dbadfcca-c353-41ec-a341-493855850541..jpg

Eldar Həsənovun əmlakları müsadirə olunur – SİYAHI

Baxış sayı: 2. 030 dəfə baxılıb.

Eldar Həsənovun əmlakları müsadirə olunur – SİYAHI

Sabiq səfir Eldar Həsənovun əmlaklarının müsadirə olunması istənilib.

APA-nın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan
Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində çıxış edən dövlət
ittihamçısı Anar Nəsibov qeyd edib ki, Sabunçu rayonu, Nardaran qəsəbəsində
Eldar Həsənova məxsus bağ evi və torpaq sahəsi, Nəsimi rayonunda yerləşən
mənzil, Nərimanov rayonunda yerləşən mağaza, Abşeron rayonu Novxanı qəsəbəsində
yerləşən torpaq sahəsi, Xətai rayonunda yerləşən fərdi yaşayış evi, həmçinin,
Monteneqroda yerləşən mənzil müsadirə edilməlidir.

Cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Xarici İşlər Nazirliyinin
nümayəndəsi məhkəmədə çıxış edərək 18 milyon 500 min manatın ödənilməsini
istəyib.

Digər zərərçəkmiş qismində tanınmış Maliyyə Nazirliyinin nümayəndəsi də dəymiş
ziyanın tam ödənilməsini xahiş edib.

Qeyd edək ki, prokuror çıxışında təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin
külli miqdarda mənimsəmə (179.3.2), cinayət yolu ilə əldə edilmiş pul
vəsaitlərini və ya əmlakı leqallaşdırma (193-1.3.2), vəzifə səlahiyyətlərindən
sui-istifadə (308.2), dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə
etməmə (308-1.1) və vəzifə saxtakarlığı (313) maddələri ilə verilmiş
ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirildiyini diqqətə çatdırıb.

Dövlət ittihamçısı toplanmış kifayət qədər sübut və dəlilləri, həmçinin şahid
ifadələrini əsas gətirərək Eldar Həsənovun elan olunmuş maddələrlə təqsirli
bilinməsini və 11 il azadlıqdan məhrum edilməsini tələb edib.

Xatırladaq ki, aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan
Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və
Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi
2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 931 316
manat (16 893 868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların
alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə,
cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11 804 661 manat (11 156 716 avro)
məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan
məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi
vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan
mənafelərinə ağır nəticələrə səbəb olan 327 373 manat (180 728 avro) məbləğində
mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192 387
manat (101 761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı
şübhələr müəyyən edilib.

Buna görə Eldar Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2
(mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli
miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır
nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə
istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan
olunub.

Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları
barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.

Qeyd edək ki, Eldar Həsənov məhkəmədə dörd vəkillə müdafiə olunub. Sabiq səfir
məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyib.

Source link