət adamları adətən, etirazçı
ruhda olurlar, amma siz sanki çəkilib qıraqda dayanmısınız…
– Narazı olduğumuz hər şey bizim özümüzdən asılıdır. Adətən, fikir vermişəm
ki, həmişə nümunə kimi bizə göstərilən adamlar bu sahənin belə geridə olmasının
birmənalı günahkarlarıdır. Ancaq danışmaq, boş və mənasız məsələləri müzakirə
etməklə məşğul olurlar. Bu iş isə kollektiv sənətdir. Ona görə də nəsə dəyərli
iş görmək üçün dedi-qodudan çox əməli fəaliyyətə keçmək lazımdır. Mənə o
söhbətlər ümumilikdə maraqsız görünür.
– Məsələn, Kino İttifaqı ilə bağlı dəyişiklər, ümumən kinoya ayrılan vəsait –
heç biri sizə maraqlı deyil?
– Vallah, dəfələrlə belə dəyişikliklər görmüşük, amma heç nəticə də verməyib.
İndi yenə ümid edirik nələrəsə. Gedişatda görürük ki, bu ölkənin öz iş üslubu
var, başa keçən şah olur, öz qanunlarını gətirir. O qanunlar da ancaq bəzi
fərdlərin xeyrinə işləyir, olan isə incəsənətə olur. Nələrinsə bir gün
düzələcəyinə ümid edirəm, amma əfsuslar olsun ki, inanmıram. Ümidvaram, mən
yanılaram və hər şey doğurdan da ümumən sənətin xeyrinə olar. İclaslar,
toplantılar, yığışmalar olur, hansı ki, orada başda oturanlar da
incəsənətimizin mövcud vəziyyətinə bais olmuş insanlardır. Ona görə deyirəm
danışmaq, kimlərisə müzakirə etməkdənsə, iş görmək lazımdır.