Elektron qolbağını qırıb keçmiş arvadının üzünə turşu atan şəxs ələ keçdi

Elektron qolbağını qırıb keçmiş arvadının üzünə turşu atan şəxs ələ keçdi

Baxış sayı: 2. 491 dəfə baxılıb.

Elektron qolbağını qırıb keçmiş arvadının üzünə turşu atan şəxs ələ keçdi

Qubada Bakının Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan operativ-axtarış tədbirləri nəticəsində keçmiş arvadının üzünə turşu atan şəxs saxlanılıb.

Bu barədə ÇıxışYolu.Com-a Binəqədi Rayon Polis İdarəsindən bildirilib.

1986-cı il təvəllüdlü Həsənov Adil Nüsrət oğlu ötən gün saxlanılıb.

Avqustun 16-da paytaxtın Binəqədi rayonunun Məhəmməd Əmin Rəsulzadə qəsəbəsi ərazisində A.Həsənov keçmiş həyat yoldaşı, 1992-ci il təvəllüdlü Məmmədova Naibəxanım Vaqif qızının üzünə turşu atıb. Qadının hər iki gözü kor olub.

Azərbaycan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə (qəsdən sağlamlığa yüngül zərər vurma) ev dustaqlığına məhkum edilən keçmiş ər övladlarını görməyə çalışıb, lakin qadın ona bu imkanı verməyib.

Onun ev dustaqlığına ayağına taxılmış qolbaq (qoyulan qadağa və məhdudiyyətlərə riayət olunması üçün) vasitəsilə nəzarət edilib.

Əldə edilmiş məlumata əsasən, cinayətkar ayağından qolbağı qoparıb və turşu əldə edərək, qisas niyyəti ilə keçmiş həyat yoldaşının yanına yollanıb. Cinayəti törətdikdən sonra hadisə yerindən uzaqlaşıb, zərərçəkən isə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin Probasiya Xidməti 2017-ci ildə Azərbaycanda cinayət-hüquq siyasətinin və qanunvericiliyin humanistləşdirilməsi çərçivəsində yaradılıb.

10 fevral 2017-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalanıb. Bu sərəncam əsasında Probasiya Xidməti yaradılıb.

Probasiya institutunun tətbiqi məhkumların cəza müəssisələrindən xaric islah edilməsi üçün şərait yaradır, cəmiyyətdən təcrid olunmadan mövcud sosial əlaqələri qorumağa imkan verir.

Azadlıqları məhdudlaşdırılmış şəxslər elektron qolbaq vasitəsilə nəzarətdə saxlanılır. Avropa ölkələrində elektron nəzarət vasitələrinin tətbiqi sahəsində keçirilən tədqiqatlar göstərir ki, barələrində bu vasitələrdən istifadə olunan məhkumların 91 faizi cəza şərtlərini pozmur, 94 faizi isə təkrar cinayət törətmirlər.