Əli Əliyev: “Azərbaycanda media sektorunun dəstəyə və müdafiəyə ehtiyacı var”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Yaşadığımız yüksək texnologiya dövrü bəşəriyyətin yaşayış tərzinə, habelə
iqtisadiyyatın bütün sahələrinə böyük keyfiyyət dəyişiklikləri gətirib. Bu
dəyişikliklər media sektorunun bir hissəsi olan televiziya yayımından da yan
keçməyib. İlk baxışdan rəqəmsal iqtisadiyyatın mühüm sahələrindən olan,
ölkədəki ümumi iqtisadi vəziyyətə müsbət təsir göstərməklə qeyri-neft
sektorunun inkişafına təkan verəcək, dövlət büdcəsinə töhfə verəcək media
sektorunun sürətlə inkişafına yol açan sehrli açar məhz burada gizlidir. Amma
necə deyərlər, ən gözəl işin içində qanqaraldıcı məqamlar da var. Bizdə də
yüksək texnologiyalar media sektorunda mövcud olan xoşagəlməzlikləri ortaya
çıxaran “lakmus kağızı” oldu”.
Bunu Cixisyolu.com-a açıqlamasında “İKT bazarı iştirakçıları” İctimai Birliyinin
ekspertiƏli Əliyev bildirib.
O qeyd edib ki, televiziya kanalları piratçılıqdan gileylənsələr də qanunsuz
xəbər istehlakına qarşı mübarizədə məğlubiyyətə düçar olurlar:
“Məsələ orasındadır ki, texnologiyaların yeni səviyyəyə çıxması, bununla da
ölkənin inkişafını sürətləndirmək baxımından mühüm əhəmiyyətə malik media
sektorunun keyfiyyətcə dəyişməsi bir sıra zəruri şərtlərə bağlıdır. Bunlar
arasında media iqtisadiyyatının əsasını təşkil edən keyfiyyətli məzmun – xəbər
məsələsi mühüm yer tutur. Yəqin ki, buradakı qarşılıqlı bağlantıların izahına
xüsusi ehtiyac qalmır. Beləliklə, məzmun-xəbər yaradıcılığı mərhələsində
qanunsuz fəaliyyət göstərən bir qisim OTT (Over the Top) platformaları amili
önə çıxır. Üstəlik də həmin yaradıcılıq mərhələsindən sonra gələn xəbərlərin
şəkilləndirilməsi, satışı və istehlakı mərhələləri də eynilə qanunsuzluq
girdabına yuvarlanmaqla ölkəni mühüm ziyana uğradır.
Bütün bu təhlükələri gözəl dərk edən televiziya kanalları əvvəlki kimi çarə
olaraq rəsmi OTT platformlarından bəhrələnməyi görür və eyni zamanda
piratçılıqdan gileylənirlər. Amma qanunsuz xəbərlər istehlakına qarşı
mübarizədə bazar əfsus ki, məğlubiyyətə düçar olur.
Əvvəla, bu cür xoşagəlməz meyllərin son statistik rəqəmlərdə də əyani əks
olduğunu qeyd etməliyik.
“Televiziya tamaşaları bazarının son araşdırmalarına (MARSA, Orion) görə,
Azərbaycan əhalisinin 76 faizi peyk yayımının tamaşaçısı, 15 faizi kabel
televiziyası, 4 faizi İPTV abunəçisi, 3 faizi də yerüstü rəqəmsal yayım
tamaşaçısıdır. Və bütün bu tamaşaçı kütləsinin 18 faizi teleefirə qanunsuz OTT
platformaları üzərindən baxır. Yəni tamaşaçıların beşdəbirinə yaxını qanunsuz
video kontentə tamaşa edir”.
Onun fikrincə, peyk yayımı tamaşaçılarının böyük hissəsi bölgələrdə milli və
Türkiyə kanalları tamaşaçılarının payına düşür:
“Ölkə ərazisinin 70 faizindən çoxunu əhatə edən yerüstü yayım vasitəsilə isə
yalnız yerli kanalların yayımı həyata keçirilir.
Kabel televiziyaları əsasən böyük şəhərlərdə fəaliyyət göstərir və rusdilli
kanalların da yayımını həyata keçirdikləri üçün abunəçilərinin əksəriyyəti,
ölkə əhalisinin 18 faizinə yaxınını təşkil edən rusdilli əhali nümayəndələridir.
İPTV xidmətləri bir neçə yerli operatorlar tərəfindən göstərilir və bu
xidmətlərin daha geniş yayılması məhz piratçılıq platformlarının intişar
tapması ilə əngəllənir. Yəni bazarın müəyyən bir hissəsini ağuşuna alan
qanunsuz platformalar vətəndaşlarımızın keyfiyyətli yayıma çıxmasına mane
olmaqla ölkə yayımçılarının və dövlətin büdcəsinə ziyan vurur”.
