Elektrikli avtobusların üstünlükləri nələrdir? – ARAŞDIRMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bakıda 100 yeni elektrikli avtobusun istismara verilməsi planlaşdırılır”.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü
Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Bakıda Biznes
mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təşkilatçılığı ilə keçirilən
“Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir
çağırışlar” mövzusunda konfransda bildirib.
Sədrin sözlərinə görə, Bakıda avtobus parkı yenilənəcək.
Bəs avtobus parkının elektriklə işləyən avtobuslara sürətli keçidini nə zaman
müşahidə edəcəyik? Ümumiyyətlə, bu, bizə maddi və ekoloji baxımdan nə verə
bilər?
“Kaspi”
qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Elektrikli avtobusların üstünlükləri nələrdir?
İnsanların daim təmasda olduğu nəqliyyat vasitələrinin ətraf mühitə vurduğu
zərər, ekologiyanı zəhərləyən qazlar həyat üçün ciddi təhlükə hesab olunur.
Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, karbon emissiyalarının 23
faizi nəqliyyat vasitələrindən qaynaqlanır. Bu zərəri azaltmaq üçün layihələr
həyata keçirilir, nəqliyyat sistemi ciddi dəyişikliklərə məruz qalır. Son
dövrlərdə emissiyaları azaltmaq və ictimai nəqliyyatın daha təmiz və səmərəli
formasını təmin etmək üçün elektriklə çalışan avtobuslar getdikcə
populyarlaşır. Bu avtobuslar şəhər və qəsəbələr üçün digərlərinə nisbətən daha
münasibdir. Hazırda da bir çox ölkə elektrik avtobus parklarına böyük sərmayə
qoyur. Çünki elektrikli avtobusların adi avtobuslarla müqayisədə ekoloji təmiz
hava keyfiyyəti və aşağı texniki xidmət xərcləri kimi bir çox üstünlükləri var.
Bundan əlavə, elektrikli avtobuslar həm sərnişinlər, həm də sürücülər üçün
qabaqcıl təhlükəsizlik xüsusiyyətləri təklif edir.
“Biz ölkə olaraq artıq buna hazırıq”
Yol-nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayev bildirib ki,
elektrik mühərriki ilə işləyən avtomobillər digərləri ilə müqayisədə 70-80 faiz
daha qənaətcil olurlar:
“Biz bunun vacibliyi ilə bağlı bir neçə platformada öz təkliflərimizi
vermişik. Artıq elektrikli mühərrik vasitəsinə keçməyin dövrüdür. Bu, hazırda
bizim ölkə üçün də real və kifayət qədər sərfəlidir. Emissiyaların, zəhərli
qazların atmosferə göndərilməsinin və səs çirkliliyinin qarşısını almaq üçün
hazırda mövcud avtobusların elektriklə işləyən avtobuslarla əvəzlənməsi olduqca
vacib və faydalıdır. Ən əsası, biz ölkə olaraq artıq buna hazırıq”.
Mütəxəssis vurğulayıb ki, yeni avtobusların alınması külli miqdarda vəsait
tələb etdiyi üçün bu, mərhələli şəkildə həyata keçiriləcək:
“Bakının Baş planında tramvay xətlərinin çəkilməsi nəzərdə tutulub. Hazırda
bütün dünya elektromobillər, elektrik mühərrikli avtobuslardan istifadəyə
keçir. Düzdür, trolleybus, tramvay şəbəkəsini genişləndirənlər də az deyil.
Amma mən metro xətlərinin inkişaf etdirilməsinin və sürətli şəkildə elektrikli
avtobuslara keçilməsinin tərəfdarıyam. Tramvay da elektriklə işləyir, amma
infrastrukturu yaratmaq, yenidən relsləri çəkmək, onu enerji ilə təmin etmək
asan proses deyil. Eyni zamanda bilirik ki, tramvay da hərəkət etdiyi zaman az
da olsa səs-küy yaradır. Bu səbəbdən elektrikli avtobusların alınması ilə bağlı
addımları alqışlayıram. Gələcəkdə yeni alınan avtobusların hamısı elektrik
mühərrikli olmalıdır”.
Sistem ictimai nəqliyyatda gediş haqqına necə təsir edəcək?
Elektrikli avtomobillərdən danışdıqda, onların ətraf mühitə verdiyi faydalarla
yanaşı, cibə də xüsusi faydasının olduğunu mütəxəssislər tez-tez vurğulayırlar.
Maraqlıdır, ictimai nəqliyyatın qənaətcil olması istifadəçilərin ciblərinə necə
təsir edəcək? Gedişhaqqı azala bilərmi?
Y.Mustafayev vurğulayıb ki, bu avtobusların alınması külli miqdarda vəsait
tələb edir. Yenisi alındıqca da, köhnə avtobuslar həmişə olduğu kimi bölgələrə,
rayonlara göndəriləcək:
“İlk olaraq Bakının infrastrukturu yenilənir. Yəni elektrikli avtobuslar ilk
olaraq kütləvi şəkildə Bakıda fəaliyyət göstərəcək. Amma yeni sistemdə tətbiq
olunacaq gediş haqqı ilə köhnə arasında ciddi fərq olacağını düşünmürəm.
Düzdür, elektrikli avtobusların istismarı sərfəlidir. Biri yanacaq yandırır,
digəri elektrik enerjisi ilə işləyir. Amma gediş haqqının aşağı salınmasından
söhbət gedə bilməz. Çünki getdikcə dünyada da, bizdə də inflyasiya baş verir.
Qiymətlərin aşağı düşməsinin şahidi olmamışıq, ictimai nəqliyyatda gediş haqqı
da bu qəbildəndir”.
Pilot layihə özünü doğruldub
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə bildirib ki, biz 2024-cü ili
Azərbaycanda nəqliyyat sektorunun elektrikləşmə ili kimi qəbul etməliyik:
“İctimai nəqliyyatda bu gün artıq iki pilot layihə həyata keçirilib və
dövriyyəyə iki elektrik mühərrikli avtobus buraxılıb. Onlar özlərini
doğruldublar. Düşünürəm ki, il ərzində xətlərdə 100-150 elektrik mühərrikli
avtobusun olması mümkündür və olacaq da”.
Mütəxəssis vurğulayıb ki, burada əsas məqsəd ekosistemin yaxşılaşdırılması,
əhalinin sağlamlığı və atmosferə buraxılan karbon qazının miqdarının
azaldılmasıdır. Digər əsas məqam isə bu sistemin iqtisadi cəhətdən də səmərəli
olmasıdır.
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli 73
nömrəli Qərarına əsasən, paytaxtda müntəzəm marşrut xətləri üzrə istismarda
olan avtobuslar sıxılmış təbii qaz (CNG) və elektrik mühərrikli nəqliyyat
vasitələri ilə əvəz edilməlidir. Qeyd edilib ki, Avropada təmiz, alternativ
yanacaqlı avtobusların genişmiqyaslı tətbiqini təşviq etmək üçün Təmiz Avtobus
Bəyannaməsi (BUS2025) imzalanıb. Belə ki, dünya yollarında hərəkət edən
avtobusların təqribən yarısının növbəti beş il ərzində tamamilə elektrik
mühərrikli avtobuslara keçidi planlaşdırılır.