64ad971e-9924-4528-991f-9d81638e4198.jpg

Əli Əsədov Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları ilə görüşlər keçirib

Baxış sayı: 114 dəfə baxılıb.

Noyabrın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov COP29
çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında Bakıda
keçirilən Dini Liderlərin Qlobal Sammitində iştirak edən Türk Dövlətləri
Təşkilatına üzv və müşahidəçi dövlətlərin, Rusiya Federasiyasının və Misir Ərəb
Respublikasının dini rəhbərlərindən ibarət nümayəndə heyətləri, həmçinin
BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos və
Vatikan Dinlərarası dialoq Dikasteriyasının Şərq kilsələri üzrə prefekti
kardinal Klaudio Qucerotti ilə ayrı-ayrı görüşlər keçirib.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən Cixisyolu.com-a verilən xəbərə görə,
görüşlərdə Dini Liderlərin Qlobal Sammitinin keçirilməsinin əhəmiyyəti
vurğulanıb.

Yaşıl gündəliyin təşviqində dinlərarası dialoqun, milli-mədəni dəyərlərin və
multikulturalizm ənənələrinin rolunun inkişaf etdirilməsinin, iqlim dəyişikliyi
ilə mübarizədə dinlərin və inancların potensialından daha səmərəli istifadə
edilməsinin vacibliyi qeyd olunub.

Bildirilib ki, tarixən mədəniyyətlərin qovuşduğu məkan olan və zəngin
tolerantlıq ənənələrinə malik Azərbaycan dinlərarası dialoqun inkişafına böyük
önəm verir və onun təşviqinə sadiqdir.

Vurğulanıb ki, əsrlər boyu Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin
təmsilçiləri dinc şəraitdə, bir ailə kimi yaşayıblar.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din
münasibətləri barədə məlumat verən Ə.Əsədov bu siyasətin bu gün müasir dövrün
çağırışları nəzərə alınmaqla Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev
tərəfindən uğurla davam etdirildiyini bildirib.

Vurğulayıb ki, dövlət başçısı tərəfindən multikulturalizmin Azərbaycanın
dövlət siyasəti və həyat tərzi olduğu bəyan edilib.

Cari ilin may ayında Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun
keçirildiyi xatırlanaraq “Bakı Prosesi”nin tərkib hissəsi olan bu tədbirin
dünya miqyasında mədəniyyətlərarası dialoqun müzakirəsinə həsr olunan mühüm
beynəlxalq platforma kimi qəbul edildiyi diqqətə çatdırılıb.

Azərbaycanda müxtəlif din və inanclara aid məbədlərin mövcud olduğu, onların
dövlət tərəfindən qorunduğu, mütəmadi olaraq əsaslı təmir edildiyi və ya
yenidən tikildiyi bildirilib.

O cümlədən ölkəmizin işğaldan azad edilmiş ərazilərində çoxlu sayda
mədəni-tarixi və dini abidələrin yerləşdiyi vurğulanıb, 30 illik işğal dövründə
bu abidələrin Ermənistan tərəfindən dağıdıldığı və talan edildiyi qeyd edilib.
Bildirilib ki, bu ərazilərdə bütün şəhər və kəndlər yerlə-yeksan edilib, o
cümlədən fəaliyyət göstərən 67 məsciddən 65-i dağıdılıb.

Həmçinin bu gün Qarabağ və Şərqi Zəngəzurda icra olunan “Böyük Qayıdış”
proqramı barədə məlumat verilib, məhv edilmiş irsin bərpası istiqamətində mühüm
işlərin görüldüyü vurğulanıb.

İşğal dövründə Azərbaycan xalqına qarşı təcavüzkar siyasət yürüdən, xalqımızın
tarixi, mədəni və dini irsini məhv edən Ermənistandan fərqli olaraq,
Azərbaycanın tolerantlığı, başqa dinlərə və mədəniyyətlərə hörməti həyat
tərzinə çevirdiyi diqqətə çatdırılıb.

Görüşlərdə dini liderlər arasında əməkdaşlığın həyata keçirilməsinin önəmi
qeyd edilib, dünyamızın daha yaşıl gələcəyə doğru inamla irəliləməsi üçün din
xadimlərinin öz dəstəyini əsirgəməyəcəyinə ümidvarlıq ifadə olunub.

Source link