aaa3af00-4e20-43ba-8680-fde29c8565c6..jpg

Elektromobillərlə bağlı YENİ QƏRAR: Azərbaycan gələcəyə “stavka” edir

Baxış sayı: 677 dəfə baxılıb.

Elektromobillərlə bağlı YENİ QƏRAR: Azərbaycan gələcəyə “stavka” edir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Baş naziri Əli Əsədov ölkədə elektromobillərdən istifadənin
təşviqi ilə bağlı qərar imzalayıb. Qərar Azərbaycan Respublikasının xarici
iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri
və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklikləri özündə ehtiva edir.

“Report” xəbər verir ki, qərara əsasən, mühərrikinin silindrlərinin işçi həcmi
50 sm3-dən çox olmayan porşenli daxiliyanma mühərrikli motosikllər və maksimal
sürəti 50 km/saatdan çox olan elektrik mühərrikli velosipedlər üçün 15 %
səviyyəsində idxal gömrük rüsumu tətbiq olunacaq.

Mayın 17-dən qüvvəyə minəcək bu qərar Azərbaycanda elektromobillərdən
istifadənin genişləndirilməsinə yönəlmiş daha geniş strategiyanın tərkib
hissəsidir. Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetinin dünənki iclasında
elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin və elektrik enerjisi
doldurma məntəqələrinin – EDM əhatə dairəsinin genişləndirilməsi, bu sahədə
zəruri infrastrukturun yaradılması, onların dayanıqlı elektrik enerjisi ilə
təchiz edilməsi tədbirlərinin görülməsi, habelə bu işlərə sahibkarlıq
subyektlərinin cəlb olunması məqsədilə normativ hüquqi aktların
təkmilləşdirilməsi və digər zəruri məsələlər barədə müzakirələr aparılıb.

Azərbaycan öz hədəflərində tək deyil. Dünyanın bir çox ölkələri elektrikli
avtomobillərdən istifadəni təşviq etmək üçün oxşar addımlar atır. Məsələn,
Norveçdə elektromobillər artıq satılan bütün yeni avtomobillərin yarıdan çoxunu
təşkil edir. Dünyanın ən böyük elektrikli avtomobil istehsalçısı olan Çin
elektromobil infrastrukturunun inkişafına milyardlarla dollar sərmayə qoyur.

Hökumətin görülən və görüləcək yeni tədbirləri, şübhəsiz ki, Azərbaycanda
elektromobil bazarının inkişafına töhfə verəcək. İndi sadəcə elektrikli
avtomobillərin benzin və dizellə işləyən avtomobilləri nə qədər tez əvəz edə
biləcəyini görmək üçün gözləmək qalır.

Dünyada olduğu kimi, Azərbaycanda da elektromobillərin satışına təsir edən
əsas amil enerji doldurma məntəqələrinin əlçatanlığıdır. Avtomobili enerji ilə
doldurmaq üçün imkan olmayacaqsa, elektromobilləri almağın mənası da olmayacaq.

Məlum olduğu kimi, hər on elektrikli avtomobilə bir enerji doldurma stansiyası
düşməlidir. Əhalisinin elektromobillərdən aktiv istifadə etdiyi ölkələrdə bu
normativə əməl olunur.

Hazırda ölkədə 4 minə yaxın elektromobil və cəmi 33 enerji doldurma məntəqəsi
fəaliyyət göstərir ki, onlar da əsasən Bakıda yerləşir. Buradan belə qənaətə
gəlirik ki, ölkədə enerji doldurma məntəqələrinin sayı 400-ü ötməlidir. İlin
sonuna qədər elektromobil parkının 8 min ədədə qədər arta biləcəyini nəzərə
alsaq, 800 stansiyaya ehtiyac olacaq.

Sürücülər üçün yanacaq əvəzinə elektrik enerjisindən istifadə etmək daha
sərfəlidir. Məsələn, bir avtomobili 220 voltluq rozetkadan doldurmaq benzinlə
müqayisədə beş dəfə ucuzdur. Kommersiya obyektlərində 1 kVt/saat 0,20-0,50
manata başa gələcək. Stansiya şəhərdən kənarda yerləşərsə, akkumlyatorun
doldurulması, ola bilsin, bir qədər baha başa gəlsin.

Məlum olduğu kimi, Azərbaycanda çoxlu günəş və külək ehtiyatları var ki,
onlardan elektrikli avtomobillərin enerji doldurma stansiyaları və digər
ehtiyaclar üçün elektrik enerjisi istehsal oluna bilər.

Hökumətin yeni tədbirləri, şübhəsiz ki, istixana qazı emissiyalarının
azaldılmasına, havanın keyfiyyətinin yaxşılaşdırılmasına və yeni iş yerlərinin
yaradılmasına kömək edəcək. Elektromobillər heç bir zərərli qaz buraxmır, bu da
atmosferdəki istixana qazı həcmlərini azaltmağa və iqlim dəyişikliyini
yumşaltmağa kömək edir. Bundan əlavə, elektromobillər bərpa olunan enerji
mənbələrindən (BOEM) əldə edilə bilən elektrik enerjisi ilə işləyir və bu,
qalıq yanacağın başqa məqsədlər üçün istifadəyə kömək edəcək.

Son illər Azərbaycan hökuməti BOEM infrastrukturunun, məsələn, günəş və külək
elektrik stansiyalarının inkişafına fəal sərmayələr yatırır.

Bundan əlavə, gələcəkdə hökumət elektromobilləri istehlakçılar üçün daha
əlçatan eləmək məqsədilə onların istehsalçılarına subsidiyalar verə və ya vergi
güzəştləri tətbiq edə bilər.

Ümumiyyətlə, Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirləri qalıq
yanacaqlardan daha az asılı olacaq daha dayanıqlı iqtisadiyyatın yaradılmasına
yönəlib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən il ölkəyə 386,3 milyon ABŞ
dolları dəyərində 14,1 minə yaxın hibrid avtomobil, o cümlədən 125,3 milyon ABŞ
dolları dəyərində 3,1 min ədəd elektromobil idxal edilib. Yəni 2023-cü ildə
Azərbaycana 2021-ci illə müqayisədə 19 dəfə çox elektromobil idxal edilib.

Source link