e281f5a0-e574-40d6-a311-8aa9a8fa1b33..jpg

Elektrik qatarlarında tez-tez qeydə alınan texniki nasazlıqlar nə ilə əlaqədardır? – AÇIQLAMA + FOTO

Baxış sayı: 671 dəfə baxılıb.

Elektrik qatarlarında tez-tez qeydə alınan texniki nasazlıqlar nə ilə
əlaqədardır? – AÇIQLAMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son vaxtlar elektrik qatarlarında texniki nasazlıq səbəbindən gecikmələrlə
bağlı məlumatlar artıb. Sərnişinlər bu problem səbəbindən səhər saatlarında
daha çox iş yerlərinə, günün digər saatlarında isə gedəcəkləri ünvanlara gec
çatırlar. Bu isə haqlı narazılığa səbəb olur.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən gələn açıqlamalarda
isə problemə səbəb kimi texniki nasazlıq göstərilir.

Elektrik qatarları bir neçə ildir istifadəyə verildiyi üçün istismar
müddətinin başa çatma ehtimalı yoxdur.

Detallarda istehsal xətası var, yoxsa texniki nasazlıq nədir ki hər gün
qatarlarda gecikmələr yaşanır? Ümumiyyətlə Bu texniki nasazlıq nədir, özündə
hansı məqamları ehtiva edir?

Məsələ ilə bağlı Cixisyolu.com-ın sorğusunu “Azərbaycan Dəmir Yolları” QSC-nin
Mətbuat Xidmətinin rəhbəriSənubər Nəzərova cavablandırıb.

S.Nəzərova bildirib ki, ADY-nin sərnişin hərəkət vasitələri parkına
2015-2019-cu illər ərzində İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı
olan doqquz ədəd ikimərtəbəli, ikisistemli, dördvaqonlu elektrik qatarı qəbul
olunub:

“Qatarların gündəlik texniki baxışları və planlı təmirləri qrafik üzrə
texnoloji prosesə əsaslanaraq həyata keçirilir. Bu hərəkət vasitələri yeni
nəsil qatarlar olduğundan onlarda innovativ diaqnostika və təhlükəsizlik
sistemləri quraşdırılıb. Sözügedən sistemlər ozünü diaqnostika etmək imkanına
malik olmaqla bərabər, həmçinin mütəmadi olaraq əyləc, təhlükəsizlik, iqlim və
idarəetmə sistemlərini yoxlayaraq məlumatları mərkəzi diaqnostika displeyində
əks etdirir və texniki personalı xəbərdar edir. Bu məlumatlar əsasında yaranmış
nasazlıqlar aradan qaldırılır. Qatarlar texniki cəhətdən saz vəziyyətdə reysə
buraxılır. Əgər qatarda hər hansı texniki nasazlıq halı müəyyən edilərsə, həmin
qatarın reysə buraxılmasına qəti icazə verilmir.

Eyni zamanda ADY sərnişin və yüklərin təhlükəsiz daşımalarını təmin etmək üçün
mütəmadi olaraq dəmir yollarında diaqnostika qatarı ilə monitorinqlər aparır:
yolun, kontakt şəbəkəsinin, işarəvermə və rabitə qurğularının texniki
vəziyyətini yoxlayır. O cümlədən infrastrukturun saz vəziyyətdə saxlanılmasına
cavabdeh olan məsul işçilər tərəfindən sahələrdə qeydə alınmış nöqsanların
aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülür”.

Mətbuat katibi qatarların gecikmə məsələlərinin də bir növ kənar təsirlərdən
qaynaqlandığına diqqət çəkib:

“Qatarların gecikməsi və hərəkət qrafikindən kənara çıxması bir çox hallarda
kənar təsirlərdən qaynaqlanır. Belə ki, infrastrukturun saz vəziyyətdə istismar
olunmasına mane olan kənar təsirlər qatarların normal rejim üzrə hərəkətinə
çətinliklər yaradır. Əsasən də payız-qış fəsillərində hava şəraitinin kəskin
dəyişməsi nəticəsində (küləyin sürətinin artması, intensiv yağışların/qarın
yağması, zəlzələ və s. kimi hadisələr) hərəkətin təhlükəsizliyinin təmin
olunması, sərnişin və yüklərin mənzil başına təhlükəsiz çatdırılması üçün
qatarların sürət həddi müvəqqəti olaraq endirilir.

Bu kimi hallar zamanı qatarların idarə olunması ilə bağlı dəmir yollarının
müvafiq təlimatlarına əsasən lazımı addımlar atılır. Bununla yanaşı, bəzi
hallarda güclü külək zamanı məsul qurumlar tərəfindən elektrik enerjisinin
verilməsində yaranmış fasilələr və ya texniki nasazlıqlar, o cümlədən
kommunikasiya xətlərində baş vermiş qəza halları da qatarların hərəkət
qrafikindən çıxmasına səbəb olur.

Dəmir yolu infrastrukturuna və qatarlara edilmiş kənar müdaxilələr (oğurluq,
kənar əşyaların relslərin üzərinə qoyulması, nəqliyyat vasitələri və insanların
qəfil qatarın qarşısına çıxması və s.) də qatarların hərəkətinə çətinliklər
yaradır.

Bu il dəmir yollarında 55 oğurluq hadisəsi baş verib. 2022-ci ildə isə bu
rəqəm 98 olub. 2023-cü ildə 10 dəfə oğurluğa cəhd olunub. 2022-ci ildə isə bu
rəqəm 18 olub. Daxili İşlər Nazirliyinin (DİN) Dəmir Yolu Nəqliyyatında Polis
İdarəsi ilə birgə fəaliyyət nəticəsində bu kimi halların qarşısının alınması və
şübhəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində tədbirlər
görülür.

2023-cü ildə relslərin üzərinə kənar əşyaların qoyulması üzrə 23 fakt aşkar
olunub, 2022-ci ildə isə bu rəqəm 14 olub.

Qatarlara daş atılması ilə bağlı 2023-cü ildə 28 fakt (2022-ci ildə 11 fakt)
qeydə alınıb. Keçən il nəqliyyat vasitələrinin qatarın yoluna qəfil çıxması və
sürücülər tərəfindən yol hərəkəti qaydalarının ciddi pozulması nəticəsində 28
toqquşma hadisəsi baş verib, beş nəfər dünyasını dəyişib, 9 nəfər isə xəsarət
alıb. 2023-cü ildə insanların qatarların qarşısına qəfil çıxması nəticəsində 16
hadisə (2022-ci ildə 23 hadisə) qeydə alınıb. Baş vermiş hadisə nəticəsində
hesabat ilində 9 nəfər (bir il əvvəl 13 nəfər) həyatını itirib.

2023-cü ildə insanların qatarın yoluna qəfil çıxması nəticəsində maşinist
tərəfindən 19 dəfə təcili tormozlanma (2022-ci ildə 13 analoji hal) aparılıb.
Mal-qaranın qatarların qarşısına çıxması halları 2023-cü ildə ötən ilin eyni
dövrü ilə müqayisədə 15 fakt artıb, 39 fakt qeydə alınıb”.

Könül Cəfərli

Source link