Ekspert həmçinin qanunsuz fəaliyyət göstərən OTT platformaların ödənişsiz
əsasla daha çox sayda xarici telekanalların yayımını həyata keçirməklə tamaşaçı
sayını artırdıqlarını da qeyd edib:
“Bu növ siqnal qəbulu ödənişli televiziya bazarının inkişafını əngəlləyir. Bu
məsələ idman kanal paketlərinə abunələrin də sayına olduqca mənfi təsir
göstərib. Məsələn, Türkiyənin futbol superliqası “beIN Sports” kanalları
tərəfindən eksklüziv olaraq yayımlandığı üçün Azərbaycanda 10 ildən artıqdır
abunə şəbəkəsini genişləndirməyə çalışan “Digitürk” nümayəndəliyi fəaliyyətinə
xitam verib. Həmçinin idman kanallarını eksklüziv yayımlayan qanuni OTT
platforması olan “Setanta Sports” da eyni çətinliklərlə üzləşərək son dörd il
ərzində Azərbaycanda üç dəfə satış üzrə tərəfdaş nümayəndə dəyişib. Bu misallar
əyani olduğu üçün qanunsuz OTT platformaların tətik rolunu necə oynaya
bildiyini daha dərindən anlatmaq üçün ölkənin bütün media sektoruna şamil edilə
bilər.
Qanunsuz OTT platformalarının istifadəçilərinin çoxalması bir çox reklam
satıcıları üçün əlverişli şərait yaradır. Yəni bu gün ölkədə qanuni lisenziya
əldə etməyən xarici bukmeyker internet platformaları öz reklamlarını əslində
nəzarətsiz-filansız yaya bilirlər. Bunun nəticəsində biz hər mənada, o cümlədən
vətəndaşlarımızın maliyyə itkilərinə düçar olması baxımdan açıq-aşkar zərər
çəkirik”.
“Əslinə qalsa, bu cür qanunsuz teleyayımlarla hər birimiz rastlaşırıq. Yeri
gəlmişkən, bu cür nəzarətsiz reklamçılıq fəaliyyəti həm də siyasi təbliğat
imkanlarının ortaya çıxması deməkdir. Artıq Rusiya və Ukrayna istifadəçiləri bu
təhlükə ilə əyani üzləşiblər.
Qəribə vəziyyət yaranıb. İqtisadi və siyasi təhdidlər ortada ikən internet və
İKT sahəsində piratçılığa qarşı mübarizəyə məsul olan dövlət qurumları əllərini
ağdan qaraya vurmağa tələsmirlər. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
yanında Elektron Təhlükəsizlik Xidməti, başqa aidiyyəti qurumlar həmin qanunsuz
yayımları məhkəməyə verməli və onlarla ciddi mübarizə aparmalıdır.
Bildiyimiz kimi, qanunsuz tətbiq yüklənmiş cihazların satış məkanlarına
dəfələrlə reydlər də keçirilib. Amma görünür, piratlara qarşı görülən tədbirlər
kiçik cərimədən o yana getmir. Hər halda satıcıların sayı nəinki azalmır,
əksinə, sosial şəbəkələrdə də kütləvi təbliğat hesabına daha da artıb”, – deyə
Əli Əliyev əlavə edib.
Mövcud vəziyyətin yaxın illərdə ölkə media sektoruna nə kimi təsir göstərə
biləcəyi barədə danışan ekspert qeyd edib ki, bu kimi hallar gələcəkdə
xoşagəlməz halların baş verməsinə əlverişli zəmin yaradır:
“Azərbaycanda rəsmi fəaliyyət göstərən telekanallardakı reklam bazarı həcminin
2022-ci ildəki 42 milyon manatdan 2024-2025-ci illərdə 30 milyon manatadək,
yəni 28,6 faiz geriləyəcəyi birmənalıdır. Üstəlik ödənişli televiziya
bazarındakı bu xoşagəlməz vəziyyət açıq fəaliyyət göstərən operatorları da
əslində piratçılığa keçməyə sövq edir. Yəni deyə bilərlər ki, bu cür əlavə
qazanc imkanını niyə əldən verək? Hələlik belə hallar yoxdur, amma gələcəkdə
hansısa operatorun xarab işlərini düzəltmək naminə bu yola əl atmayacağına kim
zəmanət verə bilər?
Yeri gəlmişkən, dövlət qurumlarının əlində bu məsələdə təsirli təzyiq və
nəzarət vasitələri mövcud deyil. Kağız üzərində hər cür tədbirlər nəzərdə
tutulub, amma əslində elektron media sektorunun qanuni iştirakçılarını qorumaq,
qanunsuz fəaliyyətlərin qarşısını almaq istiqamətində dövlət qurumlarının
səmərəli fəaliyyəti gözə dəymir.
Ayrı-ayrı piratçılıq halları yerli piratçı platformlarının inkişafına rəvac
verir. Çünki lisenziyasız fəaliyyət göstərən hüquqi və fiziki şəxslər qanuni
fəaliyyət göstərənlərlə rəsmi müqavilə imzalamır, rəsmi qeydiyyatdan keçmir və
beləliklə də büdcəyə vergi ödəmirlər. Artıq qanuni, o cümlədən əcnəbi OTT
servislərin “müstəqil”, yəni piratçı yayım təşkil etməklə rəsmi lisenziyadan
yayınmaları halları da var. Təbii ki, yerli kartlardan piratların xarici
hesablarına ödənişdən müxtəlif “ödəniş kvest”ləri vasitəsilə yayınmaq üsulları
da işlək hala gətirilib.
Gördüyümüz kimi, piratçı platformların fəaliyyəti Azərbaycanda media
sektorunun inkişafına əngəl törətməklə yanaşı onun çökməsinə belə gətirib
çıxara bilər. Bunun qarşısını almaq üçün səmərəli dövlət nəzarətinə ehtiyac
var”.